Pandemiya dövrü: Azərbaycandan hara getmək olar və ölkəyə kimlər gələ bilər?

Pandemiya dövrü: Azərbaycandan hara getmək olar və ölkəyə kimlər gələ bilər?

07-06-2021 18:13 / Bu xəbər 1249 dəfə oxundu

İqtisadçı: "Sərhədlərin açılması turzimdən gələn valyutanın həcmini artıracaq"

Azərbaycan hələ də Gürcüstanla quru sərhədlərinin açılıb-açılmaması barədə açıqlama verməyib. 

Hələlik Gürcüstana Azərbaycandan getməyin yeganə yolu "Buta Airways”ın həftədə 5 dəfə olan reysidir.

Qiymətlər isə biletin nə zaman alınmasından və baqaj kilosundan asılı olaraq tək yöndə 112- 257 manat arası dəyişir.

Səfər üçün nə lazımdır?

Getmədən öncə Gürcüstanın registration.gov.ge saytından qeydiyyatdan keçməli və 9 bəndlik formu doldurmalısınız. Həm Bakı Hava Limanında, həm də Tbilisidə sizdən bu sənədi tələb edəcəklər. Çətin suallar deyil, cavabını çap edib özünüzlə götürə, yaxud telefonunuzun yaddaşından göstərə bilərsiniz.

Eyni zamanda, Gürcüstan Azərbaycan vətəndaşlarını ölkəsinə girişdə karantinə almır, ancaq son 48 saat içində verilmiş mənfi nəticəli PCR testi tələb edir. Testin nəticəsi ingilis dilində olmalıdır. Bir də Gürcüstana gəldikdən 72 saat sonra öz hesabınıza klinikaların birində yenidən test verməlisiniz. Yoxsa ölkədən çıxışda 500 dollaradək cərimələnə bilərsiniz. Azərbaycanda nəticəni ingilis dilində verən klinikalarda test qiyməti 60-75 manat arası dəyişir. Gürcüstanda isə ən ucuz testin qiyməti 85 laridir (45 manat). 100-120 lariyədək (54-64 manat) qiymətləri var.

Qeyd: Gürcüstanla hava yolu açıq olsa da, Azərbaycan 1 ildən artıqdır ki, xarici ölkə vətəndaşlarının turistik səfərlərinə bağlıdır. Yəni bu reysdən yalnız Azərbaycan vətəndaşları, akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər, işləmək, müvəqqəti və ya daimi yaşamaq icazəsi olan xaricilər və ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr istifadə edə bilərlər.

İyunun 10-dan Türkiyə və Rusiya vətəndaşlarının hava nəqliyyatı vasitəsilə Azərbaycana giriş-çıxışına izin veriləcək. Qərara əsasən, yaşı 18-dən yuxarı olan insanlar yalnız COVID-19 pasportu və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında gələ bilərlər. 1-18 yaş arasında olanlar isə yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsi ilə Azərbaycana səyahət edə bilərlər.

İqtisadçı, deputat Vüqar Bayramov deyir ki, turizm mövsümünün başladığını nəzərə alaraq mərhələli şəkildə gəlmə turizmdə xüsusi payı olan ölkələr ilə analoji yumşalmalara gedilməsi məqsədəuyğun olardı.

O hesab edir ki, sərhədlərin açılması turizm sektorundan ölkəyə daxil olan valyutanın həcminin artıracaq: "Belə ki, pandemiyadan əvvəlki ildə Azərbaycan gələn 3 milyon 170 min turistin 29,4%-i Rusiya, 22,9%-i Gürcüstan, 10%-i Türkiyə, 8,1%-i İran, 3,4%-i Səudiyyə Ərəbistanı, 2,2%-i Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları idi. Bu baxımdan, gəlmə turizmdə xüsusi paya malik ölkələrdəki epidemioloji vəziyyətə uyğun olaraq mərhələli şəkildə həmin ölkə vətəndaşlarının da Azərbaycana səfər qaydalarının yumşaldılması ölkəyə daxil olan valyutanın həcminin artırılması baxımdan da vacibdir”.

Vüqar Bayramov
Mənbə: Meydan TV

İyunda Azərbaycan vətəndaşları başqa haralara səyahət edə bilər?

Azərbaycan Hava Yolları (AZAL) həftənin hər günü İstanbul Hava Limanına, "Buta Airways” isə hər gün İstanbulun Sabiha Gökçen Hava Limanına uçuşlar həyata keçirir. Yenə də nə qədər əvvəl almanızdan, hansı şirkəti seçmənizdən və baqaj kilosuna görə qiymətlər tək yöndə 370-900 manat arasında dəyişir.

AZAL-ın həftədə 2 dəfə olan Bakı-Ankara-Bakı reysinin qiyməti isə tək yöndə 278-308 manat aralığındadır.

"Buta Airways”-ın da Bakı-Ankara-Bakı reysi var. Uçuşlar həftədə 2 dəfə, qiymət isə tək yöndə 110 manatdan başlayır.

Türk Hava Yollarının (THY) da İstanbul-Bakı-İstanbul, Ankara-Bakı-Ankara reysləri var və hardasa AZAL-ın qiymətləri ilə ya eyni, ya da azacıq bahadır.

