Çin Tayvana qarşı məhdudiyyətlər tətbiq etməyə başlayıb

Çin Tayvana qarşı məhdudiyyətlər tətbiq etməyə başlayıb

03-08-2022 14:52 / Bu xəbər 1133 dəfə oxundu

Çin hökuməti ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin adaya səfərindən sonra Tayvana qarşı məhdudiyyətlər tətbiq etməyə başlayıb. 

Belə ki, avqustun 3-dən etibarən Pekin Tayvana qum tədarükünü dayandırıb. 

Çin Xalq Respublikasının Ticarət Nazirliyi bu tədbirin "mövcud hüquq normalarına uyğun olaraq” həyata keçirildiyini açıqlayıb.

Bundan əlavə, avqustun 3-dən Çin Tayvandan sitrus meyvələri və iki növ balıq məhsulunun idxalını dayandırdığını elan edib. 

Adaya qarşı müvəqqəti məhdudiyyətlərin səbəbləri açıqlanmır, amma TTV bildirir ki, yeni iqtisadi sanksiyalar ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin səfəri fonunda yaranan gərginliklə bağlıdır.

Pelosi isə ABŞ nümayəndə heyətinin Tayvana səfərinin səbəbi kimi demokratiyaya dəstəyi göstərib: "Bu gün nümayəndə heyətimiz Tayvana olan bağlılığımızdan əl çəkməyəcəyimizi və zamanın sınağından çıxmış dostluğumuzla fəxr etdiyimizi bildirmək üçün Tayvana gəlib".

Nensi Pelosi Tayvanın Baş Qərargah rəisi Tsay İnq-ven ilə görüşü zaman ABŞ-ın adanı dəstəkləmək öhdəliyindən əl çəkməyəcəyini bəyan edib. 

Pelosi Taypeyə avqustun 2-də axşam gəlib. 

Çin Xarici İşlər Nazirliyi Pelosinin Tayvana səfəri ilə bağlı ABŞ-a qarşı ciddi cavab tədbirlərinin görüləcəyini bildirib. 

Kreml isə Pelosinin səfərini ABŞ-ın Çinə açıq təxribatı kimi qiymətləndirib.