Saakaşvili Gürcüstanda olduğunu deyir

Saakaşvili Gürcüstanda olduğunu deyir

01-10-2021 17:30 / Bu xəbər 1753 dəfə oxundu

Məqalə JAMnews saytında dərc olunub.

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili oktyabrın 1-də səhər "Facebook" səhifəsində artıq Gürcüstana gəldiyiтш və Batumidə olduğunu bildirib.

Gürcüstanın DİN-i buna cavab olaraq təcili bəyanat yayıb.

Nazirlik bildirib ki, bir neçə cinayət işi üzrə axtarışda olan eks-prezident rəsmən dövlət sərhədini keçməyib.

"Əgər bu təsdiqlənərsə, o, həbs olunacaq, – DİN-dən qeyd olunub.

Saakaşvili bu müddətdə artıq iki video yayıb və Batumidə olduğunu iddia edir. Çoxları hesab edir ki, onun arxasındakı binalar Batumidə olduğunu təsdiqləyir.

"Hamı anlamalıdır ki, "Gürcü arzusu” [iqtidar partiyasına] səs vermək Gürcüstan üçün ölüm hökmünü imzalamaq deməkdir. Buna görə də biz hamımız oktyabrın 2-də seçki məntəqələrinə getməliyik ki, ölkəni xilas edək. Buna görə də mən etitazları çoxsaylı və güclü etməyinizi xahiş edirəm ki, onlar məni dayandıra bilməsinlər. Əgər qəsbçi hökumət mənim həbsimə nail olsa, bu, bizim hakimiyyətimizi daha da möhkəmləndirməlidir”, – Saakaşvili bildirib.

O həmçinin qeyd edib ki, oktyabrın 2-də seçki məntəqəsinə gələcək və öz partiyasına – Vahid Milli Hərəkata səs verəcək.

Saakaşvili əhalini "[oliqarx və ölkəni kölgədən idarə edən] İvanişvili, [müxalifətə keçdiyini elan etmiş keçmiş baş nazir] Qaxariya ilə bağlı qüvvələrə səs verməməyə çağırıb”.

"Əgər Vahid Milli Hərəkat xoşunuza gəlmirsə, digər, nisbətən dürüst kiçik partiyalara səs verin”, – Saakaşvili deyib.

Onun qaranlıqda mobil telefona çəkdiyi video-müraciətin keyfiyyəti bu səbəbdən pisdir.


Əgər video, həqiqətən də, Batumidə çəkilibsə, bu o deməkdir ki, Saakaşvili təxminən oktyabrın 30-da axşam Gürcüstana gəlib.

O, ölkəyə necə gəldiyini açıqlamayıb.

Bir neçə gün öncə Mixail Saakaşvili elan etmişdi ki, oktyabrın 2-də, yerli özünüidarə orqanlarına vacib seçim günündə Gürcüstana qayıdacaq.

Yayılmış videolarda Mixail Saakaşvili seçkidən bir gün sonra, oktyabrın 3-də Tbilisidə kütləvi mitinq elan edib: "Biz Rustaveli prospektini və Azadlıq Meydanını doldurmalıyıq və əgər biz 100 min nəfər olsaq, bizə heç kim qalib gəlməyəcək. Gürcüstan da yenidən inkişaf yoluna qədəm qoyacaq. Yoxsulluq və dəhşətin sonu gələcək. Tbilisidə növbəti görüşlərə qədər”, – Saakaşvili deyib.

Gürcüstanda Saakaşviliyə qarşı birneçə cinayət işi açılıb.

O, hakimiyyətdən sui-istifadə, büdcə vəsaitlərinin talanı, 2007-ci ilin noyabrında müxalifətin mitinqini dağıtmaqda və "İmedi” telekanalına hücumda günahlandırılır. Saakaşvilinin adı deputat Valeri Qelaşvilinin döyülməsində və Sandro Qirqvlianinin qətlində də hallanır.

Cinayət işlərindən birinə əsasən o, 6 il müddətinə azadlıqdan məhrum edilib, bu isə o deməkdir ki, Gürcüstan qanunlarına görə eks-prezident Gürcüstan ərazisinə daxil olan kimi saxlanılmalıdır.

Bununla belə, onun müdafiəsinə həsr olunmuş sayt yaradılıb və orada artıq yüz mindən çox insan qeydiyyatdan keçib.

Saytın yaradıcısı Qanun və Ədalət Partiyasının sədri, parlament deputatı Tako Çarkvianidir.

O, "Saakaşvilinin Qayıdışı üçün Ümumxalq Hərəkatı” təşkilatını da qeydiyyatdan keçirib.