Əfqanıstanlı mütəxəssis: "Yaxın illərdə dünya yeni 11 sentyabra hazır olmalıdır"
27-08-2021 17:51 / Bu xəbər 7424 dəfə oxundu
Əfqanıstan və Orta Asiya üzrə mütəxəssis Əsədullah Oğuz "Toplum TV”yə danışıb.
O, avqustun 26-da Əfqanıstanda baş verən terror hadisəsi, sülhməramlı qüvvələrin ölkədən təxliyə olunması və ölkədə yeni yaranan vəziyyətlə bağlı sualları cavablandırıb.
- Kabil hava limanında baş verən terror hadisəsini ABŞ sülhməramlılarının təxliyəsi ilə əlaqələndirmək olarmı?
- Əvvəllər də dəfələrlə demişəm ki, ABŞ Əfqanıstanı xaos və qarışıqlıq içində tərk etsə, şübhəsiz ki, bunun müəyyən nəticələri olacaq. Bu nəticələr ABŞ Əfqanıstanı tərk etməzdən əvvəl də ortaya çıxmağa başlamışdı. Hücumu kimin törətdiyinin əhəmiyyəti yoxdur. Əsas odur ki, Əfqanıstan yenidən terror ölkəsinə çevrilir. Dünyanın bir çox yerindəki radikal İslamçı təşkilatlar tezliklə Əfqanıstanda toplanacaq və bu, önümüzdəki dövrdə dünyanı ciddi şəkildə narahat edəcək. Mövcud geri çəkilmənin yaxın, orta və uzunmüddətli nəticələri olacaq. Yaxınmüddətli nəticə önümüzdəki günlərdə və aylarda gözlənilən qaçqın axını, ortamüddətli nəticə sağda-solda bomba partlaması, uzunmüddətli nəticə isə son 10-15 ildə dünyanın yeni 11 sentyabra hazır olmasıdır.
- Türkiyə ordusu da Əfqanıstandan təxliyə olunur. "Taliban”ın ölkədə başqa xarici qüvvələri istəmədiyi ilə bağlı açıqlamaları olurdu. Sizcə, Türkiyənin bu qərarı yubatmaqda məqsədi nə idi?
- Düşünürəm ki, Türkiyə son ana qədər "Taliban”la razılaşmağa ümid edirdi. Odur ki, qoşunların çıxarılmasını son ana qədər təxirə saldı. Lakin qeyd etdiyiniz kimi "Taliban” əvvəldən ölkədə heç bir xarici qüvvəni qəbul etməyəcəyini bəyan etmişdi. Hər halda Türkiyə hava limanını "Taliban”dan qoruyacaqdı. "Taliban” avqustun 15-də Kabilə girdikdən sonra isə türk əsgərlərinin orada qalmasının heç bir mənası yox idi.
- Bundan sonra Əfqanıstanda nələr gözlənilir? Ölkənin tamamilə "Taliban"ın əlinə düşdüyünü söyləmək olarmı?
- Təbii ki, bundan sonra bütün ölkə taliblərin əlində olacaq. Yalnız Pəncşir əyaləti müxalifətin əlindədir, amma bunun da çox əhəmiyyəti olmayacaq. "Taliban” 1990-cı illərdə idarəçiliyinin yenilənmiş versiyasını tətbiq edəcək. Bundan sonra televiziya ekranlarında qadınları qamçılayan, namaza getmədikləri və ya saqqal saxlamadıqları üçün insanları döyən "Taliban” yaraqlılarının görüntülərini görəcəyik. "Taliban” indiki formada hakimiyyətdə olarsa, Əfqanıstanı qaranlıq günlər gözləyir. Amma beynəlxalq ictimaiyyətin təzyiqi ilə geniş əsaslı bir idarə sistemi qurarsa, fərqli bir Əfqanıstan görə bilərik. Nə olacağını dəqiq söyləmək çətindir, bunu zaman göstərəcək. Amma mən düşünürəm ki, "Taliban” kökündən dəyişməyib, eynidir.
- "Taliban”ın gətirdiyi qadağalar və xalqa göstərdiyi işgəncələrlə bağlı sosial mediada müxtəlif videolar yayılıb. Doğrudur, aralarında saxta olduğu deyilənlər də var. "Taliban" Kabili ələ keçirdikdən sonra tam olaraq nələr baş verir?
- "Taliban” Kabili ələ keçirdikdən sonra böyük bir çaxnaşma yaşandı və Qərb həyat tərzinə alışmış müasir qadınlar xaricə qaçmaq üçün Kabil hava limanına axışdılar. Həmçinin adi vətəndaşlar da amerikalıların əfqanları təyyarə ilə xaricə apardığını eşidəndə hava limanına qaçdılar. Nəticədə hava limanında lazımsız bir sıxlıq və izdiham meydana gəldi. Halbuki Kabil hava limanına gələnlərin böyük əksəriyyəti təhlükə altında deyildi, sadəcə mövcud qarışıqlıqdan istifadə edərək Qərbə getmək istəyirdi.
- Ölkədəki qadağalarla bağlı müxtəlif aksiya keçirilir. Sizcə, "Taliban" Əfqanıstan xalqı ilə razılığa gələcək, yoxsa qadağalar olduğu kimi qalacaq?
- Bəzi qadağalar bir qədər yumşaldılacaq və əvvəlki kimi ciddi şəkildə tətbiq olunmayacaq. Ancaq əsas qadağalarda heç bir dəyişiklik olmayacaq. Bunlar qadın azadlığını məhdudlaşdırmaq, namaz vaxtı dükanları bağlamaq, saqqal uzatmaq, musiqini qadağan etmək kimi qayda və qadağalardır.
- Əfqanıstanlı mühacirlərin fərqli ölkələrə yerləşdirildiyi xəbərləri yayılıb. Digər ölkələrə daha çox kimlər üz tutur və onların həyatı ilə bağlı məlumatınız varmı?
- Xaricə qaçan əfqanların əksəriyyəti şəhərlərdə yaşayan müasir əfqanlardır. Onlar heç bir şəkildə "Taliban” hakimiyyəti altında yaşamaq istəmirlər. Son 20 ildə azadlıq və demokratiyaya öyrəşdikləri üçün taliblərin köhnə və qaranlıq idarəçiliyini istəmirlər. Kənd sakinləri isə "Taliban”ı istəməsələr də, döyüşlərin dayandırılmasından məmnundurlar. Çünki keçmişdə kənd yerlərində hər gün baş verən münaqişələrdə 500-1000 adam ölürdü.