Müharibə, siyasət, qadın gözəlliyi, sehri və qısqanclıq

Müharibə, siyasət, qadın gözəlliyi, sehri və qısqanclıq

15-08-2023 00:15 / Bu xəbər 2087 dəfə oxundu

Gənc polyak qadınlar Ukraynadan qaçqın kimi gələn qız-gəlini özlərinə güclü rəqib görür və polşalı kişiləri qısqanırlar. 

Bunu Polşanın nüfuzlu, ən çox oxunan qəzetlərindən biri "Gazeta Wyborcza" yazıb. 

Demə, sosioloji tədqiqatlar göstərir ki, yaşı 29-dan az olan polşalı qadınların ukraynalılara dəstəyi bir il-ilyarım əvvələ nisbətən önəmli dərəcədə azalıb və sosioloqlar bunun nədənini deyilən qısqanclıqda görürlər. 

Qaçqın və subay ukraynalı qadınlar evlənmək üçün polyak kişiləri üstün tutur və bununla ər, kişi uğrunda mübarizədə polyak xanımların rəqibinə çevrilib. 

Həyatın necə də qəribə və gözlənilməz gizlinləri, düşüncə və duyğu incəlikləri, çalarları var...

DAHA RASİONAL DÜŞÜNCƏ

Polyak dilində "Seçici qəzeti" anlamına gələn "Gazeta Wyborcza” 1989-cu ildə, Polşanın azadlığı, SSRİ-Rusiya əsarətindən qurtarmaq uğrunda məşhur "Solidarnost” hərəkatının seçki kampaniyasına informasiya dəstəyi məqsədilə nəşrə başlayıb. Elə ilk nömrəsi 150 000 nüsxə satılmışdı, sonradan arta-arta getdi. 

Mən qəzetun yaradıcısı və baş redaktoru Adam Mixniklə 1992-nin yazında ya yayın əvvəlində Bakıya gələndə tanış olmuşdum, söhbət etmişdik. Çox maraqlı insan və jurnalist təsiri bağışladı mənə. 

O vaxt Bakıya belə adamlar, demokratiya mücahidləri və cəngavərləri daha çox gəlirdi, sonra iş adamları, neft alverçiləri və dəllaları gəlməyə başladılar. Hər dövrün öz tipajları və qəhrəmanları var, amma bu başqa bir söhbətin mövzusudur. 

Rusiya-Ukrayna müharibəsinin ağır günlərində həmişə Ukraynanın yanında olan Polşanın, polyak xalqının bir böyüklüyü də ondadır ki, İkinci Dünya müharibəsindən sonra Stalin indiki Qərbi Ukrayna sayılan torpaqları Polşadan kəsib SSRİ-yə, yəni Ukraynaya qatdığın unutmasa da, özünə dərd eləmir, elə də önəm vermir, başqa, daha rasional, uca və hətta ülvi düşüncə və duyğularla yaşayır.  

Stalin Macarıstandan  da kəsib Ukraynaya verib, məsələn, ukraynalı multimilliarder Dimitri Firtaş macardır, macar kəndindəndir, amma bu da başqa söhbətin mövzusudur. 

Polyaklar çoxdan anlayıblar ki, Moskvanın aqressiv, qəsbkar siyasətinə müqavimətə ayrı-ayrılıqda nə Ukraynanın, nə də Polşanın gücü çatar. Rusiya boyunduruğunu dadmış bütün xalqların qüvvələrini birləşdirmək lazımdır, ona görə Ukraynaya əllərindən gələn  köməyi əsirgəmirlər. 

"PROMETEİZM” VƏ "PROMETEY”

Mühacirətdə Məhəmməd Əmin Rəsulzadəyə hər cür kömək, dəstək verən "Prometey” təşkilatını çoxlarımız  tanıyır, ən azı adını eşidib. Amma çoxları bilirmi ki, onu hansı ölkə, kim yaradıb? 

