Propaqandadan qorunmaq olarmı?

Propaqandadan qorunmaq olarmı?

29-03-2022 14:08 / Bu xəbər 7069 dəfə oxundu

Amsterdam Universitetinin Sosial Elmlər fakültəsinin dosenti Anna Fenko qeyd edir ki, əgər insan artıq propaqandadan zəhərlənibsə, onu praktiki olaraq, xilas etmək mümkün deyil —  bunu çoxlu sayda psixoloji eksperimentlər sübut edib.[i]

Son həftələrdə Avropanın mərkəzində baş verən böyük faciədən — insanların həlak olmasından, evlərin, xəstəxanaların, uşaq bağçalarının dağılmasından, həftələrlə zirzəmilərdə susuz və soyuqda qalan dinc sakinlərdən, milyonlarla qaçqının qonşu ölkələrə üz tutmasından əlavə, biz həm də bir çox lokal ailə faciələrinin şahidi olduq.  Cəbhə xəttinin bir tərəfində yaşayan kəs cəbhə xəttinin əks tərəfində yaşayan öz yaxın ailə üzvünə şəxsən məruz qaldığı bombardman haqqında danışanda belə həmsöhbətində inam yarada bilmir, ona inanmırlar. Belə bir şey necə mümkün olur? Propaqanda Homo sapiensin beynini zəhərləməyin öhdəsindən necə gəlir? Bu mərəz necə işləyir və yaxınlarımızı ondan necə qoruya bilərik?

Propaqandaya qarşı peyvənd

Sosial psixologiya və kommunikasiya nəzəriyyəsi çoxdan bu suala cavab axtarır və propaqandadan qorunmaq üçün bizi xəstəliklərdən qoruyan peyvəndlər kimi təsirli müdafiə vasitəsi hazırlamaq üzərində işləyir. Propaqandaya qarşı mübarizənin populyar metodlarından biri elə belə də, yəni peyvəndlənmə adlanır.

Gəlin, sizə onun necə işləməsi haqqında bir nümunə gətirim. ABŞ-da konspirologiyaya inananlar var ki, 11 sentyabr 2001-ci il terror hücumlarını Amerika hökuməti və xüsusi xidmət orqanlarının təşkil etdiyini düşünürlər. 2006-cı ildə amerikalıların 36%-i belə bir qəsdi mümkün hesab edirdilər. Dilan Ayveri adında belə konspirologiyaya inanan şəxslərdən biri isə öz ev kompüterində Loose Change adlı propaqanda filmi düzəldir ki, burada hadisə haqqında öz fərziyyələrini nümayiş etdirir. Film çox istedadlı, emosional və qorxulu səviyyədə inandırıcı idi. İki ay ərzində filmə dörd milyondan çox adam baxmışdı və o, ilk şəbəkə blokbasteri kimi tanınmışdı.

Oklahoma Universitetinin iki professoru­ – Con Banas və Qreqori Miller bir eksperiment keçirirlər ki, tələbələri rasional arqumentlərin k­­öməyi ilə propaqandanın təsirindən qorumağın mümkünlüyünü yoxlasınlar. Əvvəl eksperimentin bütün iştirakçılarından (onların ümumi sayı üç yüzdən çox idi) soruşurlar ki, onlar 11 Sentyabr terroru barədə konspiroloji nəzəriyyələrə nə dərəcədə inanırlar. Məlum olur ki, tələbələr içərisində bu barədə konspiroloji nəzəriyyəyə inananların sayı ümumən ölkə üzrə rəqəmlərdən fərqlənmir və 37%-dir. Sonra isə ixtiyari olaraq tələbələri üç qrupa bölürlər. Birinci qrupa yuxarıda adı çəkilən filmin 40 dəqiqəlik versiyasını göstərirlər (Loose Change: Final Cut), ikinci və üçüncü qrupları isə əvvəl peyvənd edirlər.

