Kənd müəllimliyindən Türkiyənin İctimai Teleradio kanalına gedən yol

Kənd müəllimliyindən Türkiyənin İctimai Teleradio kanalına gedən yol

03-07-2021 11:02 / Bu xəbər 11356 dəfə oxundu

"Əlimdə olsa, qadınlara özlərinə güvənə, özlərini sevə biləcəkləri iş imkanı yaradardım”

"Həyata erkən yaşda başlamışam. Nəticədə həyatın gətirdiyi zərbələri də çox tez almışam. Cəmiyyətin neqativlikləri ilə erkən rastlaşınca bərkimişəm, pis şeylərə immunitetim yaranıb. Bundan sonra ətraf, qohum-qonşu nə deyər söhbətlərindən həm özümü, həm də yaxınlarımı uzaq tutmağı öyrənmişəm. Bunu da uğurlarımın siyahısına yazmışam”.

"Femmekan”ın budəfəki qonağı Türkiyənin Ankara şəhərində yaşayan, TRT radiosunun əməkdaşı Könül Şamilqızıdır. 

O, 11 ildir ki, Türkiyədə yaşayır. Bu gün olduğu mövqeyə asanlıqla gəlmədiyindən söz açır. Türkiyəyə yerləşmədən öncə Azərbaycandakı həyatını da xatırlayır. Deyir ki, jurnalistikanın çox gözəl dövrlərinə də, sonradan bərbad vəziyyətə düşməsinə də şahidlik edib. Azərbaycanda müstəqil jurnalistlərin çalışması üçün normal bir media qalmayanacan Bakıda yaşayıb: "İşləyə biləcəyim bir-iki media qalmışdı. Onlardan biri də "Mediaforum” saytı idi. Bura müstəqil jurnalistlərin sığındığı bir adacıq idi. Amma saytın maliyyə imkanları yaxşı deyildi. Dolanışıq üçün Türkiyənin yeni açılmış "TRT Türk” telekanalı ilə əməkdaşlıq etməyə başlamışdım. Ora üçün Azərbaycan mətbuatının gündəlik icmalını hazırlayırdım. Beləliklə, TRT ailəsi ilə bir bağ qurmuşdum. Çox keçmədi ki, telekanalın Türkiyə bürosuna dəvət aldım və qısa bir zamanda Türkiyəyə köçmək qərarını verdim”. 

"Artıq Azərbaycanda yaşamaq mənə çətin gəlirdi”

Könül Şamilqızı deyir ki, Türkiyəyə köçməyi sırf işi ilə bağlı olub, çünki o dövrlər Azərbaycanda iş tapmaq olduqca çətinləşmişdi: "Müəyyən bir dözüm limiti olur insanın. Mən onu da doldurmuşdum. Artıq Azərbaycanda yaşamaq mənə çətin gəlirdi. Bir də doğulduğum ölkə olmasına baxmayaraq, ora aidlik hissimi də itirmişdim. Getməli və həyata sıfırdan başlamalı olduğumu anlayırdım”. 

"Azərbaycanda bir qadının təkbaşına nəinki başqa ölkəyə, kənddən şəhərə köçməsi də qəbuledilməzdir”

Türkiyəyə köçməyi ona asan başa gəlməyib. Dediyinə görə, Azərbaycanda bir qadının təkbaşına nəinki başqa ölkəyə, kənddən şəhərə köçməsi də gözlənilməz, qəbuledilməzdir. Elə o da ilk başda kənddən şəhərə, sonra isə yaşadığı şəhərdən başqa ölkəyə köçüb: "Qazaxın Daşsalahlı kəndindənəm. İlk işimə də elə kənd məktəbində coğrafiya müəllimi kimi başlamışam. Universiteti qiyabi oxumuşam. Təhsillə paralel,  müəllimlik edirdim. Yadımdadır, coğrafiya müəlliminə ehtiyac olsa da, "yer yoxdur”, – demişdilər. Atam rüşvət verməmək üçün təqaüdə çıxıb, yerinə namizəd kimi məni təklif etmişdi. Hələ də evdə zarafatyana "kişini işindən etdin”, – deyirlər. 3 il atamın yerinə müəllim oldum. Sonra bu işin mənə görə olmadığını anladım. Bakıya, diplom işimin müdafiəsinə gedəndə orada qalmaq qərarı verdim”.