Uzun müddət elə bilmişəm ki, Fransanın yaratdığı təşkilatdı – "Prometey” Parisdə təsis olunub. Fransa 1920-ci illərdə Avropanın ikinci ən qüdrətli, varlı ölkəsi idi, İngiltərə kontinental işlərə nisbətən az qarışırdı. Amma "Prometey”i  nə Fransa, nə də ondan da varlı İngiltərə yaratmışdı.  

"Prometeizm” hərəkatını və təşkilatını Polşa yaratdığını, məqsədi Rusiya İmperiyasının zəiflətmək və bəlkə də parçalamaq üçün milli azlıqlarından olan mühacirləri  - Rəsulzadəni, Qafqaz xalqları, gürcülərin, Don kazakları, Krım və Qazan tatarları, Ukrayna, özbək, qazax və başqa Mərkəzi Asiya xalqları nümayəndələrini maliiyələşdirdiyini biləndə həm təəccübləndim, həm də "Prometeizm” siyasi layihəsini yaradan, illər sonra Polşanın avtoritar lideri olacaq marşal Yojef Pilsudskinin ağlına, siyasi təfəkkürünün dərinliyinə və bəsirətinə heyrətləndim. 

On-on iki il öncə Müsavat Partiyasının qərargahında Azərbaycan mühacirəti və M.Ə.Rəsulzadə ilə bağlı Nəsiman Yaqublunun təşkil etdiyi konfransda Polşa arxivlərində tapıb gətirdiyi polyak dilində məxfi bir sənədin surətini görmüşdüm. 

1920-ci illərin sənədində "Mamedov” soyadlı soydaşımızın Polşa Milli Təhlükəsizlik Nazirliyində yarım ya bir illik, - dəqiq xatırlamıram, bu barədə yazım isə əlimin altında yoxdur, -  kurs keçməsinə izin verildiyi bildirilirdi. Məncə, o dövrün  ÇK-NKVD-sinin mühacirlərə qarşə terrorundan müdafiə olunmaq yolunda Rəsulzadənin məsləkdaş və silahdaşları  üçün belə bir təhlükəsizlik kursu göydəndüşmə bir şans idi. 

O Mamedov kim idi, nəçi olub? Kursu uğurla oxuyub qurtarıbmı? Ümumiyyətlə, qurtara bilibmi? Polyak dilini necə bilirmiş? Təhlükəsizlik işi, fəaliyyətiylə bağlı qabiliyyəti, istedadı olubmu? Öyrəndiklərini istifadə edə bilibmi?  Tarixin səhifələri belə sirrlərlə doludur. 

Marşal Yojef Pilsudskinin xatirəsi bu səbəblərdən bütün rəsulzadəsevərlər üçün əziz olmalıdır, məncə... 

ONORE BALZAK VƏ EVELİNA HANSKA 

Şərqi Polşa-Qərbi Ukrayna torpaqlarının ən böyük şəhəri və mərkəzi Lvovdur. İyirmi-iyirmi iki il öncə Azərbaycan nümayəndə heyətinin tərkibində Ukrayna səfəri zamanı Lvovda  axşam duası vaxtı şəhərin mərkəzindəki böyük bir katolik kilsəsinə getmişdim. 

Möhtəşəm kilsə ağzınacan adamla dolu, ukraynalı katoliklər öz yerində, adamların bir qismi orada yaşayan polyak idi, çox ehtimal. 

Şəhər sahmanında, memarlığında polşanın güclü təsiri açıq-aşkar duyulurdu. Xristian, özəlliklə katolik, ortodoks – pravoslav kilsələrinin içndəki zəngin bər-bəzək, zər-ziba, qızıl və qızıl suyuna çəkilmiş naxışları çox da xoşlamıram, islam məscidlərinin və yapon məbədlərinin sadə, xudmani, azrəngli dizaynı ürəyimə daha çox yatır, doğma görünür, amma bu zövq məsələsidir... 

