İsa Qəmbər Müsavatın qurultayından yazdı

İsa Qəmbər Müsavatın qurultayından yazdı

08-10-2019 17:21 / Bu xəbər 3932 dəfə oxundu

İsa Qəmbər

Müsavat nümunəsi ümumbəşəri prosesin tərkib hissəsidir və yalnız Azərbaycana deyil, bütün postsovet məkanına örnəkdir.

Müsavat Partiyası 9-cu qurultayına hazırlaşır. Qurultaya maraq gündən-günə artır. Yalnız bir neçə yüz qurultay nümayəndəsi deyil, yalnız minlərlə müsavatçı deyil, yalnız 100 minlərlə Müsavat tərəfdarı deyil, demokratik ictimaiyyət də, müttəfiqlər və rəqiblər də, hakimiyyət də qurultay hazırlıqlarını və xüsusən seçki prosesini diqqətlə izləyir.

Bu diqqət anlaşılandır. 100 illik Müsavat Partiyasının Azərbaycanımızın dünəni, bugünü və sabahı olması etiraf etsələr də, etməsələr də heç kimə sirr deyil. Hələ 1992-ci ildə minlərlə müsavatçının, prezident Elçibəy və M.Ə.Rəsulzadə silahdaşı Mehmet Kengerli başda olmaqla qonaqların iştirakı ilə Müsavat Partiyasının ölkəmizdə fəaliyyətini bərpa edən 3-cü qurultayından başlamış bütün qurultaylarımız xalqımızın diqqət mərkəzində olub.

Müsavat Partiyasının seçki islahatları və seçki təcrübələri isə qurultaylarımıza və bütövlükdə partiyamıza marağı daha da artırıb. 2000-ci ildə parlament seçkiləri ərəfəsində millət vəkili adaylarımızın proporsional siyahıda sıralanmasını müəyyənləşdirmək üçün keçirdiyimiz partiyadaxili praymeriz bütün ölkəyə səs salmışdı. 

2006-cı ildə Müsavat Partiyasının Məclis sədri vəzifəsinə keçirdiyimiz seçkilər də ölkədə böyük maraqla izlənmişdi.

Bu baxımdan 2014-cü ildə keçirdiyimiz 8-ci qurultay ictimai marağın zirvəsi oldu. Və bu da anlaşılan idi! Xüsusən Azərbaycan kimi avtoritar bir ölkədə, seçkilərin əvvəl total şəkildə saxtalaşdırıldığı, son 10 illikdə isə seçkinin bir institut olaraq məhv edildiyi ölkədə bir partiyanın azad və ədalətli seçki keçirməsi diqqət mərkəzində olmaya bilməzdi.

Bəli, bundan qürur yaşayanların da, narahatlıq yaşayanların da bir daha yadına salıram:

Müsavat Partiyası Azərbaycanda fəaliyyətini bərpa edən gündən bütün partiyadaxili seçkiləri gizli səsvermə ilə keçirən yeganə siyasi partiyadır.
Müsavat Partiyası namizədləri öncədən bəyan edilən, bəlli bir müddətdə bərabər imkanlarla seçki yarışı aparan, namizədlərin lehinə və əleyhinə təbliğata şərait yaradılan yeganə siyasi partiyadır.
Müsavat Partiyası namizədlərin birlikdə razılaşdırdığı, tərkibinə öz təmsilçilərini tam hüquqlu üzv kimi təyin etdiyi seçki komissiyasının rəhbərliyi altında seçki keçirən yeganə siyasi partiyadır.
Müsavat Partiyası gizli səsverməni təmin etməklə yanaşı səslərin sayılmasında maksimum şəffaflıq yaradan, bunu tv kanalların kameralarının işığı altında gerçəkləşməsinə imkan verən yeganə siyasi partiyadır.

Bu dəfə isə Müsavat Partiyası daha bir ilkə imza atdı. Bir partiyanın daxili seçkilərində ilk dəfə olaraq bütün tv kanallar və jurnalistlərin iştirakına şərait yaratmaqla namizədlərin debatı keçiriləcək.

Bir qədər qeyri-təvazökar olsa da əlavə edim ki, 2014-cü ildə başqanlığa aday olmamağım da bir ilk idi. Mən başqaları kimi yorulduğum, bezdiyim, çəkindiyim üçün deyil, nizamnamə tələbinə uyğun olaraq eyni şəxsin ardıcıl olaraq 3-cü dəfə rəhbərliyə iddia etməsinin yolverilməzliyinə görə adaylığımı irəli sürmədim.

Bütün bunlara görə də hakimiyyətin və rəqiblərdən bəzilərinin qurultayımıza maraq və diqqətlə kifayətlənməyib hətta bəzən müdaxilə etməsinə və nəticələrə təsir göstərməyə çalışmasına təəccüblənmirəm. Çünki onlar görürlər ki, getdikcə daha çox adam öz partiyalarında da seçkilərin gizli səsvermə və şəffaf səssayma ilə keçirilməsini tələb edir və edəcək. Çünki onlar görürlər ki, xalqın ölkədəki prezidentliyə və parlamentə saxta seçkilərə və eyni adamın təkrar-təkrar rəhbərliyinə yox deyəcəyi gün uzaqda deyil.

Hakimiyyətin Müsavat namizədlərinin görüşlərinə yaratdığı maneələr, qurultaya yer ayrılmasına göstərdiyi müqavimət də bu narahatlığın etirafıdır. Ancaq narahatlığın faydası olmayacaq. Qorxunun əcələ faydası yoxdur. Müsavat nümunəsi ümumbəşəri prosesin tərkib hissəsidir və yalnız Azərbaycana deyil, bütün postsovet məkanına örnəkdir.

(Ardı var)