Avropa Şurası komissarı: "Elçin Sadıqov və Əvəz Zeynallı dərhal azad edilməlidir"

Avropa Şurası komissarı:

13-09-2022 16:03 / Bu xəbər 1019 dəfə oxundu

Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Dunya Miyatoviç vəkil Elçin Sadiqov və jurnalist Əvəz Zeynallının həbsi ilə bağlı bəyanat verib. 

"Ötən şənbə günü Bakıda hüquq müdafiəçisi Elçin Sadıqov və onun müvəkkili, jurnalist Əvəz Zeynallının həbsi Azərbaycanda vətəndaş cəmiyyəti fəallarının və müstəqil media işçilərinin üzləşdiyi düşmən mühiti bir daha nümayiş etdirir. Cənab Sadıqov tanınmış hüquq müdafiəçisi və uzun illər Azərbaycanda onlarla fəalı, müstəqil jurnalisti və müxalifət xadimini cəsarətlə müdafiə edən Ofisimin tərəfdaşıdır. Təəssüf ki, o, Azərbaycanda bir çox digər fəallar kimi qanuni insan haqları fəaliyyətinə görə davamlı təhdid və təqiblərə məruz qalıb. Öz növbəsində, cənab Zeynallı müstəqil jurnalist kimi tanınır, o da əvvəllər tənqidi mövqelərinə görə hədə-qorxu və məhkəmə təqiblərinə məruz qalıb", - deyə Miyatoviçin açıqlamasında bildirilir. 

Onun sözlərinə görə, E. Sadıqov və Ə. Zeynallı barədə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı bir gecəlik məhkəmə prosesi Avropa insan haqları standartlarına uyğunluqla bağlı ciddi suallar yaradır. 

"Məhkəmə bağlı qapılar arxasında və əsas prosessual təminatların olmadığı şəraitdə keçirilib, bu da onların təqibinin və həbsinin etibarlılığına şübhələri gücləndirir. Cənab Sadıqovun həbsi onun iş yerlərində aparılan axtarışlardan və hüquqi peşəkar imtiyazla qorunmalı olan məxfi məlumatların ələ keçirilməsindən sonra baş verib. Bu faktlar Azərbaycanda insan haqları vəkillərinə və müdafiəçilərinə və Azərbaycanda uzun müddətdir narahatlıq doğuran məsələ olan ifadə azadlığına, o cümlədən media azadlığına soyuq təsirini daha da gücləndirir", - Miyatoviç qeyd edib. 

Avropalı komissar Azərbaycan hökumətini E. Sadıqovu və Ə. Zeynallını dərhal azad etməyə və onların hüquq və azadlıqlarına hörməti tam təmin etməyə çağırıb. 

O, bəyan edib ki, Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələriin və müstəqil jurnalistlərin təhdid və təqiblərinə dərhal son qoyulmalıdır. 

"Hakimiyyət orqanlarının vəzifəsi hüquq müdafiəçilərinin və media mütəxəssislərinin öz işlərini təhlükəsiz və sərbəst şəkildə yerinə yetirmələrini təmin etməkdir, - deyə o sonda vurğulayıb. 

Jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov sentyabrın 10-dan 11-nə keçən gecə saxlanılıblar. 

Ə. Zeynallı "Baku Steel Company"-nin sabiq rəhbəri, həbs olunmuş iş adamı Rasim Məmmədovun ailəsindən hədə-qorxu yoluyla rüşvət almaqdan, Elçin Sadıqov isə buna vasitəçi olmaqda təqsirləndirilir.

İttihamlara "Haqqın.az" saytının baş redaktoru Eynulla Fətullayevin iddiaları səbəb olub.

Baş prokurorluq əməkdaşlarının Zeynallı və Sadıqovun evlərində apardığı axtarış əməliyyatları nəticəsində əşyalar və sənədlər müsadirə edilib. 

Binəqədi Rayon Məhkəməsinin hakimi Fərid Əmirəliyevin qərarı ilə hər iki şəxs barədə 4 aylıq həbs qəti imkan tədbiri seçilib.