Peyvəndin iki variantı var idi — faktlarla, yaxud məntiqlə immunlaşdırma

Faktlarla immunlaşdırma filmin iddialarına əks olan faktları sadalayan kiçik mətn idi. Məsələn, filmdə bəzi "şahidlər” deyirlər ki, təyyarənin Dünya Ticarət Mərkəzinin binalarından birinə çırpılmasından əvvəl partlayış səsləri eşidiblər. Buradan da belə nəticə çıxarılır ki, bombalar binaya əvvəldən yerləşdirilib. Tələbələrə verilən mətn isə bu iddianı təkzib edən faktlara diqqət çəkirdi. Məsələn, yazılırdı ki, bomba partlayışının səsi o qədər gurultulu olur ki, onu sadəcə bir-iki etibarsız şahid deyil, Bronksdan Brayton Biçə qədər bütün Nyu-York əhalisi eşitməli idi.

Məntiqlə immunlaşdırma isə tamaşaçıları konspirologiya tərəfdarlarının iddialarını məntiqlə dəyərləndirməyə çağırırdı. Məsələn, əgər bu boyda bir qəsd planı hazırlanıbsa, onun həyata keçirilməsinə yalnız sifarişçilər və birbaşa icraçılar deyil, xeyli sayda digər adamlar — dövlət və bələdiyyə işçiləri, yanğınsöndürənlər, həkimlər, jurnalistlər cəlb olunmalı idi. Bu qədər adamın bildiyi sirri saxlamaq olduqca çətin məsələdir. Niyə bu barədə indiyə kimi onlardan heç kim bir söz deməyib? Bu hadisədə sadəcə olaraq heç bir konspiroloji planın olmadığına inanmaq daha məntiqli olmazmı?

Nəticələr göstərirdi ki, 40 dəqiqəlik propaqanda filminə baxış konspirologiyaya inananların sayını 37%-dən 50%-ə qaldırır. Faktlarla peyvənd olunanlar arasında konspirologiyaya inananların sayı 25%-ə, məntiqlə peyvənd olunanlar arasında isə 31%-ə düşür. Beləliklə, faktlarla peyvəndləmə məntiqlə peyvəndləmədən daha effektiv olur. Müəlliflərin fikrincə, bu ona görə belə olur ki, insanlara faktların doğruluğunu dəyərləndirmək arqumentlərin məntiqi ardıcıllığını dəyərləndirməkdən daha asandır.

Peyvənd dərman deyil

Bu o deməkdirmi ki, xərəkdə Mariupolun dağılmış doğum evindən çıxarılan yaralı hamilə qadının şəkli Rusiya vətəndaşlarını onların adından, insanların həlak olduğu müharibənin aparıldığına daha tez inandırmalıdır, nəinki Ukrayna prezidentinin yəhudi olması, ona görə də onun heç cür Ukrayna nasisti ola bilməməsi haqqında iddia? Əslində fərq eləmir, çünki peyvəndlənmə virusun yoluxmasından əvvəl olmalıdır.

Son 20 ildə propaqandaya qarşı mübarizənin effektivliyi ilə əlaqədar 40-dan çox tədqiqat aparılıb. Onların təxminən yarısında eyni arqumentlərin propaqandaya məruz qalandan əvvəlki və sonrakı dövrlərdə təsiri müqayisə olunub. Çoxlu tədqiqatlar peyvəndlənmənin effektivliyini, yəni rasional arqumentlərin propaqanda təsirinə məruz qalmaqdan əvvəlki dövrdə əhəmiyyətini sübut edib. Bu tədqiqatların heç biri propaqanda təsirinə məruz qalandan sonra mövqelərin dəyişməsini təsdiq etməyib. Yəni propaqanda ilə zəhərlənmiş adamın fikrini dəyişdirmək mümkün deyil.

Əgər bir 40 dəqiqəlik film konspiroloji versiyaya inanan amerikalıların sayını 37%-dən 50%-ə qaldıra bilirsə, görün onillər boyu davam edən total televiziya propaqandası nələrə qadirdir? İnformasiyanı illərlə həmin televizordan alan adamlar onların dünya haqqında təsəvvürlərinin əksinə olan faktlara sadəcə olaraq inanmaq qabiliyyətinə malik deyillər, hətta bu faktlar onların yaxınları tərəfindən deyilirsə belə. Son dövrlər üzə çıxan, Putin propaqandasına inanan  dostlarınızın və valideynlərinizin fikrini necə dəyişdirə biləcəyiniz barədə təlimatlar, təəssüf ki, daha çox onların həqiqətləri dərk etməsi ilə deyil, dostlar və valideynlərlə münasibətlərin korlanması ilə nəticələnə bilər.

