İlham Əliyev: "Hadrutda baş verənlər narahatlıq doğurur"

İlham Əliyev:

12-12-2020 22:28 / Bu xəbər 671 dəfə oxundu

Azərbaycan prezidenti Minsk Qrupunun həmsədrləri ilə görüşüb

"Hazırda Rusiya sülhməramlıları oradadırlar, öz fəaliyyətinə başlayıblar. Vəziyyət müəyyən dərəcədə sabitdir. Baxmayaraq, indi mənə məlumat verilib ki, dünən ya erməni yaraqlıları, yaxud "Ermənistan ordusu” adlandırdıqları qalıqlar tərəfindən bəzi terror aktları törədilib. Bu, əlbəttə ki, narahatlıq doğurur”.

Bu fikirləri Azərbaycan dövlət başçısı İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Stefan Viskonti, ABŞ-dan olan həmsədri Endrü Şofer, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki ilə görüşdə səsləndirib.

İlham Əliyev bildirib ki, Ermənistan yenidən müharibəyə başlamağa heç bir vəchlə cəhd etməməlidir: "İki gün öncə şanlı qələbəmizə həsr olunmuş hərbi paradda mən söylədim ki, əgər Ermənistan faşizmi yenidə baş qaldırarsa, biz onun başını dəmir yumruqla əzəcəyik. Buna görə onlar çox diqqətli olmalıdır ki, hər hansı hərbi əməlləri planlaşdırmasınlar. Bu dəfə biz onları tamamilə darmadağın edəcəyik. Bu, heç kəs üçün sirr qalmalı deyil. Lakin ümid edirəm ki, bu, baş verməyəcək”.

"Putinlə razılaşıram ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub”

Dövlət başçısı xatırladıb ki, onlarla son görüşdən bir il keçib: "Bu vaxt ərzində bir çox hadisə baş verib. Birincisi, pandemiya bütün dünyada vəziyyəti tamamilə dəyişdi. Bununla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti dəyişdirdi. Hazırda regionda tamamilə yeni vəziyyət mövcuddur. Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu. Mən həmsədr dövlətlərin başçılarından olan Prezident Putinin dedikləri ilə razılaşıram ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Mən də həmin fikirdəyəm”.

"Reallıq bundan ibarətdir”

Prezident təəssüflənib ki, Minsk Qrupu münaqişənin həllində heç bir rol oynamayıb: "Halbuki bunu etmək üçün Minsk Qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk Qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməyib. Reallıq bundan ibarətdir. Beləliklə, Azərbaycan bu məsələni özü həll etdi. Biz Ermənistanı döyüş meydanında məğlub edərək işğalçını məğlubiyyətini etiraf etməyə və Ermənistanın kapitulyasiyası hesab etdiyimiz Bəyanatı imzalamağa məcbur etdik. Ermənistan iqtidarından başqa ölkənin bütün siyasi qüvvələri də bununla razıdır ki, bu, kapitulyasiyadır və onlar bunu alçaldıcı kapitulyasiya adlandırırlar. Bunun tam məsuliyyəti Paşinyanın diktatura rejiminin üzərinə düşür”.

"Anji Kaspşik yaxşı bilir...”