Lvovun mərkəzində qədim binada yerləşən, pəncərələri mərkəzi meydana baxan, adını unutduğum köhnə hoteldə gecələyəndə vanna otağında qədim kafel, ayaqları şir ayağı formasında tikilmiş  qədim, bəlkə də əntiq çuqun vanna diqqətimi çəkdi. 

Axşam vannanın isti və ətirli suyunda uzanıb günün yorğunluğunu canımdan çıxara-çıxara hotelin 100  il əvvəlki sakinlərini düşündüm – Lvov ətrafında malikanə sahibləri, polyak zadəganlarını və varlı tacirləri,  Lvova  işləriylə bağlı ya elə-belə gəlmələrini. Onların yeyib-içmək, kef məclisləri, qumar səhnələri gözlərim önündə canlandı, gülüş səsləri və mübahisələri qulaqlarımda səsləndi. 

Yadıma düşdü ki, Onore de Balzakın oxucusu və sevgilisi, ömrünün sonuna yaxın evləndiyi, Polşa zadəganı Evelina Hanskanın malikanəsi buradan çox da uzaqda deyil. Balzak o malikanədə qalıb, nikahı da buralardakı kilsədə bağlayıblar.  Nigah, toy, ukraynalı və polşalı xanımların rəqabəti... 

NAZ-QƏMZƏ

Həmin səfər zamanı ukraynalı qızlar, xanımlarla rus xanımları arasında zahiri görünüşdə elə də fərq görmədim, sezmədim. Rus xanımlarını ömrüm boyu Bakıda və 1970-ci illərin ortalarında Moskvada iki il oxuyanda müşahidə etmişəm. Eyni ya da çox oxşar slavyan tipidir. Amma çox maraqlı və diqqətçəkən, məni təəccübləndirən bir fərqi Ukraynaya o iki həftəlik səfər zamanı gördüm və duydum. 

Ukraynalı qızlar ruslardan fərqli olaraq, bizim qızlar kimi nazlı-qəmzəli idi. Hamısı yox, təbii, amma işvə-naz mənasında, kişiylə danışanda səsindəki, tonundakı güclə sezilən modulasionlar – keçidlər, dəyişmələr, qaş-göz hərəkəti, baxış atmaq, gözlərini süzdürməsi, "bədən dili”nə aid olan sallana-sallana yerimək, üzünə tökülən saçını yerinə qaytarmaq  və başqa belə hərəkətləriylə bizim azərbaycanlı qız-gəlinə oxşaması göz önündə idi, heç bir şübhə ola bilməzdi. 

Rus və alman xanımlarında bu keyfiyyət, - bəzi istisnalarla, -  xeyli azdı, bəlkə də yox dərəsindədir, amma bizimkilərdə və bir çox şərq qadınlarında çoxdu. 

Ukraynalı xanımlarda da gördüm, müşahidə etdim. 

2022-nin əvvəlində Rusiya Ukraynaya hücum edəndən sonra Polşaya, müxtəlif təşkilatların hesablamalarına görə 1,38 milyondan tutmuş 6,3 milyon qədər qaçqın gəlib, çoxusu da qadın, uşaq və qocalardır. Hazırda Polşada 2-2,5 milyon ukraynalı qaçqın olduğu bildirilir, aralarında bir qadın ordusu.

SULTAN SÜLEYMANIN SEVGİLİSİ 

Ukraynaya səfər zamanı ən qüdrətli sultanlardan biri, Sultan Süleyman Qanuninin sevgili hərəmi, Haseki ləqəbli, islamda adı Hürrəm  Sultanın Ukraynadan gətirlən cariyə, əsir slavyan qız olduğunu bilirdim, Pavlo Zaqrebelnının Ukrayna dövlət mükafatı almış "Roksolana" romanını oxumuşdum. 

