Rektordan şikayət: "Qardaşı Maliyyə Nazirliyinin aparat rəhbəridir"

Rektordan şikayət:

05-10-2019 02:57 / Bu xəbər 2087 dəfə oxundu

Gəncə Dövlət Universitetinin (GDU) bir qrup müəllimi prezident İlham Əliyevə, Təhsil naziri Ceyhun bayramova və şəhərin icra başçısı Niyazı Bayramova müraciət ünvanlayıb.

GDU müəllimi Urfan Məmmədovun adından Arqument.Az-a daxil olan məlumatda universitetdə baş verən qanunsuzluqlardan bəhs olunur. 

Məktubda bildirilir ki, ali təhsil müəssisəsi talan olunur: "Cənab Prezident, biz Gəncə Dövlət  Universitetinin müəllimləriyik. Sizin  müvafiq fərmanına əsasən sentyabrın 1-dən maaşlar müəyyən qədər qaldırılıb. Bu fərman GDU-da icra olunmur. Ödənişli oxuyan tələbələrdən universitetə daxil olan vəsait isə rektor  tərəfindən istədikləri kimi talan olunur. Rektorun qardaşı Cavanşir Yusibov  Maliyyə Nazirliyinin aparat rəhbəri olduğundan bu pulların hesabatını ondan soruşan yoxdur".

"Rektor deyir ki, müəllimlərin maaşlarının qaldırılmasından söhbət belə gedə bilməz. Yalnız texniki işçilərin ştatlarına belə fərq qoyulmadan süpürgəçi ilə eyni maaş - 250 manat olacağı barədə məlumat verilib. Bundan başqa, binalardakı otaqların hamısının nömrəsi və laboratoriyaların adları yazılmış lövhələr var. Bunlar çox səliqəli şəkildə yazılıb. Rektor bu nömrələrin təzədən yazılması ilə bağlı göstəriş verib və bildirir ki,bunun üçün hər kafedra  250-300 manat pul verməlidir. Hələ bizə maaş verilmədiyi halda, bizdən bu qədər pul tələb edirlər. Biz bu pulu haradan alıb verməliyik? u lövhələr çox səliqəli və müasir şəkildə yazıldığına görə onların dəyişdiriməsinə lüzum yoxdur. Əgər dəyişdirilirsə belə, bunu universitetin büdcəsindən ödəmək lazımdır", - məktubda qeyd olunur.

Elsəvər Nağıyev 

Şikayətçilərin sözlərinə görə, onlar hətta hədə-qorxu ilə üzləşiblər:  "Xahiş edirik, bu özbaşınalığın qarşısını alasınız. Maaşlarımız belə verilmədiyi halda bizdən nəyə görə məcburi pul tələb edirlər? Rektorun köməkçiləri Elsevər Nağıyev, prorektor Fəxrəddin Həsənov rektorun adından hamıya hədə-qorxu gəlib pul tələb edirlər".
 
Fəxrəddin Həsənov
 
Qlobal.az xəbər verir ki, dərc edilən digər bir şikayətdə hətta GDU-da "qara kassa"nın da fəaliyyət göstərdiyi deyilir: "Ceyhun Bayramov Təhsil naziri vəzifəsinə təyin olunandan sonra universitet rəhbərinin nazirlə sıcaq münasibəti olduğundan GDU-da açıq-aşkar rüşvət baş alıb gedir. Universitetdə rektor Yusif Yusibovun "qara kassa"sı İqtisadiyyat-İdarəetmə Fakültəsinin dekanı Şahin Xurşudovdur. Əvvəllər rüşvət bir az gizli formada alınırdısa indi heç kimdən çəkinib eləmədən tələbələrdən pul yığırlar. Kəsir kəsir belindədir. Hətta fakültədə vəziyyət o həddədir ki, müəllimlər tələbələrdən rüşvət alarkən gülə-gülə iqtisadiyyat fakültəsinin tələbələrisiniz, indidən pul alıb-pul verməyi öyrənin deyirlər".
 
Şahin Xurşudov

Məlumatda vurğulanır ki, rektor Yusif Yusibovun Şahin Xurşudova qarşı münasibəti əvvəllər yaxşı olmasa da sonradan universitetdə "kölgə iqtisadiyyatı"nın Şahin Xurşudovsuz mümkün olmadığını anlayıb. Və məhz bu səbəbə görə də onu dekan vəzifəsinə təyin etməklə yanaşı, həm də "qara kassa"ya nəzarəti də ona həvalə edib. Şahin Xurşudovun isə bu "məsuliyyətli" tapşırığın öhdəsindən məharətlə gəldiyi deyilir. Hətta Şahin Xurşudov pul məsələsində o qədər həssasdır ki, əldə olunan hər bir manatın dəqiq hesabatını rektora vaxtlı-vaxtında çatdırır.

Məlumatda sonda Şahin Xurşudovun rektora qarşı bu cür sədaqətli və düzgün olmasının qarşılıqsız qalmadığı qeyd olunur: "Belə ki, GDU-nun "qara kassa"sına toplanan vəsaitlərin böyük hissəsindən Şahin Xurşudovun da özəl payı olur. Əgər belə olmasaydı Şahin Xurşudov dəyəri 4000 manatlıq qızıl saat taxmaz, yüz min manat dəyərində "Land Cruiser" sürməzdi. Bu hələ aysberqin görünən tərəfidir. Onun xeyli sayda evləri və digər daşınmaz əmlakları da var. Əlbəttə ki, bunlar hamısı tələbələrdən yığılan rüşvətlərin hesabına əldə olunub".

Yazıdakı iddialara bağlı GDU-dan mövqe öyrənə bilmədik. Adıçəkilən şəxslərin münasibətini də dərc etməyə hazırıq.