Sadiq dostun vidası

Sadiq dostun vidası

27-08-2021 00:14 / Bu xəbər 6710 dəfə oxundu

Elnur Astanbəyli

Bu da yolun sonu...
                      bu da son nəfəs...
Gedirəm, ay dostlar, salamat qalın;
Torağaylar, mənsiz oxuyun daha! 
Divanə ozanlar, dəli aşıqlar, 
Siz də sazınızı ta mənsiz çalın... 

Qarşı yatan dağlar, nə deyim, bəlkə 
Bir də görüşərik... 
                     bəlkə bir də yox... 
Bir də ağlayarıq əriyən qara,  
Bir də sevinərik göy dumanlara, 
O göy dumanlarda bir də azarıq...  
Təzədən doğulub, kim bilir, bəlkə, 
Bir də ömrümüzə qəhqəh çəkərik,
Bir də gülüşərik...
                       bəlkə bir də yox... 

Sən də salamat qal, sevdalı dəniz! 
Həmişə belə qal – çılğın, dalğalı... 
Mənsiz qəribsəmə, mənsiz darıxma!
Qarğama taleyi, söymə fələyi,
Səndən də nələrsə aparıram mən – 
Gedirəm, burnumda yosun qoxusu,
Saçımda bir əlçim xəzri küləyi...

Gedirəm, gözlərim qalır arxada
Oğlumu, qızımı qoyub gedirəm; 
Yerin otlarını, çiçəklərini, 
Göyün ulduzunu qoyub gedirəm;
Dostlar, ürəyinizi buz tək saxlayın! 
Dalımca boş yerə ağlamırsınız –
Mənə tökdüyünüz göz yaşlarıyla
Bu zalım dünyanın, zulum dünyanın 
Bütün pisliyini yuyub gedirəm... 

Salamat qalın!