Məhkəmə AXCP-nin qadın fəalı barədə hökm çıxardı

Məhkəmə AXCP-nin qadın fəalı barədə hökm çıxardı

06-09-2022 12:36 / Bu xəbər 869 dəfə oxundu

Sentyabrın 5-də Xətai Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Gülnarə Rəhimova haqqında hökm çıxarılıb.

Bu barədə fəal özünün "Facebook” hesabında məlumat paylaşıb.

Məhkəmənin hökmünə əsasən, Gülnarə Rəhimova 460 saat ictimai işlərə cəlb olunacaq.

Fəal Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayətin törədilməsi haqda böhtan), 48-ci (təhqir) maddələri ilə təqsirli bilinib.

Şikayətçi Nəsimi Payon Polis İdarəsinin əməkdaşı, polis serjantı Seymur İmanovdur.

Rəhimovaya qarşı şikayətin verilməsinə onun avqustun 11-də "Facebook” səhifəsində paylaşdığı yazı səbəb olub.

Bakının Xətai Rayon Məhkəməsi hakim Sülhanə Hacıyevanın sədrliyi ilə Nəsimi Payon Polis İdarəsinin əməkdaşı Seymur İmanovun şikayətini təmin edib.

İyulun 20-də Nazirlər Kabinetinin binası qarşısında "Sərhədləri açın!" tələbilə keçirilən aksiyada Rəhimova saxlanılıb. 

Onun sözlərinə görə, onunla birlikdə 41-ci polis bölməsinə aparılan Əziz Məmiyevin orada döyülməsinin şahidi olub. 

Bütün bunlar barədə öz səhifəsində yazıb, avqustun 11-də isə Məmiyevin döyülməsində iştirak edən serjant İmanovun fotosunu paylaşıb.

G.Rəhimova hökmlə razılaşmır və özünü təqsirkar saymır. 

O,  polis işçisini təhqir etmədiyini, fotosunu paylaşdığını, çünki onun Məmiyevi döyənlərin arasında gördüyünü bildirib: "Məhkəmənin qərarı siyasi sifarişdir. Sifariş necə idisə hakim də o qərarı verdi. Mən günahsızam. Sadəcə gördüyümü ictimailləşdirmişəm”.

Fəal məhkəmənin hökmündən apellyasiya şikayəti verəcəyini qeyd edib.