Mərəzimizin çarəsi

Mərəzimizin çarəsi

28-05-2021 12:29 / Bu xəbər 1191 dəfə oxundu

Məhəmməd Əmin Rəsulzadə

Bir ildən artıqdır ki, erməni ilə müsəlman arasına «şeytan»ın şərindən fitnə toxumu düşüb, özünə müsaid bir zəmin tapdığı üçün göyərib inkişaf  etməkdədir. Bu bir il yarım içində ücrah edildiyimiz  bəlanın xarabedici əsərlərini; yandırıcı, öldürücü nişanələrini təsvir etməyəcəm. Zira, hər bir vətən övladı ki, göz sahibi və qulaq yiyəsidir, bu xərabələri görüb, bu nalə və fəqanları eşidib. Yox, əgər eşitməyənlər varsa, karlara nə demək? Tüfənglərin taqqıltısını, topların gurultusunu eşitməyən şəxs «top atdılar», «güllələdilər» sözlərinimi eşidəcək?!  

Mən nə deyim ki? Abad şəhərlərimiz xaraba qalmış, kəndlərimiz viranə olmuş, gözəl Qafqaz iki düşmən ordusuna dönmüş...  

Bəsirət sahibi özü görər... 

 İndi olan olub, keçən də keçib, gələcəyə çarə axtarmalıdır... 
 
Nə etmək lazımdır ki, bir də vətənimiz qanla əlvan olmasın, yəni biməna tökülən qardaş qanı ilə boyanmasın?! Hər bir naxoşluğun, mərəzin səbəbini bilməmiş ona çarə etmək olmaz. Bir məharətli  təbib azarımın qızdırmasını bilib sonra çarəsi-dərmanı olan kinə-kinə (xinin) verir. Sərsəm olursa,  turşu yeməyi qadağan edir; sarılıqdırsa, şirin yeməyə mane olur. Xülasə, hər bir mərəzi əvvəl tanıyıb, nəyə görə yarandığını  bilib, sonra müalicə edir.  

Erməni-müsəlman qırğını da vətənimizə ariz olmuş bəladır, bir mərəzdir ki, aramızda sabit bir zəmin tapıb, bu cür qüsur  və səbəblərə görə güclənib. Bax bu bəlanı rədd edib, qədimdən sülh və əminamanlıq içində yaşayan iki milləti barışdırıb əvvəlki vəziyyətə gətirməkdən ötrü bu qüsurları arayıb tapmaq gərəkdir.  
Tapıb da müalicə etmək gərəkdir. Bizə ücrah edilən bu mərəzin səbəbini, qüusrunu da bilməyən yoxdur, zənn edirəm. Bütün Rusiyanı qanlı bir girdab içinə buraxan istibdadı, bürokratiyanı hamı bilir, tanıyır. Cənnət misalı Qafqazı belə cəhənnəmə döndərən, Rusiyanın digər şəhərlərini, məsələn, Odessanı,  Kişinyovu qana bulayan qəddar Rusiya istibdadını kim tanımır?! Qafqaz amirlərinin xəyanətkar hərəkətlərinə bələd olan hər bir şəxs bunda mənimlə həmfikir olacaq. Zira, naqaşidzeləri, əlixanovları, qoloşşapovları, lyutskiləri, pivovarovları və qeyrilərini görüb də razı qalmaq yaramaz. Bürokratlar Rusiya inqilabından qurtulub xilas olmaq üçün biçarə rəiyyəti bir neçə vaxt da təzyiq altında, əziyyət içində saxlamaq üçün olmazın hiylələr edib hər cür rəzil işə əl atdılar.  

İki milləti bir-birilə vunışdurub inqilabı nahaq qanlar içində qərq etmək istədilər. Lakin bundan bixəbər oldular ki, «Xuni-ərbabi-həmiyyət qərq edər zalimləri, müştəməl əfkari-əhraranə sönməz xunilə» ("Vətən qeyrəti çəkənlərin qanı zalımları qərq edər, alovlanan azad fikirlər qanla sönməz” – red.); təhqiq etmədilər ki,  bütün poqromların, qırğınların ümdə səbəbi inqilab qorxusundan, kasıb-füqəra qiyamından bağrı yarılmış, başını itirmiş bürokratiyadır.

Lakin bürokratiya özünün bu cinayətkar, məğlub zalımlığına rəvac vermək üçün müsaid bir zəmin aradı ki, özünü də vaxtından əvvəl hazırlamış oldu. Həmin zəmin müxtəlif millətlərin burjuaları arasında olan iqtisadi rəqabət idi. Bu rəqabət də «şeytan»a imkan verdi ki, fevral ayında Bakıda bir bədbəxtlik və ədavət şöləsi  işıqlandırsın, o şölə yuxarıda qeyd etdiyim burjuaların çoxluğundan  və bəzi maskalı üzvlər sayəsində işıqlanıb bütün Qafqazı alovlandırdı. Budur bizim Qafqazı tutmuş yoluxucu azarın əsas qüsurları, daha doğrusu, əsas qüsuru.  

Madam ki, bu tərzi-idarə, bu rejim qalır; madam ki, çinovniklər, bürokratlar öz istədiklərini edirlər; madam ki, toplar, tüfənglər, kazaklar və məhbuslar haqq sözünü deməyə qoymurlar; madam ki, müftinlər, provokatorlar hökumət tərəfindən sürgün edilmirlər; madam ki, istibdad bütün zülm və insafsızlıqları ilə yaşayır; bir sözlə - nə qədər ki, bürokrat üsulu var, ey vətənini istəyən qafqazlı sülhsevərlər, əgər sülh istəyirsinizsə, yəni düçar olduğumuz mərəzdən qurtulmağımızı  arzu edirsinizsə, bir araya gəlin, birləşin ki, yuxarıda qeyd etdiyim qüsurlar aradan götürülsün. Nə qədər ki, bu qüsurlar qalır, bu mərəz, bu xəstəlik də olacaq.  

«Dəvət Qoç», № 6.  
19 iyul 1906-cı il

Qeyd: Məqalə Alya Yaqublu tərəfindən müasir Azərbaycan dilinə uyğunlaşdırılıb.