Ölkə başçısı qeyd edib ki, Azərbaycanın erməni xalqı ilə problemi yoxdur: "Bizim davamız işğalçılarladır, ərazimizi işğal edən cinayətkarlarladır. Ermənilər isə hazırda ölkəmizin müxtəlif bölgələrində yaşadığı kimi, təhlükəsizlik və ləyaqət şəraitində yaşaya bilərlər. Onların güzəranları da bizim idarəçiliyimiz altında yaxşı olacaq. Biz müharibədən sonra ermənilərin əvvəl yaşadıqları kəndlərin vəziyyətini görürük. Orada səfalət hökm sürüb. İnsanlar oralarda inanılmaz şəraitdə yaşayıblar. Bəs bu işğalın məqsədi nə idi? Nə üçün ermənilər öz xalqının nümayəndələrini uzun illər ərzində orada qul kimi saxlayırdılar? Bilmirəm, görmüsünüz, yoxsa yox, müharibənin ilk günlərində Azərbaycan ordusu Ermənistan ordusunun səngərlərinə daxil olanda, orada məhv edilmiş işğalçıların bəzilərinin bir-birinə zəncirləndiyinin şahidi oldu. Bu, şokedici videolar idi. Yəni onlar insanları səngərdə durmağa məcbur edirdilər. Qaçmaq, mövqelərini tərk etmək istəyənlərin qarşısı belə alınırdı. Müharibə zamanı onların xüsusi qrupları var idi ki, onlar Ermənistan qoşunlarının arxasında dayanaraq qaçmağa cəhd edən öz millətinin nümayəndələrini qətlə yetirirdilər. Biz artıq şəhərlərimizə qarşı törədilən əməllərlə bağlı hüquqi prosedurlara başlamışıq. Biz beynəlxalq tərəfdaşlarımızı dəvət etmişik ki, mülki əhalimiz, infrastrukturumuz, dini və mədəni abidələrimizə dəymiş ziyanın müvafiq təhlili aparılsın. Hər bir şey sənədləşdiriləcək və biz bu cür şəraitə uyğun olaraq zəruri addımlarımızı atacağıq. Qanunsuz məskunlaşdırma hərbi cinayətdir. Minsk Qrupu işğal edilmiş ərazilərə rəsmi olaraq iki dəfə missiyalar təşkil edib – birində bu, faktaraşdırıcı missiya adlandırılıb, digər vaxtda isə bunun adı vəziyyətin yerində qiymətləndirilməsi missiyası idi. Anji Kaspşik bunu yaxşı bilir. O, bu prosesin veteranlarından olub. O, da oralarda olub. Eyni zamanda, Minsk Qrupunun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfər ediblər və Ermənistan rejiminin hərbi cinayətlərinin şahidi olublar. Söhbət yalnız Ağdam və Füzulidən getmir, Cəbrayıl da eyni vəziyyətdədir. Kəlbəcər və Laçında onlar bəzi evlərdən yalnız məskunlaşmaq üçün istifadə edirdilər. Qubadlı ilə Zəngilanda onlar suriyalı erməniləri yerləşdirməyi planlaşdırırdılar və onlardan muzdlular kimi istifadə edirdilər. Əlimizdə ermənilərin istifadə etdiyi muzdlular barədə saysız-hesabsız faktlar var. Mən artıq dedim ki, oranın sakinləri əslində kimlərdir və bunu təkrar etmək istəmirəm. Lakin əlimizdə pasportlar var. Həbsxanalarımızda əcnəbilər var. Bir sözlə, bütün bunlar böyük sual doğurur. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu qədər illər ərzində münaqişə niyə həll olunmurdu? BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü öz imkanlarından, potensialından istifadə edə bilmədi ki, ermənilər çıxmağa məcbur olsun. Hətta bəzi ərazilərdən çıxara bilmədi. Onlar bacarmadı, yoxsa istəmədi? Bu, açıq sual olaraq qalır. Lakin hazırda bu, artıq fərq etmir. Münaqişə həll olunub. Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi. Tez-tez sizdən və rəhbərlərinizdən, eləcə də yüksək rütbəli rəsmilərinizdən eşidirdim ki, münaqişənin hərbi həlli yoxdur. Mən isə deyirdim: Var! Tarix göstərdi ki, mən haqlı idim. Var idi! Fikrimcə, "hərbi variant yoxdur” deyənlərin indi özləri anlayır ki, var idi, çünki onlar sadəcə mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər”.

