Ruslan İzzətlinin feysbuk səhifəsi haker hücumuna məruz qalıb

Ruslan İzzətlinin feysbuk səhifəsi haker hücumuna məruz qalıb

26-06-2020 20:44 / Bu xəbər 1496 dəfə oxundu

Hazırda hərbi xidmətdə olan D18 Hərəkatının rəhbəri Ruslan İzzətlinin sosial media hesabı iyunun 26-da kiber hücuma məruz qalıb. 

2016-cı ilə qədər izləyicilər və paylaşımlar silinib.

Bu barədə hərəkatın sədr əvəzi Samirə Ağayeva məlumat verib.

Samirə Ağayeva Toplum TV-yə deyib ki, hazırda mütəxəsislər səhifəni bərpa etməyə çalışır: "Biz bunu bu gün aşkarladıq. Dünən hər şey qaydasında idi, çünki keçən il oktyabr ayında da səhifəyə hücum olunmuşdu və izləyicilərin yarısından çoxu silinmişdi. Ondan sonra biz mütəmadi olaraq səhifəni nəzarətdə saxlayırdıq  və bacardıqca təhlükəsizliyi  təmin etməyə çalışırdıq. Səhifədə 40 minə yaxın izləyici var idi və Ruslan bəyin siyasi fəliyyəti ərzində olan bütün çıxışları, videoları, canlı yayımları paylaşılmışdı. 2016-cı ilə qədər olan bütün məlumatlar silinib və hazırda, sadəcə, 2 minə yaxın izləyici qalıb. Hətta profil şəkli belə dəyişdirilib. Hazırda mütəxəsisləri dəvət etmişik və arxivdə qalan bəzi videoları bərpa etməyə çalışırıq". 
 

 
D18 Hərəkatının digər üzvü Zaur Rövşəli keçən il olan hücüm zamanı izləyicilərin blok edildiyini deyib: "Ötən il də D18 Hərəkatının və Ruslan İzzətlinin səhifələrinə hücum olmuşdu. Orada izləyiciləri silməklə yanaşı onları blok da  etmişdilər. İki gün sonra yenidən səhifələri bərpa etməyə nail olduq". 

Son bir həftə ərzində "Arqument.az”, "Toplum.tv” və "Meydan.tv”nin səhifələrinə kiberhücumlar edilib, paylaşımlar silinib.
 
Ruslan İzzətli bu ilin may ayında hərbi xidmətə aparılıb. Bu gün Azərbaycanda Milli Ordunun yaranmasının 102-ci il dönümü qeyd edilir. 

Zülfiyyə Quliyeva