Aprel şəhidi məhkəməyə verildi - YENİLƏNİB

Aprel şəhidi məhkəməyə verildi - YENİLƏNİB

22-06-2017 16:22 / Bu xəbər 1401 dəfə oxundu

 
Bir qədər əvvəl "Para" BOKT ASC-nin Aprel şəhidi Xaliq Əzizzadəni kreditə görə məhkəməyə verməsi ilə bağlı xəbər yaymışdıq.
 
Xəbərdə bildirilirdi ki, şəhidin adına Xətai Rayon Məhkəməsi tərəfindən bildiriş gəlib və o, borcu ödəmədiyinə görə məhkəməyə çağırılıb.

Məsələ ilə bağlı deputat Qənirə Paşayeva status yazaraq narahatlığını ifadə etmişdi. Bu xəbərin üstündən çox keçmədən millət vəkili "Qafqazinfo" ilə əlaqə saxlayıb və artıq problemin həll edildiyini bildirib.

O qeyd edib ki, hazırda şəhidin ailəsi ilə bərabər bankdadır:

"Bankın rəhbərliyi ilə görüşdük. Bank borcu öz üzərinə götürdü və hazırda bununla bağlı sənədlər hazırlanır. Hardasa 100 min manata yaxın borcdan söhbət gedir".

Deputat bildirib ki, məsələ Birinci Vitse-Prezident Mehriban Əliyevanın da reaksiyasına səbəb olub:

"Məsələ Mehriban xanımın diqqətindədir. Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov da şəhidin anası ilə danışdı və onların problemləri ilə maraqlandı. Artıq problem arxada qaldı”.

Şəhid ailəsinin krediti dollarla olub. Bildirilir ki, onlar devalvasiyadan əvvəl evlərini girov qoyaraq bankdan 50 min dollar götürüblər.

 
***
 
"Para" BOKT ASC Aprel şəhidi Xaliq Əzizzadəni məhkəməyə verib.

"Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı millət vəkili Qənirə Paşayeva sosial şəbəkədə paylaşıb.

Deputat bildirib ki, Xətai rayon məhkəməsində qaldırılan iddia əsasında şəhid cavabdeh qismində məhkəməyə çağırılıb: "Bir saatdır, şəhid anasının həyacandan, əsəbdən, üzüntüdən gözyaşları dayanmır. Çünki o şəhid övladının bir müddət əvvəl fəaliyyətdə olan "Para Bank"dan götürdüyü pul üzündən məhkəməyə verilib və yaşadığı evi itirmək üzrədir. Doğrudanmı bankın Xaliq Əzizzadənin şəhid olması barədə xəbəri yoxdur ki, onu cavabdeh qismində məhkəməyə çağırtdırır? Bunun bir ana üçün nə qədər böyük bir ağrı olduğunun fərqində olmaq bu qədərmi çətindir?”