"Gənc idim, şəhərdə tək idim və işləməliydim”

Könül Şamilqızı deyir ki, Bakıda "Şərq” qəzetinin redaksiyasına gedib və qəzetin redaktoru Akif Aşırlı ilə danışıb. Ona "mən burada işləyəcəyəm”, – deyib: "Çox təəccübləndi, dedi, "yaxşı, baxaq”. İşə başladım və şəhərdə qaldım. Sonra "Yeni Müsavat”, ondan sonra "Gün Səhər” qəzetində işlədim”.

Bakıda qalmaq qərarı ilə bağlı ailəsinin reaksiyasını bu gün də xatırlayır Könül Şamilqızı. Deyir ki, bu, çevrəsi üçün dəhşətli, gözlənilməz bir şey olub. Ona "gül kimi işini qoyub, tək-tənha Bakıya gedib, orada nə edəcəksən?”, – reaksiyası veriblər: "Belə məsələlərdə anam həmişə məni müdafiə edirdi. Bu dəfə də işə qarışdı, neqativləri öz üzərinə çəkdi və mənim yolumu açdı. Qızıma isə özünün baxacağını dedi. Yoxsa körpə uşaqla şəhərdə tutunmaq asan olmazdı. Elə qızıma anamın baxması peşəmdə nələrsə etməmin önünü açdı. Gənc idim, şəhərdə tək idim və işləməliydim. Bəlkə də kiçik uşaqla bunu bacarmaq çox çətin olardı. Anamın dəstəyilə belə çətinliklə üzləşmədim”.

"Zəngin ailədə doğulmamışdım, öz ayağımın üstündə durmalı idim”

Könül Şamilqızı Bakıda 13 il yaşadıqdan sonra Türkiyəyə köçmək qərarına gəlir. Bu qərarı isə yaxınlarına növbəti şok yaşadır. Ancaq bu dəfəki reaksiyaları Bakıya köçən zamankı təpkidən yumşaq olur: "Anam yenə müdaxilə etdi, bu dəfə məni təkcə atam və qardaşlarıma qarşı yox, həm də qızıma qarşı müdafiə edirdi. Qızım məktəbdə oxuyurdu. Uzağa getsəm bir də görüşə bilməyəcəyimizi düşünürdü. Bu travmanın öhdəsindən gəlməsində anamın böyük rolu oldu. Düzdür, proseslər mənim üçün ağır keçdi, hətta arada tərəddüdə də düşdüm. Amma qızımın və mənim gələcəyim üçün başqa şansın olmadığını da bilirdim. Çünki mən zəngin ailədə doğulmamışdım. Özüm öz ayağımın üstündə durmalı idim”. 

"Türkiyədə həyatıma sıfırdan başladım”

Könül Şamilqızı deyir ki, valideynləri ona sevgi-qayğı baxımından zəngin təcrübə verib. Ancaq maddi kömək edə biləcək imkanları olmayıb. Odur ki, həm öz, həm də qızının həyatının hansısa bir anında möhtaclıq hissi yaşamaması üçün daim işləməli olub: "Yaxşı bilirdim ki, Azərbaycanda yeni bir həyat və yaxşı bir gələcək üçün imkan yoxdur. Ancaq Türkiyəyə köçməklə nələrəsə nail ola bilərdim. Beləliklə, köçdüm və burada həyatıma sıfırdan başladım. Türkiyə həm aktiv jurnalistika ilə məşğul olmaq, həm də sonrakı fəaliyyətim baxımından mənə çox faydalı oldu”. 