Faktlar və məntiq vasitəsilə propaqandadan qorunmaq yalnız əvvəldən, yəni propaqanda təsirinə məruz qalmamışdan öncə bunu etməklə mümkündür. Məntiqi düşünməni və faktlara tənqidi yanaşmanı uşaqlara öyrətməklə onları qoruya bilərik. Valideynlərin fikrini dəyişdirmək isə praktiki olaraq, qeyri-mümkündür.

Peyvənddən peyvənd olunma  

Bəs onda Rusiyada internetə çıxışın məhdudlaşdırılmasına və müstəqil medianın qadağan olunmasına qədər televiziyalara baxmayan, məlumatlarını müstəqil mənbələrdən alan insanların davranışını nə ilə izah etmək mümkündür? Bəlkə onlar Rusiya propaqandasının təsiri altına düşməyiblər? Əslində isə belə deyil axı.

Burada metaimmunizasiya adlanan daha bir mexanizm işə düşür. Yuxarıda haqqında danışdığımız, propaqanda filminə baxan, amma əvvəldən bu barədə xəbərdarlıq edildiyindən ona inanmayan Amerika tələbələrini yada salaq. Bu eksperimentin davamı var ki, orada artıq üç deyil, beş tələbə qrupu iştirak edir. İlk üç qrupa birinci eksperimentdəki kimi tapşırıq verilir, yəni birinci qrup konspiroloji propaqanda filminə baxır, ikinci qrup baxmamışdan qabaq faktlarla, üçüncü isə məntiqlə peyvənd olunur.

Yeni eksperimentə daha iki qrup əlavə olunur. Bu yeni qruplar yuxarıdakı ikinci və üçüncü qrupla eyni tapşırığı alırlar, yəni konspiroloji propaqanda filminə baxmamışdan əvvəl ya faktlarla, ya məntiqlə peyvənd olunurlar. Lakin eksperiment başlamamışdan əvvəl onlara təxminən belə bir şey deyirlər: "Sizin fikirlərinizə təsir etmək istəyən adamlar var, indi siz reallıq haqqında təsəvvürlərinizi dəyişdirmək məqsədi güdən bir filmə baxacaqsınız. Ancaq bundan əvvəl eyni məqsədi güdən, amma filmlə əks mövqedə olan mətn oxuyacaqsınız. Sizin tapşırığınız hər iki tərəfin mövqeyinə qulaq asıb, öz qərarınızı qəbul etməkdir.”

Bu iki qrupa daxil olan tələbələr propaqanda filminə, yoxsa onu inkar edən faktlara və məntiqi mülahizələrə inanacaqlar? İlk baxışda belə görünə bilər ki, tələbələr beyinlərini işə salmalıdırlar– axı təcrübə aparanlar onlardan məhz bunu istəyirlər! — və propaqanda təsiri qarşısında daha dayanıqlı olmalıdırlar. Əslində isə hər şey tərsinədir.

İkiqat immunizasiyaya məruz qalan tələbələr propaqanda filminin təsiri qarşısında daha acizdirlər, nəinki yalnız bir dəfə peyvəndlənənlər. Əgər bir dəfə peyvəndlənənlər arasında konspirologiyaya inananların sayı aşağı düşmüşdüsə, ikiqat peyvəndlənənlər arasında konspirologiyaya inananların sayı ilə hələ eksperiment başlamamışdan onun bütün iştirakçılarının içində konspiroloji versiyaya inananların sayı arasında fərq olmamışdı, yəni 37% səviyyəsində qalmışdı.

