Müxalifət yeni mitinq üçün müraciət etdi

Müxalifət yeni mitinq üçün müraciət etdi

24-02-2020 17:21 / Bu xəbər 860 dəfə oxundu

Bakı Şəhər İcra Hakimiyyətinə 8 yer təklif edilib

Müsavat, ReAL partiyaları, "D18” Hərəkatı və müstəqil namizədlər fevralın 29-da saat 15.00-dan 17.00-dək Mərkəzi Seçki Komissiyası qarşısında mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.

Bu barədə "D18” Hərəkatının sədri Ruslan İzzətli məlumat paylaşıb.

Ruslan İzzətli bildirib ki, müraciətdə Bakı şəhər İcra Hakimiyyətinə alternativ üçün 8 yer də təklif ediblər: "Nazim Hikmət və Həsən Zərdabi küçələrinin kəsişməsindəki meydan, 20 Yanvar küçəsi, 2527 ünvandakı məhəllə stadionu (Moskva univermağının yaxınlığında), Nəcəf Nərimanov küçəsi 55 ünvanında yerləşən "Cıdır” restoranının qarşısındakı meydan, Hüseyn Cavid heykəlinin ətrafındakı park (Yasamal rayonu, Elmlər Akademiyası nın yaxınlığında), Qış parkı (Akademik Dram Teatrının qarşısında), Mərkəzi park (Akademik Dram Teatrından yuxarı), 28 May metro stansiyasının qarşısındakı meydan (Cəfər Cabbarlının heykəli ətrafında), Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionunun (keçmiş "Məhsul” stadionu)”.

Fevralın 16-da Müsavat, ReAL partiyaları, "D18” Hərəkatı və müstəqil namizədlər Mərkəzi Seçki Komissiyasının qarşısında aksiya keçirməyə cəhd edib. Ancaq aksiyanın başlanmasına bir neçə saat qalmış təşkilatçılar saxlanılıb. MSK qarşısına gələn insanlar da saxlanılaraq şəhərdən kənara aparlıblar. 

Müsavat Partiyasının başqanı Arif Hacılı "Bayraq Meydanı”na, ReAL Partiyasının sədri İlqar Məmmədov Şamaxıya, D18 hərəkatının sədri Ruslan İzzətli Yevlaxa aparılaraq, orada sərbəst buraxılıblar.