“Biz sizinlə yaxın gələcəkdə təkrar görüşəcəyik” - Xasay Fərzulla

“Biz sizinlə yaxın gələcəkdə təkrar görüşəcəyik” - Xasay Fərzulla

29-10-2015 23:55 / Bu xəbər 1273 dəfə oxundu

Müsavat Partiyasının hakimiyyətin seçki saxtakarlığına, insan haqlarına qarşı qanuna zidd əməllərinə etiraz olaraq iştirakını dayandırmaq qərarından sonra partiyanın namizədləri dairələrə ərizə ilə müraciət edərək namizədlikdən imtina edirlər. Müsavat Partiyasının 71 saylı Masallı kənd seçki dairəsindən deputatlığa namizədi Xasay Fərzulla DSK-ya imtina ərizəsini təqdim etdikdən sonra öz "facebook" səhifəsində seçicilərinə müraciət ünvanlayıb. 
 


Həmin müraciətin tam mətnini oxucularımıza təqdim edirik:
 
 
"Hörmətli bacı və qardaşlarım, Dəyərli seçicilərim! Sizləri salamlayıram. 

 Bildiyiniz kimi 01 noyabr 2015-ci il tarixdə keçiriləcək Milli Məclisə seçkilərdə Müsavat Partiyasının namizədi olaraq 71 saylı Masallı kənd seçki dairəsindən namizədliyim qeydə alınmışdı. Seçki prosesinin təbliğat dövründə sizlərlə çoxsaylı görüşlər keçirdim, bir-birimizi dinlədik, özümün və Müsavat Partiyasının mövqeyini sizlərə çatdırdım, illərdir hakimiyyət tərəfindən seçkilərin saxtalaşdırılması səbəbinidən yaranmış inamsızlığı dağıtmağa çalışdım. 

Bu günə qədər sizlərin münasibətindən və dəstəyinizdən razı qaldım. Lakin hakimiyyətin seçki qanunlarına əməl etməməsi, yaradılan süni maneələr, azad seçki üçün normal şəraitin yaradılmaması səbəbindən Müsavat Partiyası seçkilərdə iştirakını dayandıraraq seçkilərdən rəsmən imtina etdi. Bunu əsas götürərək mən də Partiyanın üzvü olduğum üçün namizədliyimi geri götürmək haqqında qərar verdim.    

Bizlər hesab edirik ki, bu gün seçki mühiti yoxdur və onun yaradılması üçün hakimiyyət nəinki çalışmır, hətta bunu yaratmaq istəyənlərə maneələr və müxtəlif psixoloji təzyiqlər göstərir. Namizədlərə bərabər şəraitin olmaması, son 24 ildə ilk dəfə pulsuz efir vaxtının ləğv olunması, siyasi məhbus probleminin həll olunmaması, mənim təyin etdiyim məşvərətçilərin səlahiyyətlərinin qanunsuz olaraq ləğv edilməsi, yerli icra orqanlarının birbaşa və dolayısıyla seçki prosesinə müdaxiləsi seçkilərin hakimiyyət namizədinin xeyrinə saxtalaşdırlacağına tam əminlik yaradır. Müsavat Partiyası belə anti-demokratik seçkinin dayandırılmasını, 4 aydan sonra təkrar seçkilərin keçirilməsini tələb edir. 
      
O üzdən mən sizlərin seçkidə iştirak edərək gözlənilən növbəti seçki saxtakarlığını həyatınızda bir daha yaşamağınızı istəmirəm və Müsavat Partiyasının haqlı tələblərini müdafiə edərək hakimiyyətdən demokratik seçki keçirməyi tələb etməyə çağırıram. 

Bu günə qədər göstərdiyiniz dəstəyə görə hər birinizə minnətdarlığımı bildirirəm. Mənə sizin vəkiliniz olmaq, sizin dəstəyinizi istəmək şərəfdir. Biz müsavatçılar daim sizlərin qeyri-rəsmi vəkiliniz olaraq haqlının yanında, haqsızın qarşısında olduq və bundan sonra da olacağıq. Mübarizə davam edir. 

İnşallah, biz sizinlə yaxın gələcəkdə təkrar görüşəcəyik. 

Tanrı bizləri haqsızlığa qarşı mübarizə yolumuzdan sapdırmasın. Son nəfəsimizə qədər ləyaqətli mübarizə yolu tək amalımızdır.

Tanrı Sizləri qorusun! 

Tanrı Azərbaycanı qorusun! 

Hörmətlə, Sizlərdən biri - Xasay Fərzulla. 

Arqument.Az