İlham Əliyev: "Baş verənlər Ermənistanın daxili işidir"

İlham Əliyev:

26-02-2021 12:32 / Bu xəbər 1936 dəfə oxundu

"Ermənistanda baş verən hadisələr Ermənistanın daxili işidir. Dünən şəhid ailələri ilə görüşüm Ermənistandakı hadisələrdən əvvəl idi. Bu çıxışımdan sonra hadisələrdən məlumat aldım. Hadisələr göstərdi ki, mən haqlı idim".

Bunu Prezident İlham Əliyev fevralın 26-da keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Ermənistanda hazırda mövcud olan siyasi böhran səbəbsiz deyil və əvvəlki siyasi rejimlərin səhvlərinin nəticəsidir: "Bu gün Ermənistan elə bir ağır durumdadır ki, orada gedən proseslər ölkənin dövlətçilik əsaslarını böyük dərəcədə sarsıdır. Bunun günahkarları Ermənistanın əvvəlki və indiki rəhbərləridir.

Onlar nə qədər torpaqlarımızı işğal altında saxlamaq istəyidirlərsə, o qədər asılı vəziyyətə düşürdü. Ermənistanı ardıcıl şəkildə bütün beynəlxalq, regional layihələrdən təcrid etmişdik. Ermənistanı iqtisadi cəhətdən sarsıtmaq, çökdürmək, təcrid etmək bizim siyasətimiz idi. Mən bunu heç vaxt gizlətmirdim. Açıq şəkildə dəfələrə deyirdim ki, bu siyasəti o vaxta qədər aparacağıq ki, torpaqlarımız işğaldan azad olunsun. İşğal altında olan ərazilərimizdən silahlı qüvvələrini çıxartsınlar, sonra əməkdaşlıq da ola bilər, siyasətimizdə də dəyişiklik ola bilər. Əfsus ki, nə əvvəl, nə sonra çağırışlarımıza qulaq asmadılar. Qulaq assaydılar belə rəzil duruma düşməzdirlər", - dövlət başçısı əlavə edib.
 
İlham Əliyev 10 noyabr bəyanatı tam icra edilməli olduğunu bəyan edib: "Noyabrın 10-da imzalanan bəyanat icra edilir və tam icra edilməlidir. Bəyanatın müddəalarının böyük hissəsi artıq icra edilib. Ancaq elə məsələlər var ki, onlar indi müzakirə mövzusudur. Ümid edirəm ki, Ermənistanda yaranan vəziyyətə baxmayaraq bəyanat icra ediləcək. Əks təqdirdə Ermənistan daha da ağır duruma düşəcək. Ermənistanın qarşısında seçim o qədər də böyük deyil və yeni reallıqla barışmalı və hesablaşmalıdır".

Prezident açıqlamasında hərbi əsirlər məsələsinə də toxunub, Azərbaycanın əsir götürdüyü bütün şəxslərin qaytarıldığını deyib.

"Müharibədən 20 gün sonra hərbi əsir ola bilməz. Bizdə olan bütün əsirləri qaytarmışıq. Özü də biz əsirləri onların bizə qaytardığından qabaq vermişik. Bu adamlar isə bu kateqoriyaya daxil deyillər, onlar diversant və terrorçudurlar. Beləliklə, Ermənistan və digər ölkələr tərəfindən edilən istənilən spekulyasiyalar yersizdir”, - deyə Əliyev qeyd edib.