Jurnalist Cəmil Məmmədli həbs edildi

Jurnalist Cəmil Məmmədli həbs edildi

24-08-2023 12:12 / Bu xəbər 659 dəfə oxundu

Avqustun 24-də Sumqayıt Şəhər Ağır Cinayətlər Məhkəməsi jurnalist Cəmil Məmmədli haqda həbs qərarı çıxarıb. Jurnalist məhkəmə zalındaca həbs edilib.

Bu barədə Meydan TV-yə jurnalistin vəkili Fariz Namazlı açıqlama verib.

Fariz Namazlı bildirib ki, Cəmil Məmmədli Cinayət Məcəlləsinin 178.2.4, 182.2.1, 182.2.2 və 221.2.2 maddələri (hədə-qorxu ilə tələb etmə, xuliqanlıq, dələduzluq) ilə ittiham olunurdu.

Vəkilin sözlərunə görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən hazırlıq iclasında dövlət ittihamçısı və zərərçəkənlər polisin nəzarətinə vermənin həbs qətimkan tədbiri ilə əvəz olunması vəsatətini qaldırıblar: "Onlar iddia edirdilər ki, Cəmil Məmmədli proses iştirakçılarına media və sosial şəbəkələr vasitəsilə təzyiq edir. Bundan sonra Cəmil Məmmədli məhkəmə zalında həbs olundu”.

F.Namazlı deyib ki, məhkəmə hökm çıxarana qədər C.Məmmədli həbsdə qalacaq. 

Vəkil onu da bildirib ki, jurnalistə qarşı bir neçə nəfər şikayətçidir: "Əsasən Həbibovlar ailəsidir, onların anası 2010-cu ildə öldürülüb, indiyə qədər də qətlin üstü açılmayıb. Ailə iddia edir ki, guya, Cəmil Məmmədli onların etimadından sui-istifadə edərək 10 min manat alıb, amma qaytarmayıb. Yəni konflikt əsasən Həbibovlar ailəsilədir və onlar da Cəmil Məmmədlini həbs etdirmək istəyirlər. Buna görə də Xaçmaz Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət veriblər. Məhkəmə islah işləri haqda qərar çıxarandan sonra apelyasiya şikayəti verdilər ki, jurnalist həbs olunsun”.

Cəmil Məmmədli ölkənin şimal bölgəsində fəaliyyət göstərən jurnalistdir. 

O, bir müddət əvvəl Quba Rayon İcra Hakimiyyətinin başçısının şikayəti üzrə islah işləri cəzasına məhkum olunub.

2023-cü ilin əvvəlində isə ona qarşı böhtan və təhqir ittihamı ilə bir neçə məhkəmə işi başlayıb. 

Jurnalistə həmçinin xuliqanlığa görə cinayət işi açılıb. 

Jurnalist bütün ittihamları rədd edir, təzyiqlərin onu susdurmağa, sıradan çıxarmağa xidmət etdiyini bildirir.