Metaimmunizasiya necə işləyir? Onun insan qarşısında qoyduğu vəzifə sadəcə müəyyən mövqenin "lehinə” və "əleyhinə” olan arqumentləri müqayisə etmək deyil, həm də bu fərqli mövqeləri müdafiə edənlərin motivlərini dəyərləndirməkdir. Bu məsələ ona görə həllolunmazdır ki, insanlar ümumiyyətlə başqalarının hərəkətlərinin motivləri barədə həqiqi informasiyaya malik deyillər. Həllolunmaz məsələ isə həddən artıq koqnitiv yüklənmə yaradır: insanlar arqumentlərin və əks-arqumentlərin içində çaşıb qalır, fikri toparlamaq çətin olur, onlara elə gəlməyə başlayır ki, hər iki tərəf faktlar və arqumentlərlə manipulyasiya edərək, onları öz tərəfinə çəkmək istəyir. Koqnitiv yüklənmə şəraitində sanki beyindəki cərəyanı kəsən açar avtomatik işə düşür və intellekti söndürür.  İnsanlar ağıllı arqumentləri eşitməkdən vaz keçir, məntiq və faktlara biganə olur. Rasional nəzarətin olmadığı şəraitdə isə insan  primitiv emosional stimullara avtomatik reaksiyalarla idarə olunur.

Amerika tələbələri misalında belə emosional stimul rolunu istedadlı şəkildə çəkilmiş propaqanda filmi oynayırdı. Rusiya vətəndaşlarının ixtiyarına isə propaqanda tərəfindən diqqətlə təqdim olunan çoxlu sayda primitiv emosional stimullar verilib.

Birincisi, bu öz kimliyini "ənənəvi dəyərlər” daşıyıcısı olan güclü və əzəmətli Rusiya imperiyası ideyası ilə bağlamaqdır. Öz kimliyini qonşu xalqlara sülh və azadlıq gətirən güclü və əzəmətli dövlətlə bağlamaq, sənin ölkənin bütün dünyanın çəkindiyi hərbi işğalçı olduğunun etirafından daha qat-qat komfortlu bir işdir.

İkincisi, bu, ukraynalıları əsassız, amma ciddi emosional yükü olan bir məsələdə "nasizmdə” ittiham etməkdir. Rusiyanın mədəni panteonunda İkinci Dünya Müharibəsi və nasizmlə mübarizə — Rusiya propaqandası tərəfindən tarixi travmanı aktuallaşdırmaq, psixoloji yaraları oyatmaq düşmən obrazı yaratmaq üçün məharətlə istifadə olunan ən faciəvi epizodlardan biridir.

Üçüncüsü, bu, "NATO-nun irəliləməsi” ilə bağlı anti-Amerika əhval-ruhiyyəsinə və qorxularına xitabdır. Kimliyin bütün dünyaya sinə gərən Rusiya dövləti ilə eyniləşdirilməsi adi insanda rasionallaşdırılmasına ehtiyac duyulan  təlaş yaradır. NATO belə bir rasionalizasiya üçün artıq vərdişə çevrilmiş və ən adi bir obyektdir.

Amma propaqandanın bütün bu elementlərinin indi, yəni tammiqyaslı müharibə, boşalan dükanlar, artan qiymətlər şəraitində işləməsi üçün metapeyvəndə ehtiyac var idi. Bu metapeyvənd isə hələ səkkiz il əvvəl xalqa Rusiya vətəndaşlarına "Krım bizimdir” dərmanını qəbul etdirəndə olunmuşdu. Artıq o vaxtdan beynəlxalq müqavilələrin pozulmasına, başqalarının ərazilərinin tutulmasına etirazlar təsirsiz olurdu və "Əşi, onlar da oğurlayır”, "Onlar da başqalarının ərazilərində müharibə aparır”, "Biz olmasaq, ora NATO əsgərləri girəcək” kimi keçilməz metapeyvəndə tuş gəlirdi.

Problem onda deyil ki, Rusiya vətəndaşları Ukrayna haqqında həqiqətləri bilmir. Problem ondadır ki, onlar ümumiyyətlə indi öz-özlüyündə həqiqətə inanmır. Həqiqətin belə sıradan çıxması artıq özünü Donetsk separatçıları tərəfindən vurulmuş "Boeing” MH17 təyyarəsinə münasibətdə açıq-aydın büruzə verirdi.

