Dmitri Muratov Nobel medalını ukraynalı qaçqınlara bağışlayır
22-03-2022 16:09 / Bu xəbər 3409 dəfə oxundu
Rusiyanın müstəqil qəzeti - "Novaya qazeta”nın baş redaktoru Dmitri Muratov Nobel Sülh Mükafatı medalını hərraca çıxarıb.
O, hərracdan əldə onunan gəliri Ukrayna Qaçqınlar Fonduna bağışlayacaq.
Baş redaktorun müraciəti nəşrin saytında dərc olunub.
"Ukrayna qaçqınlarının sayı artıq 10 milyondan çoxdur”, - deyə Muratov medalın satılması üçün hərrac evlərindən yardım istəyib.
Baş redaktor həmçinin tərəfləri döyüşləri dayandırmağa, əsirləri dəyişdirməyə, həlak olanların cəsədlərini qaytarmağa, humanitar dəhlizlərin açılmasına, qaçqınlara yardım edilməsinə səsləyib.
Dmitri Muratov Nobel Sülh Mükafatını 2021-ci ildə "ifadə azadlığını qorumaq cəhdlərinə görə” alıb.
Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.