Qazilərdən üzr istəsə də, iş məhkəməyə göndərildi

Qazilərdən üzr istəsə də, iş məhkəməyə göndərildi

28-06-2022 19:09 / Bu xəbər 706 dəfə oxundu

İyunun 28-də Bakının Xəzər rayon Məhkəməsində Bakı Birlik Təşkilatının sədri Abid Qafarovun məhkəməsinə hazırlıq iclası keçirilib. 

Toplum Tv xəbər verir ki, iclas başlanan kimi bu iş üzrə şikayətçi olmuş bir neçə şəxs şikayətlərini geri götürüblər.

Abid Qafarovu məhkəməyə verən bir qrup Qarabağ qazisi olub.

Onların iddiasına görə, Bakı Birlik Təşkilatının rəhbəri mayın 27-də Yasamal rayon Məhkəməsinin qarşısında çıxış edərkən qaziləri müti adlandırmaqla onları təhqir edib. 

Ancaq bu gün həmin qazilər məhkəmədə bildiriblər ki, tərəflər arasında barışıq olub, onlar daha Abid Qafarovdan şikayətçi deyillər. 

İddialarını geri götürməklə bağlı ərizə də yazıblar. Buna baxmayaraq hakim Tərlan Əkbərov icraatındakı bu işin Yasamal rayon Məhkəməsinə göndərilməsi ilə bağlı qərar çıxarıb.

Abid Qafarov "Tərtər işi" ilə bağlı sosial şəbəkələrdə silsilə videomüraciətlər yayıb.