Binədəki yolsuz qəsəbə

Binədəki yolsuz qəsəbə

10-12-2020 15:55 / Bu xəbər 484 dəfə oxundu

İllərdir döymədiyimiz qapı, şikayət etmədiyimiz qurum qalmayıb

Xəzər rayonu, Binə qəsəbəsi, Binə sovxozu adlandırılan yaşayış massivinin sakinləri yolların bərbadlığından gileylidir.

Onların sözlərinə görə, minlərlə evin yerləşdiyi qəsəbədə yol infrastrukturu yoxdur. Sakinlər payız-qış aylarında dizə qədər çıxan palçıqdan, çirkli gölməçələrdən əziyyət çəkirlər.

Sakinlərdən Əli Məmmədov bildirib ki, məhəllələrarası avtobus işləmir, yağışlı havalarda maşınla da gedib-gələ bilmirlər. Hər gün kilometrlərlə palçıqlı, kələ-kötür yolu getmək məcburiyyətindədirlər:

"Baxın, bu ərazidə - Mehriban qardaşlar küçəsində yüzlərlə ev var"
Mənbə: Meydan TV

"Baxın, bu ərazidə - Mehriban qardaşlar küçəsində yüzlərlə ev var. Doğrudur, evlərin çoxu sənədsizdir, çünki əksəriyyət kasıblardır. Bir-iki otaqlı ev tikib yaşayırıq. Dəfələrlə yolların təmir edilməsi üçün müraciət etmişik, amma nəticəsi olmayıb. Artıq yaxın illərdə də düzələcəyinə ümidimizi üzmüşük”.

Sakinlər onu da bildiriblər ki, problem yolun palçıqlı, gölməçəli olması ilə yekunlaşmır. Məhəllələrdə zibil qutuları olmadığından tullantılar yol qırağına atılır. Çirkab qarışıq su məhəlləyə, oradan da evlərə dolur:

"Məhəllələrdə zibil qutuları olmadığından tullantılar yol qırağına atılır".
Mənbə: Meydan TV

"Leysan yağışlar yağanda su həyətlərə dolur, nasoslarla çəkirik. İllərdir döymədiyimiz qapı, şikayət etmədiyimiz qurum qalmayıb. İndi də koronavirus pandemiyasını, müharibəni səbəb gətirirlər. Guya ki, bunlar olmasaydı, yollar düzəldiləcəkdi”.

Qəsəbə sakini olan Elman Məmmədov iki övladını İkinci Qarabağ Müharibəsində itirib. Sakinlər qəsəbəyə onların adının verilməsini təklif edirlər:

"Artıq yaxın illərdə də düzələcəyinə ümidimizi üzmüşük"
Mənbə: Meydan TV

"Amma yolların vəziyyətinə baxanda düşünürsən ki, bu qəsəbəyə şəhidin adını vermək olarmı? İllərdir qarış-qarış asfalt örtüyü çəksəydilər, problem həll olunardı”.

Xəzər Rayon İcra Hakimiyyətindən bildiriblər ki, Binə sovxozundakı evlərin tam əksəriyyəti qanunsuz tikilib. Son vaxtlar tikintinin qarşısı alınsa da, artıq böyük məhəllə yaranıb:

"Yolların təmiri mərhələli şəkildə həyata keçirilir, həmin ərazi də gec-tez təmir olunacaq, asfalt örtüyü çəkiləcək”.

Binə bələdiyyəsindən isə sakinlərin şikayətlərinə münasibət bildirilməyib.

Onların sözlərinə görə, minlərlə evin yerləşdiyi qəsəbədə yol infrastrukturu yoxdur.
Mənbə: Meydan TV

Xəzər Rayon İcra Hakimiyyətindən bildiriblər ki, Binə sovxozundakı evlərin tam əksəriyyəti qanunsuz tikilib.
Mənbə: Meydan TV