Jurnalist fəaliyyətinin çətin, ancaq gözəl dövrləri

Könül Şamilqızının Türkiyəyə adaptasiyası da çətin keçməyib. Asan adaptasiya olmağı bacaran biri olduğunu söyləyir. Türkiyə isə ona həmişə həm dil, həm də insanları baxımından çox yaxın olub: "Bütün bunların təsiri var təbii. Ancaq əminəm, tanımadığım, başqa bir cəmiyyətə də getsəydim, adaptasiyanın bir yolunu tapardım”.

Müsahibimiz ilk gedəndə TRT-nin Xarici Yayımlar bölməsində çalışıb. 3 ildən sonra işini dəyişib və "TRT Türk”-ə keçib. 

Hazırda bu kanalın radio xəbərləri bölümündə redaktor vəzifəsində çalışır. Deyir, 2013-cü ildə burada işə başlayanda köhnə postsovet məkanında hadisələrin aktiv dövrü olub. 

Azərbaycanda, Gürcüstanda, Ukraynada, Moldovadakı seçki proseslərini izləməyə başlayıb. Elə bu ərəfədə Ukrayna hadisələri baş verib və oraya ezam olunub: "2013-cü ilin sonu idi. İlin yarısını Ukraynada keçirmişdim. Prosesin sonunda Krım işğal olundu və ora getdim. Junalistika fəaliyyətimin ən çətin, ancaq gözəl dövrləri idi”.

"Günbəgün, anbaan işğalı yaşadım”

Könül Şamilqızı Krımın işğal edilməsindən elə təsirlənib ki, dönəndən sonra bu barədə kiçik bir kitabça hazırlamaq qərarına gəlib. Nəticədə bütün hadisələri özündə cəmləyən 60 səhifəlik kitabça çap etdirib. 

"Bütün meydan hadisələrini yaxından izləmişdim. Adam hadisələrin içində olanda prosesin hara getdiyini görə bilir. Hələ prosesin başında iş yerimə Krıma getmək lazım olduğunu dedim. Əsaslandırdım ki, bu proseslərin sonu ora sıçrayacaq. Razı olsunlar deyə, heç nə olmazsa, tatarlarla bağlı nəsə hazırlayarıq dedim. Razılaşdılar. Mən gedəndən 2 gün sonra Krımda işğal başladı. İki həftə burada qaldım və günbəgün, anbaan işğalı yaşadım. İnsan olaraq həyatımın ən travmatik zamanları idi”. 

"Krım tatarları öz evlərində 3-cü sinif vətəndaş durumuna düşdülər”

Könül Şamilqızı deyir ki, işğal gözünün önündə olub və ona çox pis təsir edib. Düşünür ki, vicdanını itirməmiş bir insan üçün bu prosesləri izləmək asan olmamalı idi: "İnsanların çarəsizliyini izləyirdim. Hər nə qədər digər işğallar kimi qanlı, ölümlü, silahlı, döyüşlü olmasa, hibrit bir işğal olsa da, izləmək çətin idi. İnsanlar evlərinin içində işğal vəziyyətinə düşürdülər. Krım tatarları onsuz da evlərinə 80-ci illərdə qayıda bilmişdilər. Yenidən dişləri-dırnaqları ilə bir şərait qurmuşdular. Yeni işğalla birlikdə isə öz evlərində 3-cü sinif vətəndaş durumuna düşdülər”.

Krımla bağlı gördüklərini yaddaşlara yazan – "Krım Atəşi”
 

Könül Şamilqızı Türkiyəyə qayıdandan sonra Krım mövzusunda TRT-də yazmağa, oradan xəbərlər verməyə davam edib. Axırda da mövzunu yarıda qoymamaq, tamamlamaq üçün əvvəlcə 60 səhifəlik bir kitabça, sonra da "Krım Atəşi” kitabını yazıb: "Hər şeyə şahid olmuşdum. Baş verənlərin unudulmamasını təmin etmək mənim insani və peşə borcum idi. Krımla bağlı gördüklərimi yaddaşlara yazmaq istəyirdim”. 

