Canavar

Canavar

21-01-2022 11:59 / Bu xəbər 1530 dəfə oxundu

Ənnağı Hacıbəyli 

Mistik obraz olan Canavar reallıqların təcəssümüdür. 

Toplumu əsarətdə saxlayan canavarlardan daha insansevər, hətta humanist sayıla biləcək heyvanın təbiətində caqqallıq, tülkülük yoxdur. 

O, yaxşılığı duyur, qiymətləndirir, yaxşılığa yaxşılıqla cavab verir. 

Sovet cəmiyyətinin canavarları isə mahiyyətcə tülkü-caqqal təbiətlidir, yırtıcıdır, goreşəndir. Onlar sərvət, karyera hərisləridir. 

Canavar kimi üz-üzə dursalar da, çaqqallıq edirlər, bir-birinin ovunu qamarlamağa, var-dövlət, daha varlı yaşayış, daha yüksək vəzifə üçün bir-birinin qanını içməyə hazırdırlar. 

Təbiətin canavarı daha safdır, doğaldır, sortunu, genini, zatını, dədə-baba gələnəyini qoruyub saxlayandır. 

Toplumun canavarları buqələmundur, hər cür şəraitə uyğunlaşan, zatına xəyanət edən, bütün qutsallıqları maddiyyata, karyeraya uf demədən qurban verənlərdir. 

Belədə meşənin təbiiliyi, saflığı bəzəkli kabinetlərin antipodudur, əksidir, inkarıdır. Bəzən adamın cəmiyyətdən küsüb hardasa ucqarda, insanlardan uzaqda, lap elə meşədə bir komada ömrünü başa vurmaq istəyi bu inkardan qaynaqlanır. Saf insanların təbiəti ancaq saf təbiətdə rahatlıq tapa bilər. 

Duruluq çirkab götürməz.

Əsmər-Heseyn münasibətlərinin təsviri mükəmməldir, safdır, təsirlidir, doğal duyğuların özüdür. Bu təsvirlərdə təbiilik, yazıçı ustalığı var. Tam tərsinə, siyasi əhvalatların, partiya-sovet idarəçiliyinin təsvirində publisistika bədiiliyi üstələyir. 

Bunun ən azı iki səbəbi var: birinci, hadisələrin mahiyyəti publisistikdir, ikinci, müəllif yazıçıdan çox publisistdir. Hər bir halda əsər Azərbaycanın sovet dövrünün dolğun və dəqiq təsviridir. 

Aşağı-yuxarı, bu gün də davam etməkdə olan bu keçmişi, yəqin ki, kimsə belə sistemli və güzəştsiz təsvir etməyib. 

Bəşər tarixinin ən simasız, riyakar dönəmlərindən biridir sovetlər dövrü. 

Bərabərlik şüarlarının altındakı qeyri-bərabərlik, həyasız bəyanatların arxasında gizlənən iyrənc gerçəklər sovetlərin qıpqırmızı dekorasiyaları idi. 

"Hər şey xalq üçün” idi, zəhmətkeşlər isə şüarlarla yemlənir, kommunizm xülyası ilə yaşayırdılar. Partnomenklaturanın cənnət həyat tərzini təmin edən zəhmətkeşlərin tarlalarda və türmələrdə çürüdülən canı hesabına xariqələr yaradılırdı.  
 
Bu, hər yerdə belə idi – Meysəridə də, Azadkənddə də, Lerikdə də, Naxçıvanda da... Qırmızı bayraq hərisliyi ölkəni bürümüşdü. Bayraq təkcə insan qanından qızarmamışdı, bu qırmızıda yalanın, onu deyənlərin sifətindən qəhətə çıxmış rəngin də payı var idi. 

Saxta bayraqlar təbii rənglə boyanmır. Onun rəngi də doğal yox, bədrəng olur. Bu rəngdə min bir fəlakətin, rəzalətin çaları var. Diqqətlə baxsan, orada sındırılmış talelərin rənglərini görə bilərsən. Sadəcə, fəhm və istək yetər. Bunun üçün heç dərin təfəkkürə də ehtiyac yoxdur. Düzdür, onu adi gözlə görmək asan deyil, ona gərək vicdanın gözü ilə baxasan. Varsa...

Bu kitab bu günün əsəri deyil. Bu gün bu kitab yaxın keçmişin sadəcə mükəmməl təsviridir. Özəlliklə orta və yuxarı yaşlı adamlar üçün bu təsvirlər bəsit, hətta mənasız görünə bilər. İndiki gənclik və gələcək üçün bu kitab tarixdir, ibrət götürüləsi və inkar ediləsi yaşayış, siyasət, həyat tərzidir. 

Bu həyatı yaşayanlar üçün bu kitabın dəyəri daha çox onun ədəbi dəyərindədir. Zəngin dil, orijinal ifadə və bənzətmələr, dərin və səmimi təsvirlər, özəlliklə kənd adamlarının, təbiətin güzgü kimi əksi əsərin real görüntüləridir. 

Bu təsvirlərin alt qatlarında gizlədilməyən, oxucunu çətinə salmayan, amma ürpərdən həyat həqiqətləri var. Bu gün də yaşayan, artıq həyatda olmayan və haqqını almadan dünyadan köçmüş minlərin-milyonların çaqqal təbiətli canavarlara yem olmuş həqiqətləri. Bu əsər o insanların bu gün də narahat olan ruhlarına təsəlli elegiyasıdır. Bu gün də pozulmaqda, yeyilməkdə olan haqların öləziyən, çırpınan ruhlarına təsəlli ola bilməyəcək elegiya üverturası.

Bu kitab təkcə keçmişdən danışan əsər deyil. Şərab mafiyasının cinayətlərinə etiraz etmiş Altayın aldığı güllə yarası Tərtər qurbanlarının işgəncələrində hələ də qan verir, Tofiq Yaqublunun gözlərini qaraldır, türmələrdə siyasi dustaqlara çevrilir. 

Ölkənin sərvətləri hələ də şimala, qərbə peşkəş edilir, bir ovuc adamın haram səltənəti milyonların bir tikə çörək arzusu üzərində bərqərar olur. 

Postsosializm Marksın canavar kapitalizminə rəhmət oxutdurur...

Çaqqallaşmış canavarlara süləngi deyirlər...  

Bu roman "Son dərviş”dən zamanca irəli, ədəbi dəyərinə görə yerində sayan əsərdir. Bu aralığı doldurmaq gərəkir. 

Müəllifə uğurlar.