Onda Rusiya propaqandası artıq insanların beyninə guya bərabərhüquqlu versiyalar kimi–"Boeing”in ukraynalılar tərəfindən vurulması, sərnişin təyyarəsinin yanında hərbi qırıcının uçması, təyyarədə canlı insanların deyil, morqdan gətirilmiş buzlanmış meyitlərin olması və sairə bu tipli güclü metapeyvənd sızdıraraq özünün baş məşqini həyata keçirmişdi. Bu versiyalardan bəziləri o dərəcədə gülməli və asan rədd edilə bilən idi ki, çoxları buna kiminsə inana biləcəyinə təəccüblənirdilər. Amma təklif olunan versiyalara inanmaq tələb olunmur. Metapeyvənd üçün tələb olunan adi adamın koqnitiv yüklənməsi "əşi, hamı yalan danışır” qənaətinə gəlməsidir. Elə isə, əgər həqiqət yoxdursa, psixoloji cəhətdən daha komfortlu, əksəriyyətin qəbul və təqdir etdiyi mövqeni qəbul etmək olar.

Şüurun yuxuya getməsi 

İndi belə bir fikir geniş yayılıb ki, propaqanda qarşısında acizlik rus xalqının, onun tarixi, dini, digər milli xüsusiyyətləri ilə bağlı özünəməxsusluğudur. Bu barədə qəti bir fikir söyləmək çətindir, çünki propaqanda sahəsində müqayisəli tədqiqatlar kifayət qədər deyil və propaqandanın predmeti hər bir ölkə üçün spesifik olduğundan asan deyil. Daha sadə eksperimentlər, məsələn, Solomon Aşın konformizmlə bağlı eksperimenti kimi, bir çox ölkələrdə keçirilib və nəticələri birmənalı olmayıb.

Yada salım ki, bu eksperimentdə onu aparanın bir neçə özünü üzərində təcrübə aparılan kimi təqdim edən köməkçisi çox sadə suala (üç xətdən hansı daha uzundur?) bilərəkdən səhv cavab verirlər. Bu cür qəsdən çaşqınlıq yaradanların sayı artırıldıqca və onların səhv cavab verməkdə həmrəyliyi artdıqca, həqiqətən təcrübə olunan kəsin də səhv cavab vermək ehtimalı artır. Əvvəllər elə bir təəssürat vardı ki, kollektivçilik mədəniyyətinin yüksək olduğu cəmiyyətlərdə konformizmin səviyyəsi daha yüksək olacaq. Lakin nəticədə məlum oldu ki, Yaponiyada o, ABŞ-dan aşağıdır, Küveytdə, Livanda, Braziliyada və Fransada isə praktiki olaraq ABŞ-dakından fərqlənmir.

Konformizm eksperimenti bizim özümüzü necə aparmağımızın ətrafdakı insanlardan asılı olmasının çoxsaylı nümunələrindən biridir. Psixologiyada bu asılılıq sosial normalardan asılılıq kimi təsvir olunur.  İki cür sosial normalar fərqləndirilir – müşahidə olunanlar və bəyan edilənlər. Bəyan edilən normalar – bunlar bizə ailənin, məktəbin, dinin, ədəbiyyatın öyrətdiyi xeyir və şər haqqında təsəvvürlərdir. Onlar, praktiki olaraq, universaldır. Müşahidə olunan normalar isə ətrafdakı insanların özünü necə aparmasıdır. Müşahidə olunan normalar bəyan olunanlarla ziddiyyət təşkil edən hallarda — məsələn, insanlar  "Burada siqaret çəkmək olmaz” işarəsinin altında siqaret çəkəndə, yaxud "Bura zibil atmayın” yazısının olduğu yerə zibil atanda sosial normaların devalvasiyası baş verir. Belə hallarda insanlar özlərini yalnız sosial normalara əks olan şəkildə aparmaqla kifayətlənmir, öz nihilizmlərini digər normalara da yayırlar.

