Müqəddəs müəllim ömrü

Müqəddəs müəllim ömrü

07-01-2024 15:02 / Bu xəbər 1360 dəfə oxundu


Leyla Məcidova 
LDU-nun baş müəllimi,
Tarix üzrə fəlsəfə doktoru

Əsrlər boyu, tarixin bütün dönəmlərində müəllim cəmiyyətdə sayılıb-seçilən insanlardan olub. Cəmiyyət özünün gələcəyini məhz onlara əmanət edib. 

Dünən də, bu gün də, elə lap sabah da müəllimlər cəmiyyətin elit təbəqəsi olaraq özlərinə cəmiyyət daxilində layiqli yer tutmuşlar. Onlar öz vəzifələrinin məsuliyyətini, çətinliyini, müqəddəsliyini dərk edir və gələcək nəslin cavabdehliyini çiyinləri üzərində daşımağa imza ataraq bu yolda heç bir çətinlikdən qorxmayan, zəhməti, fədakarlığı hesabına özünə inanan insanlardır.

İdeal müəllim olmaq məqsədilə çətinliklərdən və çəkilən əziyyət müqabilində əldə olunan uğurlu nəticələrdən zövq alan müəllimlərimizdən idi Əliağa müəllim. Tələbələrinin tam əksəriyyətinin yaddaşında tərəfsiz, elm fədaisi, yetirmələrinə əsl valideyn qayğısı göstərən səmimi bir insan olaraq qalıb. Həm tələbəliyimizdə, həm də sonradan mənim peşəkar tarixçi – tarix üzrə fəlsəfə doktoru olmağımda böyük əməyi olub Əliağa müəllimin. 

Kiminsə dalınca danışmaması, tamahsızlığı, ürəyiaçıqlığı, heç kəsin haqqına girməməsi, Əliağa müəllimi biz tələbələrinə sevdirən xarakter xüsusiyyətlərindən idi. Müsbət aurasından doymaq olmurdu Əliağa müəllimin.

HAŞİYƏ: Əliağa Arif oğlu Baxşıyev 10 fevral 1941-ci ildə Astara rayonunun Motlayataq kəndində anadan olub. 

1964-1968-ci illərdə Azərbaycan Dövlət Universiteti Tarix fakültəsinin əyani şöbəsində təhsil alıb. 

1968-1974-cü illərdə Astara rayonu Siyəkü kəndində tarix müəllimi, 1974-cü ildən ADU-nun Tarix fakültəsinin Azərbaycan tarixi kafedrasında laborant, baş laborant, müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb. 

1998-2012-ci illərdə Lənkəran Dövlət Universitetinin "Tarix və fəlsəfə” kafedrasına rəhbərlik edib, 2012- 2016-cı illərdə kafedrada dosent vəzifəsində çalışıb, 2016-2018-ci illərdə yenidən "Tarix və onun tədrisi metodikası” kafedrasının müdiri vəzifəsində işləyib. 

Ə.A.Baxşıyev 4 dərs vəsaiti, 1 proqram, 19 elmi məqalənin müəllifi idi. 2006-cı ildə Təhsil Nazirliyinin fəxri fərmanı ilə, 2019-cu ildə isə fəxri müəllim nişanı ilə təltif edilmişdi.

Hamımıza doğma evimiz qədər yaxın olan elm məbədimiz Lənkəran Dövlət Universitetin dosenti, "Tarix və onun tədrisi metodikası” kafedrasında uzun illər qüsursuz fəaliyyət göstərmiş, 2021-ci ildən təqaüddə olan dəyərli müəllimimiz, Tarix elmləri namizədi Əliağa Arif oğlu Baxşıyev 10 yanvar 2022-ci ildə 81 yaşında dünyasını dəyişdi. Əliağa müəllimin unudulmaz xatirəsi daim yaddaşlarda qalacaqdır. 

Şair İbrahim Yusifoğlunun təbirincə:
Ən parlaq ulduzdu, nur saçan aydı,
Dalğalı dənizdi, ləpəli  çaydır
Ömrü ömürlərə paylanan paydır.
Safdı, müqəddəsdi müəllim ömrü.

Əliağa müəllim vəzifə üçün əldən gedən insan deyildi,kimsənin haqqına girməyi sevməzdi,təmiz qanlı əsl insan idi və onun kimi insanlar 100 ildən bir doğulur.Məni övladlarından ayırmayan əziz müəllimim mən əminəm ki, yeriniz cənnətdir.Kişi kimi yaşadız və kişi kimidə bu fani dünyanı kimsəni incitmədən tərk etdiz. Nur içində yatın...

Sizin açdığınız bu cığırlarda,
Yalnız xoş əməllər yetişəcəkdir.
Xeyirlə əkilən toxumlar yalnız,
Ətirli gül çiçək bitirəcəkdir.

Sizi unutmarıq əziz müəllimim.
Daim qəlbimizdə yaşayacaqsız.
Alsada bu soyuq torpaq qoynuna,
Sevən könüllərdə anılacaqsız.