Fransa XİN Azərbaycanda jurnalistlərin həbsini pisləyir

Fransa XİN Azərbaycanda jurnalistlərin həbsini pisləyir

09-03-2024 15:11 / Bu xəbər 601 dəfə oxundu

Rəsmi Bakı Fransanı Azərbaycanın daxili işinə qarışmamağa çağırıb

Fransa Xarici İşlər Nazirliyi Azərbaycand baş verən son həbslərlə əlaqədar bəyanat yayıb.

Bəyanatda deyilir ki, Fransa Azərbaycanda vətəndaş cəmiyyəti və müstəqil media nümayəndələrini yenidən hədəf alan son həbs dalğasından dərin narahatdır.

"Biz Azərbaycanı beynəlxalq öhdəliklərinə uyğun olaraq fundamental azadlıqlara – xüsusilə söz və mətbuat azadlığına hörmət etməyə və əsassız həbs edilmiş insanları azad etməyə çağırırıq”, – Fransa XİN-nin bəyanatında deyilir.

Həmçinin martın 8-də Bakının mərkəzində keçirilən "8 MARŞ – Duruş sərgiləyirik” piketinə də münasibət bildirilib.

"Beynəlxalq Qadınlar Günündə biz Azərbaycan müstəqil jurnalistlərinin rolunu və cəsarətini yüksək qiymətləndiririk”, – məlumatda deyilir.

Azərbaycan Xarici İşlər Nazirliyi isə bəyanatı əsassız adlandırıb.

"Bu cür əsassız və qərəzli bəyanatları Azərbaycanın daxili işlərinə, istintaq prosesinə və məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə kimi qiymətləndiririk. İnsan hüquqlarının kobud şəkildə pozulduğu, baş verən iğtişaşlar zamanı aksiyaçıların öldürüldüyü, qanunvericilik strukturlarında geniş rüşvətxorluq və korrupsiya hallarının yayıldığı, islamofobiya və müsəlmanlara qarşı hücum hallarının geniş yayıldığı, bu, habelə bir sıra digər insan hüquqları pozuntularına qarşı tədbirlər görməyən Fransanın Azərbaycana qarşı iddialar səsləndirməyə heç bir mənəvi haqqı yoxdur. Azərbaycanda fundamental hüquq və azadlıqlar, eləcə də media azadlığı tam olaraq təmin edilir. Bir daha, Azərbaycanın daxili işlərinə qarışmamağı Fransa tərəfindən tələb edirik”, – bəyanatda deyilib.

Martın 6-da polis Toplum TV-nin ofisinə basqın edib, ofislə yanaşı saytın bir neçə əməkdaşının evində də axtarış aparılıb.

Ofisdən 30 min avro, əməkdaşların isə evlərindən 2700, 3100 avro pul vəsaiti tapıldığı bildirilib.

Akif Qurbanova, Fərid İsmayılova, Müşfiq Cabbara, Əli Zeynala, Ramil Babayevə, Elmir Abbasova və İlkin Əmrahova 206.3.2 (qaçaqmalçılıq) ittihamı ilə cinayət işi açılıb.

Xətai Rayon Məhkəməsi martın 6-da saxlanılan Toplum TV-nin videoredaktoru Müşfiq Cabbarla bağlı 4 ay həbs qətimkan tədbiri seçib.

Əli Zeynal barəsində də məhkəmə qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

"Toplum TV” işi ilə əlaqədar saxlanılan jurnalist Fərid İsmayılov və NİDA üzvü Elmir Abbasov azadlıqdadır.

Hüquqşünas, "Toplum TV” saytının təsisçisi Ələsgər Məmmədli martın 8-də mülki geyimlilər tərəfindən "İstanbul” Klinikasının önündə saxlanılıb.

"III Respublika” Platformasının üzvü Ruslan İzzətli də Xətai Rayon Polis İdarəsinin qarşısından qara maşına mindirilib aparılıb. Daha sonra hər iki şəxsin mənzillərində axtarış aparılıb.

Vəkili Aqil Layıc deyib ki, Ələsgər Məmmədlinin evindən 7200 dollar pulun tapıldığı ittiham aktında qeyd olunub.

Ələsgər Məmmədli isə bu pulun əməliyyatçılar tərəfindən qoyulduğunu deyib.

Bundan əvvəl isə Ələsgər Məmmədlinin həyat yoldaşı ilə qardaşı Nəsimi Məmmədli evə 60 min avronun qoyulduğunu bildirmişdilər.

Onlar da pulun Ələsgər Məmmədliyə aid olmadığını vurğulamışdılar.

Məmmədli hazırda Bakı şəhər Baş Polis İdarəsində saxlanılır.

Axtarış zamanı Ruslan İzzətlinin evindən də pul "tapılıb”.

Onun həyat yoldaşı ayrı otaqda təcrid olunub və axtarış prosesini görməyib.

Son 4 ay ərzində Azərbaycanda bir sıra media orqanlarının rəhbər şəxsləri və əməkdaşları qaçaqmalçılıq ittihamıyla həbs olunub.

Onların arasında korrupsiya araşdırmalarıyla tanınan "AbzasMedia”, "Kanal 13” internet televiziyası da var.

Jurnalistlər qaçaqmal yolu ilə ölkəyə pul gətirməkdə ittiham olunur.

Onlar bu ittihamı rədd edir, evlərdən, ofislərdən tapıldığı iddia olunan pulları ora polislərin özlərinin atdığını bildirirlər.

Jurnalistlər peşə fəaliyyətlərinə, hökumətin korrupsiyası ilə bağlı materiallara görə cəzalandırıldıqlarını deyirlər.