"İçimizin bir parçası daim doğulduğumuz torpağa bağlı qalır”

Jurnalist "Krım Atəşi” kitabından sonra TRT-də tanınmağa başlayıb. Deyir, TRT-nin 7 mindən çox əməkdaşı var, normalda bu qədər insanın içində seçilmək çətindi. Amma bu gün Ukrayna, Krım deyincə, Türkiyədə ağıla gələn insanlardandır: "Hamısını bu prosesə borcluyam. Bu günlərdə kitabımın üçüncü nəşri çap ediləcək. İlk iki nəşr tamamən satılıb. Bu, Krımın işğalı ilə bağlı Türkiyədəki ilk və indiyə qədərki tək işdir”. 

Könül Şamilqızının "Krım Atəşi”ndən sonra Azərbaycanın Cumhuriyyət dövrü mühacirlərinin şeirlərindən ibarət daha bir kitabı da çap edilib. 

O, mühacirlərin şeirlərini min bir əziyyətlə toplayıb, kitab halına salıb. Deyir, bu kitab "Krım Atəşi” qədər satılmasa, məşhur olmasa da onun iki qatı qədər əhatəlidir: "Qiymətli topludur. Şeirlərdə ölkələrindən uzaqda, həsrətlə yaşayan insanların vətənlərini bir gün müstəqil görəcəklərinə ümid bəsləməsi, buna inanclarını itirməmələrindən bəhs edilir. İndi də belədir, nə qədər uzaqda olsaq, yaşadığımız ölkəyə alışsaq da, içimizin bir parçası daim doğulduğumuz torpağa bağlı qalır. Mən də ölkəsini, torpağını, musiqisini, mətbəxini sevənlərdənəm. İncikliklər, qırıqlıqlar heç biri bu bağlılığı azaltmır. Uzaqda olsam da, daima öz ölkəm üçün nələrsə etməyə çalışıram”.

Azərbaycan cəmiyyətində anormal qarşılanan normallar 

Jurnalist deyir ki, Azərbaycan cəmiyyətində bir qadının nələrəsə nail olması, təkbaşına xarici ölkədə öz ayaqları üstündə dura bilməsi, özünə yer etməsi və s. kimi şeylərə qiymət sonradan verilir. O şəxsdə işıq görəndən sonra. Əvvəldə isə müsbət reaksiyalar az olur: "Ailəndən, yaxınlardan tutmuş, sənə heç dəxli olmayan insanlara qədər, hamı düşünür ki, səninlə, sənin həyatın və addımlarınla bağlı fikir bildirə bilər. Bu, sadəcə, bir ölkəyə köçməklə bağlı da deyil. Atılan hər addımınla bağlıdır. Əslində bir qadının qərar verib ölkəsindən köçməsi, xaricdə yaşayıb, orada işləməsi normal şeylərdir. Amma Azərbaycan cəmiyyətində anormal qarşılanır: "Qızım da institutu bitirib, təhsilini xaricdə davam etdirmək istəyəndə eyni reaksiyalarla qarşılaşdı. Amma mən onun arxasında idim və qızıma cəmiyyətin nə dediyini vecinə almamasını çoxdan öyrətmişdim. Ümumiyyətlə, dünyanın bir çox yerində, eləcə də şərqdə, qadının həyatını qurması sağlamlığı və aldığı travmalar hesabına başa gəlir. Normal olan, adi bir şeyə böyük bədəllər hesabına nail oluruq. Əslində isə kişilərin etdiyi hər bir şeyi qadın da edə bilər. Azadlıq hamıda olmalıdır”.

