Əfqan miqrantlar Bakıda aksiya keçirməyə cəhd ediblər

Əfqan miqrantlar Bakıda aksiya keçirməyə cəhd ediblər

23-08-2021 14:48 / Bu xəbər 942 dəfə oxundu

Ehsan Zahidov: "Aksiya iştirakçıları ərazidən uzaqlaşdırılıb"

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) avqustun 23-də Əfqanıstandan Azərbaycana gələn miqrantların Bakıda aksiya keçirməyə cəhd göstərməsi ilə bağlı açıqlama yayıb.

Nazirliyin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov "Report”a deyib ki, təxminən 40 nəfər əfqan miqrant icazəsiz aksiya keçirməyə cəhd göstərib.

"Onlar BMT Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyinin onlara daha çox diqqət yetirməsini tələb ediblər. Aksiya icazəsiz şəkildə təşkil olunduğundan polis əməkdaşları onlarla profilaktik söhbət aparıb. Daha sonra isə aksiya iştirakçıları ərazidən uzaqlaşdırılıb”, - nazirlik sözçüsü vurğulayıb.

Avqustun 15-də "Taliban" silahlıları dörd bir yandan Əfqanıstanın paytaxtı Kabil şəhərinə daxil olublar və daxili işlər naziri Əbdül Səttar Mirzəkval yazılı çıxışında: "Əfqanıstan xalqı narahat olmamalıdır ... şəhərə heç bir hücum olmayacaq və hakimiyyətin keçid hökumətinə sülh yolu ilə verilməsi olacaq”, - deyə bildirib.

Həmin gün Əfqanıstan prezidenti Aşraf Qani istefa verərək ölkəni tərk edib.

Bundan sonra ölkədə "Taliban" hakimiyyətindən qaçmaq istəyənlər hava limanına üz tutublar. Yollarda və hava limanında tıxac yaranıb. Bəzi insanlar havaya qalxan təyyarələrdən yapışıblar. Təyyarə havaya qalxan zaman onlarla insan yıxılaraq həyatını itrib.