Paşinyan: “Rusiyaya qarşı sanksiyalar Ermənistana təsir edib”

Paşinyan: “Rusiyaya qarşı sanksiyalar Ermənistana təsir edib”

14-06-2022 18:35 / Bu xəbər 781 dəfə oxundu

Baş nazir Zəngəzur dəhlizini "qırmızı xətt” sayır

Rusiyaya qarşı sanksiyalar Ermənistan iqtisadiyyatı üçün xoş deyil.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan "Əl Cəzirə" telekanalına müsahibəsində deyib.

Paşinyan Ermənistan iqtisadiyyatının hazırki durumunu da şərh edib.

O deyib ki, Ermənistan iqtisadiyyatına təkcə Rusiyadakı iqtisadi situasiya təsir etməyib, həm də digər qlobal amillər rol oynayıb: "Ərzaq təminatı ilə bağlı problemlər, inflyasiya və digər faktorların doğurduğu qlobal iqtisadi gərginlik də Ermənistan iqtisadiyyatına mənfi təsir edib”.

Baş nazir mövcud durumdan çıxış yolları axtardığını da qeyd edib: "Artıq Azərbaycanla qarşılıqlı suverenlik və sərhədlərin toxunulmazlığına hörmət prinsipi əsasında regional kommunikasiyaların açılması məsələsini müzakirə edirik”.

Lakin o, Zəngəzur dəhlizinin Ermənistan üçün qəbuledilməz və "qırmızı xətt” adlandırıb: "Üçtərəfli bəyanatda yalnız bir dəhlizdən danışılır, o da Laçın dəhlizidir”.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistanın delimitasiya və sərhədlərin təhlükəsizliyi üzrə milli komissiyası Qarabağla bağlı deyil.

İlham Əliyev çıxışlarında dəfələrlə deyib ki, Zəngəzur dəhlizi artıq reallıqdır.

2022-ci il mayın 23-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan sərhəd delimitasiyası üzrə komissiyaların yaradıldığı barədə sərəncam imzalayıblar.

Mayın 24-də isə Azərbaycan və Ermənistan baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryan Ermənistan-Azərbaycan sərhədində görüşüblər.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə tərəflər delimitasiya və digər məsələlər üzrə Komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiq ediblər.

Tərəflər razılaşıb ki, dövlətlərarası sərhəddəki görüşlərlə yanaşı, fərqli yerlərdə də iclaslar keçirsinlər. Belə ki, ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə edilib.