"Türkiyə-Rusiya Monitorinq Mərkəzi atəşkəs rejiminə nəzarət edəcək”

Sülhməramlılar məsələsinə toxunan Əliyev sual edib ki, sülhməramlıların tərkibi necə olar bilər: "Onlar hansı ölkələri təmsil edə bilər? Onlar qonşu, yaxud həmsədr ölkələr olmalıdır? Fikirlər müxtəlif idi. Şəxsən mən bu haqda heç zaman fikir söyləməmişəm, çünki deyirdim, bu, hələ tezdir. Biz əvvəlcə münaqişəni həll etməliyik. Biz heç zaman sülhməramlılara etiraz da etməmişik. Biz dedik, bəli, sülhməramlılar gəlsinlər və müəyyən vaxtda mülki şəxsləri, erməniləri və azərbaycanlıları qorusunlar. Bu, elə baş verir. Hazırda sülhməramlı əməliyyatlar Rusiya tərəfindən aparılır. Ermənistan və Azərbaycan da bunu dəstəkləyib. Eyni zamanda, bildiyiniz kimi, biz artıq Azərbaycanın Ağdam rayonunda Monitorinq Mərkəzinin yaradılması mərhələsindəyik. Bu məsələ noyabrın 10-da imzaladığımız bəyanatda əks olunub. Türkiyə-Rusiya Monitorinq Mərkəzi atəşkəs rejiminə nəzarət edəcək. Fikrimcə, bu, regional əməkdaşlığın çox yaxşı təzahürüdür. Həmçinin Türkiyə ilə Rusiya arasında çox məqbul əməkdaşlığın rəmzidir. Bu, artıq reallıqdır”.

Amerikalı həmsədr: "İndi qarşımızda yeni reallıqdır”

ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti "Sizi anlayırıq” deyərək əlavə edib ki, həmsədr ölkələr son 28 il ərzində bacardıqları qədər öz mandatını icra etməyə çalışıb: "Bu mandat əsasında iki tərəf arasında məsələnin nizamlanmasına şərait yaratmalı idi. Mən Sizin tərəfdən verilən maraqlı təklifləri yüksək dəyərləndirirəm. Biz bunun üzərində çalışacağıq və tərəflərin iradəsinə uyğun olan variantı tapmağa vasitəçi olaraq çalışacağıq. Mənim hökumətim qırğına son qoyan atəşkəsi alqışlayıb. Biz noyabrın 9-dan 10-na gecən gecə əldə olunmuş razılaşmanın bütün müddəalarına çox müsbət yanaşırıq. Hadisələrin cərəyan etməsinin yeni gündəliyini qavrayırıq. Siz də qeyd etdiniz ki, regiona qərəzsiz və kollektiv qaydada sabitliyin, rifahın gətirilməsi üçün tamamilə yeni bir vəziyyət yaranıb. Bütün qalan məsələlər üzərində Minsk Qrupunun işləməsinə gəldikdə, bu, tam sizdən asılı olacaqdır”.

ABŞ-dan olan həmsədri Endrü Şofer danışıqları hökumətlərinə məruzə edəcəyini bildirib: "Sizin söylədiyiniz sözlərə və açıq verdiyiniz bəyanata gəldikdə, anlayırıq ki, hazırda yeni vəziyyət yaranıb. Hamımız anlayırıq və etiraf edirik ki, indi qarşımızda yeni reallıqdır. Hesab edirəm ki, sizinlə söhbət aparmağımın əsas səbəbi mövqeyinizi daha yaxşı anlamaq idi. Siz həmin mövqeyi açıqladınız və bir azdan biz hadisələrin sonra necə cərəyan edəcəyi ilə bağlı təfərrüatları müzakirə edəcəyik. Hazırda cari vəziyyət fərqlidir. Bilmək istərdim, siz gələcəyi, ümumiyyətlə, necə görürsünüz? Xüsusən də Madrid prinsiplərində deyilir ki, xətlər və kommunikasiyalar açılsın, münasibətlər yenidən qurulsun, regionda bütün xalqlar üçün müsbət mühit yaradılsın. Əgər, bunlar sizin mövqeyinizin bir hissəsidirsə, onda, fikrimcə, buna nail olunmasında bizim və ölkələrimizin oynayacağı rol ola bilər. Biz bunu sizdən eşitmək istərdik, gələcəkdə hansı addımları atmaq istəyirsiniz? Bildiyiniz kimi, bundan sonra, biz Yerevana gedəcəyik və digər tərəflə də eyni söhbət aparacağıq”.///Meydan.Tv