Baş nazir: "Ərzaq inflyasiyası 60 faiz təşkil edir"

Baş nazir:

15-03-2022 14:10 / Bu xəbər 728 dəfə oxundu

"Azad olunmuş torpaqlarda 100 min hektar ərazidə əkin işləri aparılacaq”

"2021-ci ildə inflyasiyaya xarici amillərin təsiri çoxalıb. Ümumi inflyasiyanın 60 faizi ərzaq inflyasiyasının payına düşür”.

Bunu Baş nazir Əli Əsədov martın 15-də Milli Məclisin plenar iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı zamanı səsləndirib.

Əli Əsədovun sözlərinə görə, məzənnə sabitliyi inflyasiya idxalına azaldıcı təsir göstərib.

"Antiinflyasiya siyasəti xüsusi aktualdır və hökumətin siyasətinin mühüm hissələrindən biridir. 2021-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq 455 milyon manat sərf edilib ki, ərzaq təhlükəsizliyi təmin edilsin”, – Əsədov belə deyib.

"Keçən il xarici dövlət borcu 8,7 faiz azalıb"

Baş nazir Azərbaycanın valyuta ehtiyatlarının xarici dövlət borcunu 7 dəfə üstələdiyini vurğulayıb: "2020-ci illə müqayisədə xarici dövlət borcu 8,7 faiz azalıb. Ötən il dövlət borcunun idarə olunması, şəffaflığın artırılması, ictimaiyyətin büdcə prosesində iştirakının genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb”.

O, keçən il Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən əlillərə və şəhidlərin ailələrinə 3 mindən çox mənzilin verildiyini qeyd edib.

"İdxaldan asılılığın azaldılmasına nail olmalıyıq”

Əli Əsədov 2022-2026-cı illərdə sosial iqtisadi inkişaf strategiyasına əsasən, hökumətin qarşısında bir sıra tapşırıqların olduğunu bildirib:

"Dayanıqlı iqtisadiyyat, xərclərin optimallaşdırılması və qənaət rejimində istifadəsi, antiinhisar siyasətinin, həmçinin daxili bazarda qiymətə nəzarətin gücləndirilməsi, qlobal bazarda ərzaq bahalaşmasının ölkəyə təsirinin azaldılması və ərzaq təhlükəsizliyinin təmini, rəqabətli insan kapitalı və vətəndaşların sağlam həyat tərzinin təmin olunması bu vəzifələr sırasındadır. Eyni zamanda, kənd təsərrüfatı məhsullarının istehsalını artırmalı, idxaldan asılılığın azaldılmasına nail olmalıyıq. Bunun üçün biz aqrar sektorun inkişafında əsaslı dönüş yaratmalıyıq. Kənd təsərrüfatı bizim üçün həm iqtisadi, həm sosial, həm də təhlükəsizlik məsələsidir”.

Baş nazir II Qarabağ savaşında 11 rayon və şəhərdə dəymiş ziyanın aradan qaldırılmasına 124 milyon manatdan çox vəsaitin xərcləndiyini deyib: "13 295 obyektin 96,5 faizi bərpa olunub. 3,5 faizi isə aprelin sonuna kimi bərpa olunacaq”.

"Bu il də azad olunmuş ərazilərə 2,2 milyard manat vəsait xərclənəcək"

Əli Əsədov həmçinin ötən il işğaldan azad olunmuş ərazilərin 20 min hektarından çoxunun minalardan təmizləndiyini bildirib: "Bu il minalardan təmizlənən ərazilərin sahəsi 2 dəfə artırılacaq və 40 min hektar ərazi minalardan təmizlənəcək. Dövlət başçısının tapşırığına uyğun olaraq azad olunmuş torpaqlarda 100 min hektar ərazidə əkin işləri aparılacaq”.

Əli Əsədovun sözlərinə görə, keçən il azad olunmuş ərazilərin bərpası və yenidən qurulması üçün büdcədən ayrılan 2,2 milyard manat vəsait tam icra olunub: "Bu il də eyni miqdarda vəsait nəzərdə tutulub”.

Baş nazir Ukrayna hadisələrin nəqliyyat-logistika, qiymət artımı, idxal olunan məhsullar və müxtəlif qadağalarla bağlı problemlər yaratdığını da deyib: "Bunun nəticəsi olaraq ölkəmizdə əsas ərzaq məhsullar üzrə lazımi həcmlərdə ehtiyatlar yaradılıb və əlavə təchizatla bağlı təxirəsalınmaz tədbirlər görülməkdədir”.

FAO xəbərdarlıq edib

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Rusiya və Ukrayna arasında davam edən müharibənin kənd təsərrüfatı məhsulları bazarına təsiri ilə bağlı xəbərdarlıq edib.

Təşkilatın hesabatında qeyd edilib ki, ilkin qiymətləndirməyə görə 2022-2023 mövsümündə Ukraynada taxıl, qarğıdalı və günəbaxan becərilməsi üçün istifadə edilən sahələrin 20-30 faizi əkilib-biçilməyəcək. 

Hesabatda göstərilib ki, Rusiya və Ukrayna dünya arpa tədarükünün 19 faizini, buğdanın 14 faizini, qarğıdalının 4 faizini təmin edir.

Ukraynadakı müharibə ilə əlaqədar olaraq yaranacaq tədarük kəsiri səbəbilə beynəlxalq qida və yem qiymətlərinin 8-20 faiz arasında arta biləcəyini vurğulayan təşkilat, bunun dünyada qidalanmayan insanların sayını artıracağına diqqət çəkib.