Rusiyanın Ukraynaya təcavüzü Çinə necə təsir edir?

Rusiyanın Ukraynaya təcavüzü Çinə necə təsir edir?

21-03-2022 20:24 / Bu xəbər 1219 dəfə oxundu

Nensi Syan

Şimal-Qərb Universiteti nəzdində Kellogg adına Menecment Məktəbinin professoru, 
Çin İqtisadiyyat Laboratoriyasının qurucu direktoru
 
Martın 5-də Çin 2022-ci il üçün ÜDM artım hədəfinin 5,5% civarında olacağını açıqladı. Bu, 1991-ci ildən bəri ən aşağı göstəricidir.
 
Buna təəcüblənmək lazım deyil. Belə ki, hələ 2013-cü ildə Dünya Bankı və ÇXR Dövlət Şurasının iqtisadçıları Çinin illik artım tempinin 2030-cu ilədək 5%-ə düşəcəyini proqnozlaşdırmışdılar. 2010-2016-cı illərdə iqtisadi artım tempinin 1,8 faiz daha çox proqnozlaşdırıldığını və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində isə orta artım tempinin 3%-ə yaxın olduğunu nəzərə alsaq, bu rəqəm də şişirdilmiş kimi qiymətləndirilə bilər.
 
Eyni zamanda, iqtisadçılar və hökümət nümayəndələri Çində uzunmüddətli iqtisadi artımın qarşısında duran əsas maneələri - artan bərabərsizlik, korrupsiya, əhalinin qocalması, iri (adətən dövlət) müəssisələrinin səmərəsizliyi və ətraf mühitin çirklənməsini dəqiq müəyyən etmişdilər. Bununla belə, heç kim Covid-19 pandemiyasından və indi də Rusiyanın Ukraynaya təcavüzündən yaranan əlavə və əhəmiyyətli iqtisadi qeyri-müəyyənliyi əvvəlcədən hesablaya bilməzdi.
 
Pandemiya istehsal zəncirlərinin normal fəaliyyətini kəskin şəkildə pozdu və bütün dünyada qiymətləri artırdı. Çin, ərzaq idxalçısı olduğu üçün (2019-cu ildə bu malların ümumi idxal dəyəri 133 milyard dollar təşkil edib) ərzaq qiymətlərinin yüksəlməsindən xüsusilə narahatdır. 

2021-ci ilin noyabrında təchizat problemləri və pis hava səbəbindən Çin şəhərlərində tərəvəzin qiymətlərində 30,6% artım müşahidə edilib. Orta təbəqə üçün əsas zülal mənbəyi olan yumurtanın qiyməti isə eyni dövrdə 20,1% artıb.
 
Eyni zamanda, Çin həm də kömür, təbii qaz və neftin xalis idxalçısı olduğundan enerji daşıyıcılarının dəyəri Çində əsas narahatlıq yaradan məqamlardan biridir. Pandemiyadan sonrakı iqtisadi artım və Çin zavodların istehsalının bərpa edilməsi enerji daşıyıcılarına tələbatının artmasına və nəticədə onların qiymətinin yüksəlməsinə təkan verdi. Qiymətlərin yüksəlməsinə Çin tənzimləyiciləri subsidiyalaşdırılan elektrik qiymətlərinin yuxarı həddini artırmaqla cavab verdilər.  Həm kömürün qiyməti, həm də kömürə daxili tələb artmaqda davam etdiyindən bu tədbir elektrik enerjisi istehsalçılarının itkilərini kompensasiya etmək üçün kifayət etmədi. Nəticədə, 2021-ci ilin sentyabrında bir neçə şimal-şərq əyalətlərində elektrik stansiyaları bağlandı və bu, gözlənilməz kütləvi elektrik kəsilmələrinə, iqtisadi və sosial problemlər "dalğasına” səbəb oldu.
 
Sonradan hökumət ölkənin böyük ehtiyatlara malik olmasından istifadə edərək kömür hasilatını stimullaşdırmağa başladı. Buna baxmayaraq ölkənin digər enerji mənbələri üzrə ehtiyatları məhduddur və elektrik enerjisinə tələbat artmaqda davam edir.
 
Fevralın əvvəlində Si Cinpinin Vladimir Putinlə görüşdə elan etdiyi Çinin Rusiya ilə "sərhədsiz” tərəfdaşlığa üstünlük verməsini Çinin ABŞ-a qarşı birləşmək istəyi ilə yanaşı yuxarıda qeyd olunan iqtisadi narahatlıqlarla izah etmək olar. Enerji resursları Çin-Rusiya münasibətlərinin iqtisadi əsasını təşkil edir. 2019-cu ildə yanacaq bütün Çin idxalının (2,1 trilyon dollar) təxminən 17%-ni və ya 344 milyard dollar təşkil edib. Rusiya 2016-cı ildən Çinin ən böyük neft ixracatçısıdır və ən sürətlə böyüyən təbii qaz tədarükçüsüdür. Bu gün Çinin bütün neft-qaz idxalının 20%-i Rusiyanın payına düşür. 
 
