Putin Makronun Qarabağ münaqişəsi ilə bağlı ittihamlarını rədd edib

Putin Makronun Qarabağ münaqişəsi ilə bağlı ittihamlarını rədd edib

14-10-2022 13:01 / Bu xəbər 1034 dəfə oxundu

"Bu bəyanatlar yanlış, hətta deyərdim ki, təhrifdir”

"Fransa Prezidenti Emmanuel Makronun Qafqazda vəziyyətin Rusiya tərəfindən qəsdən destabilləşdirilməsi ilə bağlı bəyanatları qəbuledilməzdir və düzgün deyil”.

Bunu oktyabrın 14-də Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyinin (MDB) sammitində səsləndirib.

Putin Qarabağ münaqişəsinin qızışdırılmasında Rusiyanın rolu ilə bağlı Fransanın ittihamlarını rədd edib.

O, Makronun bəyanatlarını böyük təəccüblə oxuduğunu qeyd edib.

"Düşünürəm ki, bu bəyanatlarda münaqişənin gedişi ilə bağlı heç bir anlayış yoxdur. Ona görə də bu bəyanatlar yanlış, hətta deyərdim ki, təhrifdir. Ona görə də onlar qəbuledilməzdir”, – deyə Putin əlavə edib.

Fransa Prezidenti E.Makron oktyabrın 12-də demişdi ki, Rusiya Ermənistan və Azərbaycanı son toqquşmalara məqsədyönlü təhrik edib.

Fransa Prezidenti Rusiyanı Qafqazda, həmçinin onun hüdudlarından kənarda sabitliyi pozmaqda və münaqişəsini qızışdırmaqda günahlandırmışdı.