İqtisadçı Natiq Cəfərli daha öncə Meydan TV-yə AZAL-ın onun üçün önəmli olan Bakı-İstanbul-Bakı reysində bütün aviaşirkətləri sıxışdırdığını və onlara özünün qoyduğu qiymətlərdən ucuz reys həyata keçirməyə imkan vermədiyini bildirmişdi.

Natiq Cəfərli
Mənbə: Meydan TV

Türkiyəyə səfərdən öncə register.health.gov.tr saytına daxil olub form doldurmaq lazımdır. Eyni zamanda, Türkiyə iyunun 1-dən ölkəsinə giriş qaydaları dəyişib. Əgər COVID pasportunuz və ya immunitet sertifikatınız varsa, Türkiyəyə səfərdən öncə PCR testə ehtiyac yoxdur.

COVID pasportu səfərdən azı 14 gün öncə alınmalıdır. İmmunitet sertifikatı isə son 6 ayda koronavirusa yoluxub sağalmağınızı göstərməlidir.

Türkiyənin tətbiq etdiyi bu qayda Əfqanıstan, Banqladeş, Braziliya, CAR, Hindistan, Nepal, Pakistan, Şri Lanka, Birləşmiş Krallıq, İran, Misir və Sinqapurdan səyahət edənlərə şamil edilmir. Əsas məsələ, Azərbaycan vətəndaşları üçün keçərlidir.

Türkiyə üçün PCR testini poliklinikalarda 40 manata verə bilərsiz. Dönüşdə, Türkiyədə isə testin qiyməti 200-300 TL (40-60 manat) civarındadır.

Rusiyaya da getmək mümkündür

Rusiyanın paytaxtı Moskva şəhərinə Bakı Hava Limanından AZAL-ın həftədə 3 dəfə reysi var. Biletlərin qiymətləri tək istiqamətdə 550-1630 manat aralığında dəyişir. İyunun 15-dən isə S7 aviaşirkəti Bakı-Volqoqrad və Bakı-Samara birbaşa reyslərinə başlayacaq. Gediş-gəliş biletinin qiyməti 500 manatdan başlayacaq.

İyunun 14-dən isə AZAL Bakı-Moskva reysinin sayını artıracaq. Bununla da bazar ertəsi günləri Bakı Hava Limanından Moskvanın Domodedova aeroportuna xüsusi reyslə uçmaq mümkün olacaq.

Mayın 3-dən isə Rusiyanın "Utair” Aviaşirkəti Moskva-Naxçıvan-Moskva reysini həyata keçirir. Uçuşlar həftədə bir dəfə, bazar ertəsi günüdür. Biletlər isə tək yöndə 440-500 manat aralığındadır.

"Utair” Aviaşirkəti
Mənbə: report.az

"Buta Airways”ın iyunun 3-dən başlayan Bakı-Həştərxan-Bakı reysində biletlər birtərəfli 110 manatdan başlayır. "Buta Airways” həftədə 1 dəfə Bakıdan Moskvanın "Jukovski” Hava Limanına da birbaşa uçuşlar həyata keçirir. Biletlərin başlanğıq qiyməti 110 manatdan başlayır. Rusiyaya uçuş üçün tək şərt son 48 saat içində verilmiş və cavabı mənfi olan PCR testi nəticəsidir.

İsti havalarda daha haralara getmək mümkündür?

"Buta Airways”-in həftənin 4 günü həyata keçirdiyi Bakı-İzmir-Bakı reysi var. Qiymətlər tək yöndə 217-237 manat arası dəyişir. "Buta Airways”-in Bakı-Alanya-Bakı reysi də var, ancaq iyun ayı üçün bilet qalmayıb. Normalda qiymətlər tək yöndə 185-247 manat arası dəyişir.

Türkiyənin "Pegasus” aviaşirkəti iyunun 19-dan həftədə üç dəfə Bakı-Alanya-Bakı reysini həyata keçirəcək. Qiymətlər isə bir istiqamətdə 183-404 manat arası dəyişir.

İyulun 3-dən isə "Pegasus” Bakı-İzmir-Bakı reysinə başlayır. Qiymət tək yöndə 150 manatdan başlayır. AZAL-ın Bakı-Antalya-Bakı reysi də var. Uçuş həftənin hər günü, qiymətlər isə tək yöndə 400-500 manat aralığında dəyişir.

"Buta Airways”
Mənbə: Vikipediya

Ukraynaya, Dubaya, Londona "Ukrayna Hava Yolları” şirkətinin Bakı-Kiyev-Bakı reysi var. Bilet qiyməti tək istiqamətdə 115-200 manat civarındadır.

"Buta Airways”-in də Bakı-Kiyev-Bakı reysi var. Uçuşlar həftədə 2 dəfə (bazar ertəsi və cümə axşamı), biletlər isə tək yöndə 110- 150 manat arasıdır.

Bundan əlavə, AZAL-ın Bakı-London-Bakı, Bakı-Dubay-Bakı, "Flydubai”ın isə Bakı-Dubay-Bakı reysləri var. Uçuş tarixləri və qiymətlərlə aviaşirkətlərin saytından tanış ola bilərsiniz.(Meydan TV)