İndi bu ortaçağ "Love Story"sini hamı bilir - "Möhtəşəm yüzil" serialından sonra.

Roksolana avropalıların Hürrəm Sultana qoyduğu addır, Avropada bu adla tanınıb.  Otuz beş-qırx il öncə romanı maraqla oxumuş, hətta müəllifin buraxdığı, redaktorun görmədiyi, düzəltmədiyi  səhv tapmışdım. Korrektura səhvi yox, tarixi, ya hər hansı başqa fakt ya dil-üslüb səhvi yox, məhz məntiqi-məna səhvi. 

Zaqrebelnı sultana layiq bilinib hərəmxanaya götürülən, amma sultanın bəyənmədiyi, bir dəfə də gecə ya vaxt keçirmədiyi qızlar haqqında yazmışdı ki, "Нет большего унижения для девушки, чем быть отвергнутой самим султаном" – "Qız üçün sultanın xoşuna gəlməməkdən (rədd edilməkdən)  böyük alçaltma yoxdur". 

Guya ki, qızı sultan yox,  vəzir ya bəylərbəyi, ya lap mehtər bəyənməsəydi, daha yaxşı olardı? Müəllifin hansı fikri çatdırmaq istədiyi aydındır, amma onu belə deməzlər, burada "alçaldılma" sözü əvəzinə "peşmançılıq", "xəyal qırıqlığı"  işlədilsəydi, daha yaxşı olardı.  

Hürrəm Sultan Süleymana oğul doğub və özünü elə sevdirə bilib ki, Qanuni Hürrəmin tələbiylə ona "Haseki" adını verib və uyğun titul təsis edib. Haseki, yəni vəliəhdin, gələcək sultanın anası. 

"Haseki" titulu sultanın anasının – Sultan Səlim Yavuzun baş hərəminin oğlu sultan olandan sonra daşıdığı "Validə Sultan" titulundan yalnız bir pillə aşağı olub, Haseki isə sultanın bacıları, xalalarından yuxarı sayılıb. Hürrəmə qədər belə deyildi… 

Yalnız gözəlliyinə və sultanın məhəbbətinə görə deyil, ağlına-savadına, bir neçə dildə danışdığına, xarici ölkələrin səfirləriylə görüşmək, danışmaq hüququ qazandığına, sultanın qərarlarına təsir edə bildiyinə  və başqa belə amillərə görə Hürrəm Sultan Osmanlı imperiyasının ən nüfuzlu qadını ola bilib.
 
Bütün bunlar, habelə intriqa qabiliyyətiylə o qədər də ağlı, dövlət idarəçiliyi, siyasi və sərkərdəlik istedadı olmayan, yazılana görə, içki düşgünü olan oğlunu əvvəlcə vəliəhd, sonra sultan edə bilib.  

Xatırladıram, vəliəhd olmaq hələ sultan olmaq demək deyil, Hürrəm intriqa vasitəsiylə oğlundan əvvəlki vəliəhdi, sultanın başqa hərəmdən olan oğlu, sərkərdəlik istedadı olan, yeniçəri ordusunun sevimlisi Mustafanı Qanuninin qəzəbinə düçar və edam etdirmiş, oğlu üçün taxta yol açmışdı.  

Bir Ukrayna qadınının – Hürrəm Sulatanın o vaxtdan - ortaşağdan tanınan, zəmanəsinin fövqəldövlətinə,  Avropa və deməli, dünya siyasətinə təsir edən gözəlliyinin, məlahətinin sehri və tilsimi, ağlı, hiylə və intriqalarının gücü XXI yüzillikdə də, bu müharibə və qaçqınlıq dövründə də özünü göstərdi...

P.S. Şəkildə - bir ukraynalı xanım. Gözəllik müsabiqəsinin qalibi-filan deyil, İnternetdə onların da şəkilləri var, daha gözəldilər, bilərəkdən götürmədim. 
 
Çingiz SULTANSOY