“Neftçi”nin ukraynalıların etirazına səbəb olan addımı

“Neftçi”nin ukraynalıların etirazına səbəb olan addımı

10-07-2023 18:29 / Bu xəbər 2791 dəfə oxundu

Klubdan Ukrayna Futbol Federasiyasının bəyanatı ilə bağlı şərh vermək istəməyiblər

Ukrayna Futbol Federasiyası Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan "Matç TV kuboku”nun iştirakçılarına etirazını bildirib.

Turnirdə Rusiyanın "Zenit” klubu ilə yanaşı, Azərbaycanın "Neftçi”, Türkiyənin "Fənərbaxça”, Serbiyanın "Srvena Zvezda” komandaları da iştirak edirlər.

"Neftçi” turnirdə artıq iki oyun keçirib. Bakı klubu "Zenit”ə 1:3, "Srvena Zvezda”ya isə 0:4 hesabı ilə məğlub olub. "Ağ-qaralar” turnirdə son oyununu iyulun 15-də "Fənərbaxça”ya qarşı keçirəcək.

Ukrayna Futbol Federasiyası klubların Rusiyada təşkil olunan turnirə qatılmasını qətiyyətlə pisləyib. 

Federasiyanın yaydığı bəyanatda bildirilib: "Rusiyada futbol həmişə yerli kriminal rejimin təbliğat vasitəsi kimi istifadə olunub”.

Ukraynalıların narazılığını və etirazını anlamaq olar. Rusiyanın keçən ilin fevral ayında bu ölkəyə başlatdığı hücumdan sonra ukraynalılar bütün sahələrdə rusların qarşısında durmağa, müqavimət göstərməyə çalışırlar. Onlar dəfələrlə idman qurumlarına, təşkilatlarına müraciətlər edərək, rusların beynəlxalq yarışlarda iştirak etməsini əngəlləməyə çalışıblar. Və onsuz da, Rusiya hazırda dünya idmanından təcrid olunmuş vəziyyətdədir. Bir sözlə, Ukrayna Futbol Federasiyasının Sank-Peterburq şəhərindəki turnirlə bağlı etirazını başa düşmək o qədər də çətin deyil.

Türkiyənin "Fənərbaxça” klubunun turnirin təşkilatçılarının dəvətini qəbul edərək, Rusiyaya yollanacağı əvvəldən məlum idi. Hələ ötən il İstanbul klubu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Ukraynanın "Dinamo” (Kiyev) komandası ilə öz meydanında qarşılaşanda "Fənərbaxça” necə deyərlər, öz rəngini bəlli etmişdi. Komandanın azarkeşləri stadionda dayanmadan Rusiya Prezidenti Vladimir Putinin adını səsləndirmişdilər. Oyun isə "Dinamo”nun 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Serbiya dövlətinin Rusiya ilə yaxşı münasibətdə olması da da heç kimə sirr deyil.

Bəs yaxşı, "Neftçi” həm Azərbaycanda, həm də, beynəlxalq müstəvidə bu turnirdə iştiraka görə qınaqla üzləşə biləcəyini bilərək, rusların təklifini niyə qəbul edib? 

FİFA və UEFA kimi təşkilatlar Rusiyanın milli komandalarını, klublarını bütün beynəlxalq yarışlardan uzaqlaşdırıb. Rusiyanın Ukraynaya hücumundan sonra demək olar ki, bütün əcnəbi futbolçular Azərbaycanın şimal qonşusunu tərk edib. Yəni planetin böyük hissəsinin Rusiyaya münasibəti ortadadır və münasibət heç də xoş deyil. Belə olan halda, Azərbaycan klubunun başqa komandalar – "Qarabağ”, "Sabah”, "Zirə”, "Qəbələ” kimi yay təlim-məşq toplanışı üçün Türkiyəyə, Avsrtiyaya üz tutması daha yaxşı olmazdımı?

Çox təəssüf ki, "Neftçi” hələ Sankt-Peterburdakı turnirdə iştirakla bağlı təklif alanda mətbuatın "dəvətdən imtina etmək lazımdır” tipli çağırışlarına məhəl qoymadı. Üstəlik, komanda "Matç TV kuboku”nda uğrulu çıxışla da seçilmir. Nə nəticə, nə göstərdiyi oyun baxımından. 

Heç "Neftçi”nin baş məşqçisi də yoxdur. Deyəsən, klub rəhbərliyi yeni baş məşqçini Sankt-Peterburqda axtarır…

Ukrayna Futbol Federasiyasının etiraz bəyanatı ilə bağlı "Neftçi”nin mövqeyini öyrənmək istəsək də, klubun mətbuat xidmətindən Meydan TV-yə bildirildi ki, bu məsələ haqda şərh vermək istəmirlər.