Cəza və cəza

Cəza və cəza

09-12-2021 16:40 / Bu xəbər 4263 dəfə oxundu

Ənnağı Hacıbəyli

Saleh Rüstəmli 34 gündür ki, aclıq edir. Adamın həyatı real təhlükə qarşısındadır. 

Toplumda böyük narahatlıq doğuran hadisəyə rəsmi orqanların münasibəti daha çox susmaqla ifadə olunur. 

Susmaq hər bir halda qızıl deyil. O, bəzən cinayət də törədir.

Saleh Rüstəmli xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqla məşğul olmaqda və cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və başqa əmlakı mütəşəkkil dəstənin leqallaşdırması cinayətlərini törətməkdə ittiham olunaraq 7 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Rusiyada həyata keçirilmiş sahibkarlıq Azərbaycanda qanunsuz sayılıb. 

Rusiyada qanuni sahibkarlıqla əldə edilmiş vəsaiti mülkiyyətçinin istədiyi kimi xərcləmək hüququ leqallaşdırma cinayəti sayılıb. 

Bütün məmurların qanunsuz sahibkarlıqla məşğul olduğu, ölkənin sərvətlərinin talandığı ölkədə siyasi və qeyri-siyasi opponentlərin adətən iki əməldə təqsirləndirilməsi (qanunsuz sahibkarlıq və leqallaşdırma) günümüzün absurd reallığına çevrilib. 

Bu maddələr və ittihamlarla hüquq mübahisəsi elə ittihamın özü kimi absurd və mənasızdır. 

İttihamçıların və hakimlərin buyruq qulu olduğu ölkədə hüquq, ədalət mühakiməsi kimi anlayışları ciddiyə almaq da cəfəngiyyat üzərində baş sındırmaq kimidir. Amma bu adam hüquq, qanun, hökm kimi anlayışların dustağıdır və istər-istəməz bu anlayışlardan qaçmaq mümkünsüzdür.

Yaxşı, tutaq ki, siz adamı haqq-nahaq cinayətdə ittiham elədiniz və ona cəza verirsiniz. Nədir cəza və onu tətbiq etməkdə məqsəd?

Cinayət Məcəlləsinin 41.2-ci maddəsi: "Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir”.

Qanunun sadaladığı bu məqsədlərin mübahisəli məqamlarını bir kənara qoyub onları konkret situasiya və şəxsə tətbiq edək. 

Vətən müharibəsinin qazisi olan bir adamın törətmədiyi cinayətə görə ağır cəzalandırılması hansı sosial ədaləti bərpa edir? 

Ədalətsiz cəza ədalət bərpa edə bilərmi? 

Qanunsuz sahibkarlıqla məşğul olan adamların başqasını eyni əməldə (üstəlik, törətmədiyi) ittiham etməsi ədalətin hansı formasına uyğun gəlir?

Diktantla yazılmış ittihamla, ədalət mühakiməsinin məhsulu olmayan hökmlə gerçəkləşdirilən, məhkumların hüquqlarının kütləvi pozulduğu yerdə insan islah oluna bilərmi? 

Qazinin, ziyalının islahını kimlərə tapşırmısınız?

"Cəza həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədi güdür”sə, bu halda cəza məqsədinə tam uyğun şəkildə tətbiq edilib. 

Bundan sonra kimsə mənsub olduğu siyasi partiyaya yardım eləmək fikrinə düşməyəcək. Mənsub olduğu partiya müxalifət partiyasıdırsa... 

Bu halda ancaq bir anlaşılmaz məqam qalır: Saleh Rüstəmlini bu cinayətə kim sövq edib, yəni mütəşəkkil cinayətkar dəstənin başçısı kimdir? 

İstintaq və məhkəmə bu şəxsi aşkara çıxara bilmədiyinə görə nəsə demək çətindir. Ancaq onu güman etmək olar ki, müxalifət partiyalarının bütün leqal maliyyə mənbələrini qanunvericiliklə qadağan etmiş şəxslərdən şübhələnmək xeyli real görünür.

Sonda daha vacib məqam. 

İnsan, qazi, ziyalı bir şəxsin həyatı qanunsuz və ədalətsiz hökmdən, hər hansı siyasi düşmənçilikdən, rəqibi nəyin bahasına olursa-olsun cəzalandırmaq hərisliyindən asılı olmamalıdır. 

Bu, insanlıq deyil. İnsanlıq – böyüklükdür, qərəzsizlikdir, hətta düşmənə də ləyaqətlə yanaşmaqdır.

Saleh Rüstəmli hadisəsi həm də insani dəyərlərin sınağıdır. Vay bu sınaqdan çıxmayanın halına.

Tanrı heç kəsə borclu qalmır!