"Anam "buna bax, elə bil 40 qızla bir dərədə qalıb”, – deyir”

Bu gün Könül xanımın həyatı rəngarəngdir. Həm işləyir, həm səyahət edir, həm bağ-bostan işi ilə məşğuldur, həm də dadlı yeməklər bişirir. "Facebook”-da çoxsaylı izləyiciləri olan yemək, səyahətlə bağlı səhifələrin sevimlisidir. Deyir ki, "əslində göründüyü kimi bir çox şeyi eyni anda çatdırmaq asan deyil”. Amma hobbisiz yaşamaq da olmur:

"Bəzən zehni və fiziki işi paralel apara bilirəm, sürətliyəm. Bunun yaxşı tərəfləri ilə yanaşı, pis tərəfləri də var. Məsələn, özümü çox yoruram. Bəzən o qədər qaçhaqaçda oluram ki, anam "buna bax, elə bil 40 qızla bir dərədə qalıb”, – deyir”. 

Bağa-baxçaya uşaq vaxtından həvəsli olduğunu söyləyən Könül Şamilqızı bildirir ki, bu həvəs ona babasından keçib: "Nənəm-babamla böyümüşəm. Anam kitabxana müdiri, atam müəllim idi. Evdə tapılmırdılar. Bizim həyatımız nənə-baba ilə keçib. Yayda onlarla bərabər yaylağa gedirdik. Xatırlayanda həyatımın ən gözəl günləri olduğunu düşünürəm. Babam məni həyatımda ən çox sevən adam idi. Çox gözəl, cənnət kimi bir bağı var idi. Düzənli adam idi, bağı da sistemli idi. Bağ deyəndə hələ də ağlıma babam gəlir. Görünür, bağa-baxçaya sevgi babamdan atama, ondan da mənə keçib”.

"Depressiv olmamaq üçün hobbilərə sarılmışam”

Dadlı yeməklər bişirməyə gəlincə, Könül xanım deyir ki, bunu etməyi həmişə sevib. Türkiyəyə köçəndən isə mətbəxdə biraz da təkmilləşib: "Mən boş və tək qalanda özümü yeyib-bitirən potensiala sahib biriyəm. Bir sözlə, özümü çox böyük uğurla depressiyanın ən dərinliklərinə çəkə bilərəm. Ona görə də boş durmağı sevmirəm. Hobbilərim də belə yaranıb. Depressiv olmamaq üçün hobbilərə sarılmışam”. 

Könül Şamilqızı Qara Dəniz aşiqidir. İldə bir neçə dəfə Türkiyənin Qara Dəniz bölgəsinə səyahət edir. Elə səyahət sevgisi də təbiətlə bağlıdır: "Uşaqlıqdan gələn koddur sanki. Yeni bir ölkəyə gedəndə oranın tarixi və kimliyi ilə bağlı muzeylərə baş çəkirəm. Amma nə yalan deyim, məni ən çox maraqlandıran yaşıllıq və dadlı yeməklərdir. Bəlkə də ona görə Qara Dəniz bölgəsini çox sevirəm, ora mənə doğmadır”.

"Sehrli çubuğum olsaydı, Azərbaycan qadınının həyatına iş qatardım"

Könül Şamilqızının əlində sehrli çubuq olsaydı, Azərbaycan qadınının həyatına iş qatardı. Burada söhbət təkcə fiziki işdən getmir: "Bu, qadınların özlərini ifadə edə biləcəyi iş olmalıdır. Məncə, hər insanın içində nəyisə yaxşı edə biləcəyi bir potensialı var və təəssüf ki, Azərbaycanda əzilmiş,  potensiallı qadınlar çoxdur. Onlar içindəki yaradıcılığı öldürülmüş, yaxud bacarığını tətbiq etməyə imkanı, şəraiti olmayan qadınlardır. Təəssüf ki, bu şərait bir müddət sonra onların xarakterinə çevrilir. Bunu norma olaraq qəbul edirlər. Odur ki, mən qadınlara içlərində olan potensialı üzə çıxara biləcəkləri, özlərinə güvənə, özlərini sevə biləcəkləri iş imkanı yaradardım”.

Yazdı: Gülər Mehdizadə
Fotolar: Könül Şamilqızı