Həyat yoldaşı: "Azad Həsənovdan xəbər yoxdur"

Həyat yoldaşı:

25-07-2019 18:40 / Bu xəbər 1126 dəfə oxundu

Müsavat fəalı Azad Həsənov 3 gündür ki, aclıq aksiyası keçirir, lakin ondan məlumat almaq mümkün deyil. 

Bu barədə həyat yoldaşı Təranə Həsənova arqument.az-a məlumat verib. 

Təranə Həsənova deyib ki, bu barədə Qırmızı Xaç Komitəsinə və Ombudsman Aparatına da məlumat verib. 

"Qırmızı Xaç Komitəsinə də məlumat vermişəm. Ombudsman Aparatına 5 dəfə onlayın məktub yazmışam. Bir dəfə də zəng etmişəm. Dünən qardaşına deyiblər ki, Azad zənglərdən imtina edib".

Yoldaşı deyir ki, aclıq aksiyasına başlayandan Azad Həsənovdan məlumat almaq mümkün deyil. 

Azad Həsənovun sonuncu məhkəmə prosesi iyulun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib. 

Məhkəmədə vəkil Osman Kazımovun vəsatəti əsasında Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) göndərilmiş sorğuya yenə də cavab verilmədiyi məlum olub.

Osman Kazımov Azəd Həsənovun həbsdən buraxılması və ona qarşı qaldırılan cinayət işinin xətm olunması barədə vəsatət verib. 

Vəkil bu vəsatəti Avropa İnsan Haqları Məhkəməsində "Lahıcov Azərbaycana qarşı” işində oxşar ittihamla məhkum edilmiş vətəndaşın bəraət alması ilə əsaslandırıb.

Vəkilin sorğusunda isə 2018-ci il oktyabrın 11-də Azad Həsənovun həbs edildiyi gün Bakı şəhər Baş Polsi İdarəsinə gəlib-gedənlərin qeydiyyatı aparılan jurnalın surətinin məhkəməyə təqdim olunması xahiş edilir. Lakin Bakı şəhər Baş Polisd İdarəsi məhkəmənin heç bir sorğusuna cavab vermir. Bu səbəbdən məhkəmə artıq 6-cı həftədir təxirə salınır.

Hakim İradə Həsənovanın sədrliyi ilə keçirilən  proses iyulun 29-na, saat 11:30-dək təxirə salıb. 

Bundan sonra Azad Həsənov məhkəmənin süni surətdə uzadılmasına etiraz olaraq, aclıq aksiyasına başladığını elan edib.

Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov isə Azad Həsənovun aclıq aksiyası keçirməsini təkzib edib. 

O, Arqument.Az-a bildirib ki, məhkum aclıq aksiyasına başlamasına dair rəsmi müraciət etməlidir: "Bu gün ərzində tabeliliyimizdə olan qurumlarla əlaqə saxlamışıq. Heç bir məhkum aclıq aksiyası keçirmir. Məhkum aclıq aksiyasına başlanması ilə bağlı rəsmi müracir etməlidir və bu halda o, həkim nəzarətinə verilir. Onu digər məhbuslardan ayırırlar. Amma belə bir fakt qeydə alınmayb".

Mehman Sadıqov Azad Həsənovun telefonla əlaqə saxlamamasından məlumatsız olduğunu deyib: "Bunu deyə bilmərəm. Bu, məhkumun öz hüququdur. Çox vaxt məhkumlar psixoloji vəziyyətləri ilə bağlı danışmaq istmirlər, amma qanunla müəyyən olunmuş vaxtlarda telefon əlaqəsi saxlaya bilərlər".

Sadıqov həmçinin bildirib ki, bu məsələni diqqətdə saxlayacaqlar. 

Azad Həsənov CM-in 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə ittiham olunur.

O, 2014-cü ildən Litvada mühacirət həyatı yaşayıb. 

Ağır xəstə olan atasını görmək məqsədilə 2018-ci il oktyabrın 11-də səhər saat 5 radələrində Bakıya gəlib. Elə həmin gün axşam saat 17 radələrində atasının yaşadığı Hövsan qəsəbəsində Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb.

A.Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. 

Müsavat Partiyası bəyanat verərək, onun həbsinin siyasi motivli olduğunu bəyan edib. 

Yerli və beynəlxalq insan haqları təşkilatları da Azad Həsənovu siyasi məhbus hesab edir.