Muxtar Babayev İlham Əliyevi gah təkzib, gah təsdiq edir

Muxtar Babayev İlham Əliyevi gah təkzib, gah təsdiq edir

12-07-2023 17:00 / Bu xəbər 1243 dəfə oxundu

"Söyüdlü kəndində hər şey norma daxilindədir"

"Gədəbəyin Söyüdlü kəndində çirkləndirici maddələrin çox olması ilə bağlı narahatlıq vardı. İlk gün aparılan hava keyfiyyətinin nəticələrinə görə təhlükəli maddələrin normadan artıq olmadığı məlum olub. Yəni hər şey norma daxilindədir".

Bunu Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması məqsədilə yaradılan Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev keçirdiyi brifinqdə deyib.

Xəbəri "Report” yayıb.

Nazir bildirib ki, kənd sakinləri üçün müayinələrin aparılması təşkil olundu: "Müayinədən imtina edənlər də oldu. Xəstəxana şəraitində yoxlanılan da var idi".

"Prezident haqlı iradlar səsləndirib, tapşırıqlar icra olunacaq”

Daha sonra nazir bildirib ki, prezident haqlı iradlar səsləndirib, tapşırıqlar icra olunacaq: "Prezident ötən gün haqlı iradlar səsləndirib. Xüsusilə nazirliyin bəzi sahələrdəki fəaliyyətsizliyi ilə bağlı fikirlər söyləyib. Bütün tapşırıqlar icra olunacaq.

"Belə hallarla üzləşməmək üçün çalışacağıq”, - o, əlavə edib.

Ötən gün, iyulun 11-də ölkə başçısı İlham Əliyev cari ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışı zamanı daha çox Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyini günahlandırıb.

İlham Əliyev Gədəbəy rayonundakı hadisəni "tamamilə qəbuledilməz” adlandırıb: "Hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib”.

Dövlət başçısı Söyüdlü sakinlərinin haqlı etiraz etdiyini də bildirib: "İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil”.

Məhz bu çıxışdan sonra ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib ki, Söyüdlü kəndində hər şey norma daxilindədir. 
 
Söyüdlüdə nə baş verib?

İyunun 20-dən Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində qızıl yatağının sularından süni gölün yaradılmasına etiraz aksiyası başlayıb.

10-dan artıq kənd sakini və hadisənin təşkilində şübhəli bilinən şəxs saxlanılıb. Saxlanılanlar arasında narkotik ittihamı verilən də var.

İyunun 22-də Gədəbəyin Söyüdlü kəndinə sakinlərdən başqa şəxslərin girişi məhdudlaşdırılıb.

Daxili İşlər Nazirliyi (DİN) səbəb kimi ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsini göstərib.

Kəndin sakinləri isə bildirirlər ki, əsl səbəb iyunun 20-21-də etdikləri etiraz aksiyasıdır, onları nəzarətdə saxlamaq istəyirlər.

Söyüdlü kəndinin sakinləri iki gün ard-arda evlərinin yaxınlığında qızıl mədənləri üçün ikinci süni gölün salınmasına etiraz edib.

Sakinlər kəndlərində ikinci belə yaradılacaq su hövzəsinin kimyəvi maddələrlə dolu olduğunu, bunun isə sağlamlığa zərər vurduğunu bildiriblər.

Onların sözlərinə görə, bu su hövzələri onların əkin və örüş sahələrində salınır.

Bu da əkinə, meyvəyə, ağaclara və insanların sağlamlığına zərər vurur.

Söyüdlü sakinləri daha öncə də eyni şikayətlərlə etiraz etmişdilər.

Sakinlər bildirirlər ki, 2012-ci ildə kəndlərinin yaxınlığında qızıl mədəninin tullantılarından yaranan göl salınıb.

Onlar bundan sonra bağlarında meyvə qalmadığını, arı təsərrüfatlarının dağıldığını deyiblər.

Sakinlər həmçinin gölün suyunun içməli sulara qarışacağından ehtiyat edir, bunun nəticəsində yaranacaq xəstəliklərdən qorxurlar.

Nazirlər Kabineti məsələ ilə bağlı komissiya yaradıldığını deyir.

Komissiya dövlət məmurlarından formalaşıb, tərkibində müstəqil ekspert yoxdur.