Avropa Parlamentdən Qubad İbadoğlu ilə bağlı çağırış

Avropa Parlamentdən Qubad İbadoğlu ilə bağlı çağırış

15-03-2024 17:27 / Bu xəbər 836 dəfə oxundu

Avropa Parlamentinin deputatları həbsdə olan Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri iqtisadçı Qubad İbadoğlunun və digər siyasi məhbusların azad edilməsinə çağırıblar.

Parlamentin İtaliyadan olan deputatı Fabio Massimo Kastaldo deyib: "Məşhur iqtisadçı və müxalifət lideri Qubad İbadoğlu Azərbaycanda saxta ittihamlarla həbs edilən və qeyri-insani rəftara məruz qalan 200-dən çox siyasi məhbusdan biridir. Aİ parlamentarları olaraq onun və bütün azərbaycanlı siyasi məhbusların azad edilməsini tələb edirik”.

Avropa Parlamenti ötən il sentyabrın 14-də qəbul etdiyi qətnaməsində Qubad İbadoğlunun dərhal azad edilməsinə çağırıb, ona qarşı ittihamların uydurma və siyasi motivli olduğunu vurğulayıb. 

Qətnamədə Avropa İttifaqı institutları və üzv ölkələr Azərbaycanla münasibətlərdə insan hüquqları məsələsinin qaldırılmasına, siyasi məhbusların azad edilməsinin əməkdaşlıq üçün şərt qoyulmasına, insan hüquqlarını pozan məmurlara sanksiya tətbiq edilməsinə çağırılıb.

Ötən ilin iyulunda həbs edilən Qubad İbadoğlunun martın 14-də Bakı Apellyasiya Məhkəməsində ev dustaqlığına buraxılması ilə bağlı Nərimanov Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin edilməyib.

Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. 

İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri, Avropa İttifaqı, ATƏT İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.