Bakı Metropoliteni mitinqə görə bəzi metrostansiyaları bağlayır

Bakı Metropoliteni mitinqə görə bəzi metrostansiyaları bağlayır

19-10-2019 13:15 / Bu xəbər 3670 dəfə oxundu

Bakı Metropoliteni Milli Şuranın Bakının mərkəzində keçirməyi panlaşdırdığı icazəsiz aksiyaya görə "28 May", Cəfər Cabbarlı, Xətai metro stansiyalarını bir neçə saat bağlayacaq.

"Bakı Metropoliteni" QSC-dən BBC News Azərbaycancaya bildirilib ki, bu addımı "strateji əhəmiyyətli və kütləvi nəqliyyat infrastrukturunun fəaliyyətinin iflic olmaması, eləcə də bu nəqliyyat vasitələrindən istifadə edən vətəndaşların hüquqlarının qorunması" məqsədilə atır.

"Bakı metropoliteninin "28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının oktyabrın 19-da saat 13:00-dan fəaliyyətinin müvəqqəti dayandırılması qərara alınıb", - qurum bildirir.

Bakı metropoliteni onu da vurğulayıb ki, qurumun "mühafizə zonalarında qanunsuz aksiya keçirilməsinə çağırışlar edən şəxslər, yaxud belə hüquqazidd aksiyaların təşkilatçıları haqqında qanunvericilikdə nəzərdə tutulmuş sərt tədbirlərin görülməsi barədə aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət olunacaq".

Milli Şura şənbə günü Bakının mərkəzində keçirmək istədiyi mitinqi təxirə salmayıb, bunu AXCP sədri Əli Kərimli öz rəsmi Facebook hesabında yazıb.

Yerli mediada məlumat yayılıb ki, AXCP sədri Əli Kərimli şəhərin mərkəzdə planlaşdırdığı mitinqlə bağlı qərarın ləğv edildiyi ilə bağlı Facebook hesabında məlumat yayıb.

Baş Prokurorluğun əməkdaşı BBC News Azərbaycancanın əməkdaşı da daxil olan email qrupuna mitinqin təxirə salınması ilə bağlı yerli mediada dərc edilən yazıların linkini göndərib.

Lakin AXCP sədri Əli Kərimli öz rəsmi Facebook hesabında bildirib ki, onun adından yayılan bu xəbərlər "doğru deyil".

O, "qərarımız qüvvəsindədir, mitinq təxirə salınmayıb", - deyə yazıb.

Şənbə günü bir qrup müxalif qüvvəni təmsil edən Milli Şura Bakının mərkəzində etiraz aksiyası keçirməyi planlaşdırır.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın Bakının mərkəzində yox, mərkəzdən təxminən 20 km-dən çox uzaqda yerləşən Lökbatan qəsəbəsində mitinq keçirməsinə razılaşıb.

Ancaq Milli Şura bununla razılaşmayaraq mitinqi şəhərin mərkəzində keçirməyə qərar verib.

Daxili İşlər Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiyanın "Sərbəst toplaşmaq azadlığı haqqında" qanununun tələblərinə zidd sayaraq bildirib ki, "hüquq-mühafizə orqanları tərəfindən qanunsuz əməllərin qarşısı qətiyyətlə alınacaq".

Milli Şura vurğulayıb ki, onlar şəhərin mərkəzində dinc aksiya keçirəcəklər və Əli Kərimli sosila media hesabında aksiyaya qoşulmaq istəyənləri polislə qarşıdurmadan çəkinməyə çağırıb.

Oktyabrın 8-də uzun müddətdən sonra ilk dəfə Bakının mərkəzində Milli Şuranın piketi baş tutub. Piketin keçirilməsinə BŞİH icazə vermişdi.

Milli Şura sonuncu mitinqini bu il yanvarın 19-da keçirib və ondan sonra uzun müddət onun növbəti aksiyalarına icazə verilməyib.

BŞİH Milli Şuranın bundan əvvəlki mitinqlə bağlı müraciətinə də müsbət cavab verərək aksiyanın Lökbatan qəsəbəsində keçirilməsini məqsədəmüvafiq saymış, amma müxalifət funksionerləri bununla da razılaşmamışdı.