Paşinyan Əliyevlə görüşə hazır olduğunu deyir

Paşinyan Əliyevlə görüşə hazır olduğunu deyir

04-10-2021 17:22 / Bu xəbər 1153 dəfə oxundu

Prezident Əliyev İspaniyanın EFE agentliyinə müsahibəsində Paşinyan görüşə "hazır olanda istənilən zaman danışmağa hazıram” deyib.

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə hazır olduğunu bildirib. 

AzadlıqRadiosunun Ermənistan xidmətinin məlumatına görə, o, iki ölkənin xarici işlər nazirləri səviyyəsində danışıqların mümkünlüyünü də istisna etməyib.

"Dağlıq Qarabağ problemi həllini gözləyir”

Oktyabrın 3-də Litvaya ikigünlük səfərə gedən Paşinyan bu ölkədəki erməni icmasının təmsilçiləri ilə görüşüb. 

O, erməni əsirlərin dəyişdirilməsi əvəzində Azərbaycana minalanmış ərazilərin hamısının xəritələrini verməyə hazır olduğunu söyləyib.

"Azərbaycan prezidenti mənimlə görüşə hazır olduğunu deyir. Mən hələ iyulda ən yüksək, ali səviyyədə görüşə hazır olduğumuzu demişdim. Bu o deməkdir ki, biz həm xarici işlər nazirləri, həm baş nazir, həm prezident səviyyəsində görüşməyə hazırıq. BMT Baş Assambleyasındakı çıxışımda dedim ki, Dağlıq Qarabağ problemi həllini gözləyir. Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatlarını bir neçə dəfə alqışlamışıq. Onlar Dağlıq Qarabağ münaqişəsinin həlli və bu məqsədlə sülh prosesinin bərpasının gərəkdiyini dəfələrlə vurğulayıblar”, – Paşinyan bildirib.

Prezident Əliyev İspaniyanın EFE agentliyinə müsahibəsində Paşinyan görüşə "hazır olanda istənilən zaman danışmağa hazıram” deyib.

"Bütün xəritələri götürməyə hazıram”

Ermənistanın Baş naziri Azərbaycan Prezidenti ilə görüşə hazır olduğunu vurğulayıb.

"Özümlə bizdə olan bütün xəritələri götürməyə hazıram. Azərbaycan prezidentini də özüylə bizim əsirləri gətirməyə çağırıram”, – o deyib.

Azərbaycan Prezidenti İlham Əliyev isə çıxışlarında bir neçə dəfə mina xəritələrinin dəqiqliyinin 25 faiz olduğunu bildirib. Paşinyan deyir ki, onlar əllərində olan xəritələri veriblər, "yəni yaxşısını siyirmədə saxlayıb, pis keyfiyyətdə olanı verməyiblər”.

"Xəritələrin keyfiyyətində problem olduğunu istisna etmirəm, həm də bilirəm. Niyə? Çünki xəritənin keyfiyyəti kartoqrafın keyfiyyətindən, onun peşəkarlığından asılıdır. Bizdə kartoqrafiya olunandır. Biz burada səmimi, açığıq, yəni heç kəsi aldatmaq fikrimiz yoxdur. Çünki söhbət təkcə Azərbaycandan getmir, bizim tərəfdaş-vasitəçilərdən, bizə dost ölkələr olan tərəfdaşlardan gedir. Bu vəziyyətdə nəyisə başqa cür etmək düzgün olmazdı”, – Paşinyan bildirib.

İnam

Baş nazir onların Azərbaycana, Azərbaycanın isə onlara inanmadığını söyləyib.

"Problem ondadır ki, kiçik addımlarla irəliləmək, azacıq da olsa inam yaratmaq lazımdır. İnam nəyə lazımdır? Humanitar məsələləri tez həll edə bilək deyə, əsir qardaşlarımızı ailələrinə tez qaytara bilək deyə”, – Paşinyan vurğulayıb.

Azərbaycan 44 günlük müharibə və atəşkəs razılaşması nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. 

Qarabağdakı erməni icması ilə təmas xəttinə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib.

Müharibədən sonra Ermənistana 104 əsirin qayıtdığı bildirilir. Azərbaycan hərbi əməliyyatlar bitəndən sonra saxlanılmış hərbçilərin əsir deyil, terrorçu-diversant olduğunu desə də, onların bir qismi sonradan mina xəritələri əvəzində Ermənistana qaytarılıb.

Prezident Əliyev müharibə bitəndən sonra çıxışlarında dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin artıq keçmişdə qaldığını bildirib.