Putinin fərmanının Azərbaycana təsiri: “Çörəyi 1 manata almağa hazır olun”

Putinin fərmanının Azərbaycana təsiri: “Çörəyi 1 manata almağa hazır olun”

09-03-2022 15:23 / Bu xəbər 1071 dəfə oxundu

Rusiya Prezidenti xarici sanksiyalarla bağlı ixrac və idxala bəzi qadağalar qoyub

Rusiya Prezidenti Vladimir Putin 2022-ci ildə ixracı və müəyyən məhsul və xammalın idxalını hökumətin müəyyən edəcəyi siyahılara əsasən məhdudlaşdırmaq və ya qadağan etmək barədə göstəriş verib.

O, bununla bağlı martın 8-də fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, sənəd "ABŞ-ın, ona qoşulan dövlətlərin və beynəlxalq təşkilatların qeyri-dost hərəkətləri ilə əlaqədar” xarici iqtisadi fəaliyyət sahəsində Rusiyanın təhlükəsizliyini təmin etmək üçün xüsusi iqtisadi tədbirlərə əlavə olaraq qəbul edilib.

Vladimir Putin

Sənəd 2022-ci il dekabrın 31-dək müəyyən edilmiş siyahılara uyğun olaraq "məhsulların və (və ya) xammalın Rusiya hüdudlarından kənara çıxarılmasına və (və ya) Rusiya ərazisinə idxalına qadağa qoyulmasını təmin etməyi nəzərdə tutur.

Rusiya Federasiyası həmçinin hökumətə iki gün müddətində bu qərarların təsirinə məruz qalan xarici dövlətlərin siyahılarını müəyyən etmək tapşırıb.

Sənəddə qeyd olunur ki, bu tədbirlər vətəndaşların şəxsi istifadəsi üçün daşıdığı məhsul və ya xammala şamil edilmir.

Onların mallarının Rusiyaya tədarükü ölkəyə qarşı genişmiqyaslı sanksiyalarla bağlı bir çox rus şirkətləri tərəfindən dayandırılır.

İqtisadçı Qubad İbadoğlu deyir ki, Rusiya Azərbaycanın idxaldakı birinci tərəfdaşdır.

Onun sözlərinə görə, ötən il bu ölkədən Azərbaycana 2,1 milyard dollarlıq məhsul gətirilib: "Onlar arasında taxıl üstünlük təşkil edib. 2019-cu ilin statisikasına görə, Azərbaycanın taxıl idxalının 82 faizi, günəbaxanın 100 faizi, kartofun 64.5 faizi, hazır şəkərin 99 faizi, düyünün 21.5 faizi, ətin 8.2 faizi, süd məhsullarının 9,8 faizi, mineral gübrələrin 86.7 faizi, yem xammalının 36.5 faizi Rusiyanın payına düşür. Uzun illərdir ki, Dünya Ticarət Təşkilatına üzvlükdən imtina edən Azərbaycan öz bazarını rus malları ilə doldurur, eyni zamanda qeyri-neft məhsulları arasında kənd təsərrüfatı mallarını da əsasən Rusiya bazarına göndərir”.
 
Qubad İbadoğlu 

İqtisadçı deyir ki, təkcə 2019-cu ildə pomidorun 99,6 faizi, fındığın 46.6 faizi, digər meyvə və tərəvəzlər, eyni zamndakartofun 92,6 faizi Rusiyaya ixrac olunub: "İxrac və idxalda şaxələndirmə siyasəti barədə dəfələrlə məsələ qaldırsaq da, hökumət bu siyasi məsələdir deyə ortalığa arqumentlər qoyurdu. İndi isə məhz həmin siyasi səbəblərdən Azərbaycan istehlakçıları da çətinliklərə düçar olur. Putinin fərmanı Azərbaycana yeni bazarlar axtarışına məcbur edəcək və daha baha qimətlə məhsul idxalına gətirib çıxaracaq ki, bu da onsuz da yüksək olan qiymətləri daha da bahalaşdıracaq. Bir sözlə, 65 qəpiklik çörəyi tezliklə 1 manata almağa hazır olun”.

Martın 8-də ABŞ prezidenti Co Bayden ABŞ-ın Rusiyadan bütün neft, təbii qaz, kömür və onların bütün məhsullarını idxalına qadağa qoyub.

Fevralın 28-də Vladimir Putin xüsusi iqtisadi tədbirlər haqqında ilk fərmanı imzalayıb, bu, valyuta əməliyyatlarına aiddir.

Martın 8-də prezident xüsusi əməliyyat zamanı Rusiya Federasiyasına qarşı sanksiyalar kontekstində biznes və vətəndaşlara antiböhran dəstəyi tədbirləri haqqında qanun imzalayıb.

"Anti-böhran paketi” 2022-ci ildə vətəndaşlar və kiçik və orta sahibkarlar üçün, o cümlədən ipoteka kreditləri üçün yeni kredit tətillərinin mümkünlüyünü nəzərdə tutur.(Meydan TV)