Həbsdəki jurnalistin xanımı: “Qollarını doğrayıb, 5 gündür aclıq edir”

Həbsdəki jurnalistin xanımı: “Qollarını doğrayıb, 5 gündür aclıq edir”

11-01-2022 17:43 / Bu xəbər 550 dəfə oxundu

"Aclığı davam etdirə bilməsin, tez təslim olsun deyə, suyunu əlindən alıblar”

"Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun özünə xəsarət yetirdiyi bildirilir. 

Bu barədə Meydan TV-yə onun həyat yoldaşı Gülmirə Aslanova məlumat verərək bildirib ki, Polad Aslanov qollarını kəsib.

Həyat yoldaşının sözlərinə görə, Polad Aslanov saxlandığı 1 saylı cəzaçəkmə müəssisəsində 5 gündür ki, aclıq edir. 

O, Ali Məhkəmədə işinə sürətlə və obyektiv baxılmasını, ədalətli qərar çıxarılmasını tələb edir.

"Polad Aslanov aclığı davam etdirə bilməsin, tez təslim olsun deyə, suyunu əlindən alıblar. Bu gün (bazar ertəsi) onun evə zəng etdiyi gündür. Ona icazə verməyiblər. O da etiraz olaraq qollarını doğrayıb. Bundan sonra telefon danışığına icazə veriblər”, – Gülmirə Aslanova bildirib.

Həyat yoldaşı deyir ki, sayt rəhbəri aclığa 44 kiloqram çəki ilə başlamışdı. Beş günlük aclıqdan sonra üç kiloqram çəki itirib: "Başında şiddətli ağrılar olur, halsızlıq var. Hər iki əlləri və qolları keyiyir”.

Gülmirə Aslanova əlavə edib ki, həyat yoldaşına qarşı təzyiqlər davam edərsə, özü də onun saxlandığı cəzaçəkmə müəssisəsinin qarşısında çadır qurub, aclıq aksiyası keçirmək niyyətindədir.

Polad Aslanovun özünə xəsarət yetirməsi və aclıq aksiyası keçirməsi haqda həyat yoldaşının dediklərinə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Bundan əvvəl Penitensiar Xidmətdən verilən açıqlamalarda dəfələrlə vurğulanıb ki, cəzaçəkmə müəssisələrində saxlanılan məhbuslara qarşı heç bir ayrı-seçkilik, təzyiq halları yoxdur. Belə hallar olarsa, məhbusların yaxınları Penitensiar Xidmətin "Qaynar Xətt”inə şikayət edə bilər və həmin şikayətlər operativ şəkildə araşdırılır.

Polad Aslanov 2019-cu il iyunun 12-dən həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 16 il azadlıqdan məhrum edilən sayt rəhbəri Cinayət Məcəlləsinin 274-cü maddəsilə – dövlətə xəyanətdə təqsirli bilinib. Cinayət işinin materiallarında iddia olunur ki, Polad Aslanov İranın xüsusi xidmət orqanlarıyla məxfi əməkdaşlıq edib, ölkədən kənarda onlarla gizli görüşlər keçirib, informasiyalar ötürüb və bunun müqabilində pul alıb.

Sayt rəhbəri isə bu barədə yazılanların yalan olduğunu bildirir, özünü təqsirli bilmir. O, tənqidçi jurnalist fəaliyyətinə, xüsusən DTX əməkdaşlarının zəvvarları ziyarətə aparan şirkətlərdən rüşvət alması barədə yazılarına görə cəzalandırıldığını deyir:

"Məşhəd, Kərbəla ziyarətinə gedənlərin hər birinə görə 10-20 dollar rüşvət alınması heç kimə sirr deyil. Mən də xüsusi xidmət orqanlarının bu korrupsiya əməllərini işıqlandırdığıma, mənə təklif olunan rüşvət qarşılığında yenə də o yazıları silməyə razılaşmadığıma görə bu gün buradayam”.

Polad Aslanov səhhətindəki problemlərlə əlaqədar uzun müddət hərbi xidmətə aparılmasa da, 2018-ci ilin aprelində ona qəfil çağırış gəlib. O, hərbi xidmətini 2019-cu ilin aprelində başa vurub. İki ay sonra isə həbs edilib.