Eldar Əzizov tenderləri necə silir? - 6 milyonluq müqavilə

Eldar Əzizov tenderləri necə silir? - 6 milyonluq müqavilə

09-06-2021 02:26 / Bu xəbər 614 dəfə oxundu

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC "LPRS 777" MMC ilə maliyyə dəyəri 6 273 470 AZN təşkil edən satınalma müqaviləsi imzalayıb. 

Valyuta.Az xəbər verir ki, müqavilədə mənzil və kommunal təsərrüfatı ilə bağlı subsidiyaların verilməsi nəzərdə tutulub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "LPRS 777” MMC-nin 20 may 2019-cu il tarixdə qeydiyyata alındığı göstərilir. 

Nizamnamə kapitalı 5 AZN olan şirkətin hüquqi ünvanı Xaçmaz rayonu, Qaradağlı kəndində yerləşir. Şirkətin qanuni təmsilçisi Səmədov Səməd Əhmədxan oğludur.

Açıq mənbələrdə "LPRS 777” MMC və Səməd Səmədov barəsində heç bir məlumat yoxdur. Şirkətin bundan əvvəl tenderdə iştirakına dair hər hansı fakta da rast gəlinmir.

Bakı Şəhər İcra Hakimiyyətinin nizamnamə kapitalı 5 manat olan və tanınmayan şirkətlə 6 milyonluq müqavilə imzalaması keçirilən tenderin şəffaflığına şübhələri artırır.

Bəzi ehtimallara görə, "LPRS 777” MMC şübhəli satınalma müsabiqələrində istifadə edilmək üçün yaradılıb. Onun qanuni təmsilçisinin proxy şəxs olması da istisna deyil.