Holland psixoloqları Keys Kayzer və Linda Steq bir sıra eksperimentlər keçirmişlər ki, bunlarda bəyan olunan normaların pozulması kimi qraffitilər çıxış edirdi. İnsanlar qraffitiləri onların qadağan olunduğu elanların yanında görəndə yeri zibilləməkdən və velosipedlərini qadağan olunmuş yerlərdə saxlamaqdan çəkinmirdilər.  Eksperimentlərin birində poçt qutusundan məktubun ucu görünürdü, ünvan üçün şəffaf şüşəli çərçivənin arxasından isə beş avroluq əskinas görünürdü. Bir poçt qutusu təptəzə idi, digərinin üzərində isə qraffiti çəkilmişdi. Birinci qutunun içindən məktubu yoldan keçənlərin 13%-i, ikincidən isə 25%-i dartıb çıxarmışdı. Soruşula bilər ki, ətrafımızda baş verən vur-çatlasınla bunun nə əlaqəsi? Əslində əlaqə birbaşadır: insanlar müşahidə etdikləri normalara uyurlar və bəyan edilmiş normaların pozulmasını digər normalara aid edirlər. Oğurluq yaxşı iş deyil, amma axı qutunun üstünə cızma-qara çəkmək də yaxşı iş deyil. Və əgər qutunun üstü cızma-qaralıdırsa, qalan işlər də məqbuldur.

İnsanların tamamilə yeni və izaholunmaz normalara uyması, məsələn, uşaq bağçalarında kiçik uşaqları Z hərfi şəklində düzmək kimi, xüsusilə təsir edicidir. Niyə? Bunun nə mənası var? Heç bir. Sadəcə küyə düşürlər. Belə bir eksperiment də yaxşı məlumdur. Əgər bir neçə insan çoxlu gediş-gəlişin olduğu küçənin ortasında dayanıb bir istiqamətə baxmağa başlasalar, onlara mütləq digər yoldan keçənlərdən də qoşulan olacaq və tezliklə nəyə baxdıqlarını bilməyən bir kütlə formalaşacaq. Belə bir davranışın özünün təkamüllə əlaqədar mənası var. Heç də ibtidai icmanın hər bir üzvü təhlükəni vaxtında görə bilmirdi. Birinin görüb qaçması bəs edirdi ki, digərləri də ona qoşulsun. "Hamı qaçır, mən də qaçım” — bu, qədim, primitiv, lakin qeyri-müəyyənlik vəziyyətində bu gün də işləyən bir sağ qalma qaydasıdır. Normalar darmadağın edilibsə, ətrafda düşmənlər və təhlükə varsa, "Niyə?” soruşmağa vaxt yoxdur, təcili Z hərfini alnına çəkməlisən!

Primitiv davranış mexanizmləri bu gün də ən geniş yayılmışlardır. Amerikalı psixoloq, hazırladığı qərar qəbul etmə nəzəriyyəsinə görə Nobel mükafatı almış  Daniel Kanemanın dəyərləndirməsinə görə, biz həyatdakı fəaliyyətimizin 90%-ni rasional şəkildə deyil, avtomatik olaraq, emosiyaların, sosial normaların, vərdişlərimizin təsiri altında həyata keçiririk. İnsan beynini üç şərtin mövcud olduğu zaman işə salır: birincisi, veriləcək qərar şəxsin özü üçün çox vacibdir. İkincisi, qərarı hərtərəfli dəyərləndirmək üçün onun kifayət qədər resursları, yəni vaxtı, məlumatı və biliyi varsa. Nəhayət, üçüncüsü, insan rahat vəziyyətdədirsə, yəni heç yana qaçmırsa, heç kimin təqibindən yaxasını qurtarmırsa. Bütün digər hallarda biz şüurumuzun səsinə qulaq asmaq iqtidarında deyilik.

Ümid varmı ki, propaqanda dumanı çəkiləcək və Rusiya insanı öz beyinlərini işə salacaqlar? Nəzəri olaraq var. Amma bunun üçün yuxarıda qeyd olunan üç şərt yerində olmalıdır: reallığın adekvat dəyərləndirilməsi onlar üçün həyati dərəcədə əhəmiyyət kəsb etməlidir, informasiyanı təhlil etmək üçün onların kifayət qədər vaxtı və koqnitiv resursları olmalıdır və onlar stress vəziyyətində olmamalıdırlar. Problem bütün bunları necə təmin etməkdir.

Qeydlər:

[i] Bu yazı 25 Mart 2022-ci ildə "Важные истории" saytında dərc olunub. BAİ əməkdaşları tərəfindən Azərbaycan dilinə tərcümə edilib. Yazının orijinalına bu linkdən keçid edə bilərsiniz: https://www.istories.media/opinions/2022/03/25/mozhno-li-zashchititsya-ot-propagandi/

Azərbaycan dilində mənbə: "bakuresearchinstitute.org"