"Qiyamı yatırmaq mümkün idi, amma Elçibəy əmr etdi ki, hücuma keçməyin" - Fəhmin Hacıyev

05-06-2020 14:05 / Bu xəbər 1719 dəfə oxundu

Daxili Qoşunların sabiq komandanı Fəhmin Hacıyev sosial şəbəkədə 4 iyun qiyamına münasibət bildirib.

O müzakirələrdə qeyd edib ki, qiyamı yatırmaq mümkün olub, lakin 5 iyunda Ali Baş Komandanın əmri var ki, hökumət qüvvələri hücuma keçməsin.

Fəhim Hacıyev yazıb ki, prezident Əbülfəz Elçibəyin əmrinə əsasən, hökumət qüvvələri hücuma keçməməli, müdafiə mövqeyində dayanmalı idi: ""Qiyamın yatırılması məsələsi iki mərhələdən ibarətdir. Birinci mərhələ 4 iyuna qədər olan mərhələ. Tərkisilaha uğursuz cəhd. Burada mübahisəli heç nə yoxdur. İkinci mərhələ isə 4 iyundan sonrakı mərhələdir. 5 iyunda Ali Baş Komandanın əmri var ki, hökumət qüvvələri hücuma keçməsin, müdafiə mövqeyində dayansın. İyunun 7-də isə mən təklif edirəm ki, həmin əmrin icrası dayandırılsın. Birləşmiş qüvvələrdən ibarət qüvvənin iştirakı ilə qiyamçılara qarşı əməliyyat keçirilsin. Mənim təklifim də qəbul olunmadı və mən də siyasi qərara tabe oldum, olmalı idim. Çünki Daxili Qoşunlar öz gücü ilə əməliyyat keçirə bilməzdi. Müdafiə Nazirliyinin, Daxili Qoşunların və digər qüvvələrinin birgə əməliyyatı keçirilməsini məqsədəuyğun bilirdim. Dadaş Rzayevə (o vaxtkı Müdafiə naziri) və MN-nin rəhbərliyinə inamım olmadığına görə əməliyyata rəhbərliyi Daxili Qoşunlara verilməsini təklif etmişdim". 

"Təkrar edirəm, bunlar 4 iyundan sonra olanlardır. Mənim çıxışıma qarşı ilk sətr reaksiya verən isə P. Hüseynov olmuşdu", - o qeyd edib.


Xatırlatma

1993-cü il 4 iyunun 4-də Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələr qiyam qaldırıb və hökumət qüvvələri ilə silahlı toqquşma baş verib. 

S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat isə uğursuz olub, hər iki tərəfdən 35 nəfər həlak olub. Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürülüb. 

8 iyun 1993 – Gəncə hadisələri ilə bağlı ölkədə böhran dərinləşib. Surət Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək Bakıya doğru hərəkət etməyə başlayıblar. Bu arada respublika rəhbərliyi vəziyyətdən çıxış yolu axtarmaq üçün Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət edib 

9 iyun 1993 – Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev prezident Əbülfəz Elçibəyin dəvəti ilə Bakıya gəlib. Həmin gün Milli Məclis Gəncədəki qiyamda iştirak etmiş şəxslərə amnistiya verilməsi və Gəncə olaylarının araşdırılması üçün deputat-istintaq komissiyasının yaradılması haqqında qərarlar qəbul edib. 

Prezident Əbülfəz Elçibəy isə Bakını tərk edərək doğulduğu Kələki kəndinə gedib.