Blinken Əliyevi hərbi qüvvələri sərhəddən çəkməyə çağırır
19-09-2022 13:15 / Bu xəbər 1879 dəfə oxundu
ABŞ Dövlət katibi son əməliyyatların dayandırılmasını alqışlayıb
ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevi atəşkəsə əməl etməyə, hərbi qüvvələri çıxarmağa, Ermənistanla Azərbaycan arasında bütün mübahisələri məsələləri sülh danışıqları ilə həll etməyə çağırıb.
ABŞ Dövlət Departamentinin yaydığı məlumata görə, Blinken Əliyevlə sentyabrın 18-də danışıb və Ermənistanla Azərbaycan arasında son əməliyyatların dayandırılmasını alqışlayıb.
Azərbaycan prezidentinin mətbuat xidməti də bununla bağlı məlumat yayıb.
Həmin məlumatda deyilir ki, danışıq zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən sülh müqaviləsi üzrə danışıqlar, nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Hazırda ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin başçılıq etdiyi nümayəndə heyəti Ermənistanda səfərdədir.
O, Yerevanda çıxışı zamanı: "Biz Azərbaycanın Ermənistana qanunsuz sərhəd hücumlarını kəskin şəkildə pisləyirik”, – deyib.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti isə sentyabrın 18-də məlumat yayaraq Nensi Pelosinin açıqlamalarını "bölgədəki vəziyyəti təhrif edən açıqlama” kimi təqdim edib və bundan təəssüfləndiyini bildirib.
Nazirlik Nensi Pelosini "ermənipərəst siyasətçi” adlandırıb: "Azərbaycana qarşı əsasız və ədalətsiz ittihamları "qəbuledilməzdir” .
Nazirlik sentyabr 12-dən 13-nə keçən gecə delimitasiya olunmamış şərti sərhəddə baş verən insidenti Ermənistanın Azərbaycana qarşı törətdiyi genişmiqyaslı hərbi təxribat hesab edir və bütün məsuliyyətin Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayır.
"Bu kimi birtərfli addımlar və verilən əsassız açıqlamalar regionda kövrək sülhün gücləndirilməsinə deyil, əksinə gərginliyin artmasına xidmət edir”, – XİN bəyanatında qeyd edir.