Enerji resurslarına olan daxili tələbatı ödəmək və parnik qazının havaya buraxılmasını azaltmaq məqsədilə Çin 2030-cu ilə qədər ilkin enerji istehlakı strukturunda təbii qazın payını 15%-ə çatdırmağı planlaşdırır. Rusiya dünyanın təbii qaz ehtiyatlarının təxminən dörddə birinə malikdir və onun ən böyük ixracatçısıdır. Beləliklə, fevral ayında iki ölkə arasında razılaşdırılmış uzunmüddətli müqaviləyə əsasən Rusiya qazının Çinə ixracı 48 milyard kubmetrə, yəni Çinin 2025-ci ildə proqnozlaşdırılan qaz istehlakının (526 milyard kubmetr) təxminən 10%-i qədər artacaq. 
 
Rusiyanın Ukraynaya təcavüzü və ardınca Qərbin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi və maliyyə sanksiyaları birdən-birə bu planlara kölgəsi saldı, qeyri-müəyyənlik gətirdi. İstehsal zəncirlərində onsuz da mövcud olan problemlərin dərinləşməsi ilə yanaşı, geniş spektrli sanksiyalar da Çin şirkətlərinin Rusiyada fəaliyyətini çətinləşdirir. Amma ən əsas problem ondan ibarətdir ki, birdən-birə dünyanın ən böyük ərzaq və enerji resursları ixracatçılarından olan iki ölkə müharibəyə cəlb olunub. 
 
Ukrayna və Rusiya birlikdə dünya buğda ixracının 28%-ni təşkil edir və bu səbəbdən Çikaqo Ticarət Birjasında buğda fyuçerslərinin qiyməti işğal başlayandan bəri 50%-dən çox artıb. Tədarükün kəsilməsi və Rusiyaya qarşı sanksiyalara görə neft, qaz və kömür qiymətləri də kəskin artıb. Bu cür inflyasiya təzyiqi Çin əhalisi, eləcə də ölkə istehsalçıları üçün potensial dağıdıcı nəticələrə səbəb ola bilər.
 
Bununla belə, Çin hökumətinin Rusiya-Ukrayna müharibəsində seçdiyi neytral siyasi mövqeyi, əgər Çin ABŞ və ya Avstraliya kimi əsas Qərb ticarət tərəfdaşları ilə lazımsız problemlər yaratmadan Rusiya üçün daha vacib olmağa nail ola bilsə, yenə də iqtisadi gəlir gətirə bilər. 2021-ci ildə Rusiyanın ərzaq ixracı 38 milyard dollar təşkil edib ki, onun 4,7 milyard dolları Avropa Birliyinin payına düşüb. Əgər Qərbin sanksiyaları Rusiyanı ərzaq ixracatının bir hissəsini əlverişli şərtlərlə Çinə yönləndirməyə məcbur edərsə, Çində ərzaq qiymətlərinin inflyasiyası daha yumşaq ola bilər.
 
Çox güman ki, bu müharibə davam etdikcə, digər ölkələr də Rusiyadan neft və qaz alışını azaltdıqca Çin enerji daşıyıcılarının idxalı üçün daha əlverişli şərtlər əldə edəcək. ABŞ Rusiya neftinin idxalına qadağa qoyub və çox güman ki, digər ölkələr də buna əməl edəcək. Avropa Birliyi bu il Rusiya təbii qazından asılılığını 2/3 dəfə azaltmağı planlaşdırır və əvəzində alternativ təchizatçılar və enerji mənbələri axtarır.
 
Avropanın rus qazından imtinası vaxt aparsa da, Rusiyanın tezliklə başqa alıcılar axtarmalı olacağı qaçılmaz görünür. Neft və qaz Rusiya ixracının 60%-ni və federal büdcə gəlirlərinin 39%-ni təşkil etdiyindən (2019-cu ildə) Rusiya ilə bu yöndə danışıqlarda Çinin güclü mövqeyi olacaq.  
 
Nəticə etibarı ilə Rusiya-Ukrayna müharibəsinin Çin iqtisadiyyatına təsiri bu münaqişənin müddətindən və onun Ukrayna və Rusiyaya, eləcə də dünya iqtisadiyyatının digər hissələrinə vuracağı zərərin həcmindən asılı olacaq. Bu təsir həm də müharibə dayandırıldıqda sonra Çinlə Ukraynanın Qərb müttəfiqləri arasında nə qədər xoş niyyətin qalmasından asılı olacaq.
 
Aydındır ki, 2022-ci il qeyri-müəyyənlik ili olacaq və Çinin iqtisadi artım tempinə nəzarət etmək imkanları məhdud olacaq. Şərqi Avropada müharibənin yaratdığı yeni risklər, pandemiyadan sonrakı yavaş və qeyri-bərabər iqtisadi bərpa fonunda hakimiyyət orqanlarının artıq gözlədiyi problemləri daha da gücləndirir. Hələlik isə qarşıdakı aylarda Çinin və digər dünya iqtisadiyyatlarının necə "yaşayaşağını” yalnız təxmin etmək olar.

Mənbə: "project-syndicate.org"