Şəhla Hümbətova: “Sevdiyim iki peşə var: vəkillik və muğam ifaçılığı”
10-06-2021 14:07 / Bu xəbər 2160 dəfə oxundu
"Haqlı olduğunu bilirsən, amma sonda daim haqsız çıxırsan. Qanun sənin tərəfindədir, amma işin sonunda haqlı çıxacağına qarantiya yoxdur”.
Bu, Azərbaycanda vəkil olmağın çətinliklərindən, sadəcə, biridir.
"Femmekan”ın budəfəki qonağı vəkil Şəhla Hümbətovadır.
Vəkil deyir ki, Azərbaycanda qanun işləmədiyinə, hüququn aliliyi olmadığına görə bu sistemdə vəkilin rolu çox formal görünür. Nəticədə, vəkillər öhdələrinə düşəni etsələr belə, qarşılığını ala bilmirlər:
"Ona görə yox ki, nəyisə düz etmirik, bacarmırıq. Ona görə ki ədalətli məhkəmə yoxdur, belə olanda da sənin ədalətə nail olman mümkün deyil. İşlərin yekununda dəhşətli stress keçirirəm. Bu psixoloji stress bəzən insana özünü gücsüz hiss etdirir, güvənini qırır. Hələ bunun fiziki və psixoloji ağırlıqları var”.
Hüquqi ölkədə yaşasaydım?...
Şəhla Hümbətova tez-tez xəyal qurur. Görəsən hüquqi bir ölkədə, məsələn, Fransada, Almaniyada, Norveçdə yaşasaydı, necə olardı? İndiki halda məhkəmə işlərinin əksəriyyətində ədalətli nəticə əldə etmək mümkün deyil. Nəticədə o, sonda sadəcə özünə təsəlli verir: "Əlimdən gələni etdim”, – deyir:
"Yəqin, hüququn aliliyi olan bir ölkədə vəkil olsaydım, işlərimin əksəriyyətini udardım”, – belə düşünür Şəhla Hümbətova…
"Qaydalar azərbaycansayağı işləyir”
Hə, bir də işin fiziki ağırlığı var. Şəhla Hümbətova bundan da danışır. Deyir ki, Azərbaycanda məhkəmə sistemi intizamsız işləyir. Bəzən saatlarla məhkəmə dəhlizlərində gözləməli olur, çünki iclaslar təyin olunan vaxtda başlamır:
"Məhkəmə iclası səhər 10:30-a təyin edilir, amma 11:30-da başlayır. Hansı ki, 11:30-da sən başqa yerdə məhkəmədə olmalısan. Hələ bunun cəzaçəkmə müəssisələrində gözlətmələri, yoxlamaları var. Bir sözlə, olan bütün qaydalar azərbaycansayağı işləyir. Amma düşünürəm ki, ədalətli məhkəmənin olmamasının qarşısında, bunlar düzələsi şeylərdir”.
"Hüquq "uşaqlıq arzumdur”, – deməyi istəyərdim”
Şəhla Hümbətova 2010-cu ildən hüquqşünas, 2014-cü ildən isə vəkil fəaliyyətinə başlayıb.
Hüquq sahəsini seçməsinə gəlincə, deyir ki, uşaqlıq arzusu olduğunu deməyi çox istəyər, amma belə deyil…
Dediyinə görə, uşaqlıqda arzuladığı peşə alman dilindən tərcüməçi olmaq imiş: "Hüquqşünas olmaq ağlıma belə gəlməyib. Düzdür, atam hüquqşünas olub və evdəki hüquq kitablarını vərəqləyə-vərəqləyə böyümüşəm. Lakin məndə bu sahəyə maraq yaranmayıb. Məktəbi bitirən vaxt beynəlxalq hüquq fakültəsi çox prestijli idi. O vaxtkı ağlımla "kimdən əskiyəm?” – deyib, kodlaşdırmada beynəlxalq hüququ da yazdım”.
Hüquq, yoxsa muğam ifaçılığı?
Beynəlxalq hüquq fakültəsinin balı yüksək olduğundan Şəhla Hümbətova onu birinci yazıb. İkinciyə isə istədiyi, tərcüməçilik fakültəsini kodlaşdırıb: "Nə də olsa, o qədər bal toplamaram, ikinciyə düşərəm deyə fikirləşdim. Ancaq düşündüyüm kimi olmadı, elə birinciyə düşdüm və hüquq fakültəsində oxumağa başladım”.
Vəkilin sözlərinə görə, məşhur ifadədə olduğu kimi ikinci dəfə dünyaya gəlsəydi, bu dəfə şüurlu şəkildə hüquq fakültəsini seçərdi.
Deyir ki, yer üzündə sevdiyi, özünə uyğun bildiyi 2 peşə var: vəkillik və muğam ifaçılığı.
"Muğam oxumaq üçün gərək istedad ola, məndə o yoxdur. Belə baxanda hüquqdan başqa seçimim qalmır”, – deyə Şəhla Hümbətova gülümsəyir.
"Səhnədə olanda başa düşdüm ki, mən haralara gəlib çıxmışam”
Hüquq və ədalətli məhkəmənin olmadığı bir ölkədə uğurlu vəkil olmağa gəlincə, Şəhla Hümbətova deyir ki, bu, həm də cəsarət tələb edir. Haqlı olduğun halda haqsız vəziyyətə düşmək, siyasi təqiblərə məzruz qalan insanları müdafiə etmək asan olmur.
Azərbaycanda cəsarətli və ədalətli olmağa dəyər verilməsə də, belə hallar xarici ölkələrin gözündən yayınmır.
Məsələn, Şəhla Hümbətova 2020-ci ildə ABŞ Dövlət Departamentinin "Beynəlxalq Cəsarətli Qadınlar Mükafatı”na layiq görülüb.
Vaşinqtonda keçirilən mərasimdə ona mükafatı o vaxtkı ABŞ Prezidenti Donald Trampın xanımı Melania Tramp və ABŞ-ın Dövlət katibi Mike Pompeo təqdim edib.
2007-ci ilin martından həmin zamanadək Dövlət Departamenti 65 ölkədən 120-dən artıq qadına bu mükafatı verib.
Mükafata layiq görülmək Şəhla Hümbətovaya surpriz olub. Düzdür, aylar əvvəldən namizədlər sırasında olduğunu bilirmiş, amma 60-dək namizədin içindən seçiləcəyini gözləmirmiş: "Sadəcə, 60 namizəddən biri olduğumu bilirdim. Həmin vaxtlara gəlincə, dəhşət gərgin işləyirdim. Seçkiqabağı idi və mən ATƏT-in müşahidə missiyasında idim. Elə ATƏT-in ofisində olanda mənə Amerikadan zəng gəldi və dedilər ki, siz bizim mükafatın qalibisiniz. İkinci sual "pasportunuz qaydasındadırmı?”, – oldu. Şok içində dinləyirdim. Sağollaşandan sonra bunları düşünürdüm: seçki, parlament, iş, Vaşinqton, mükafat, nə baş verir? Bakıda olanda, hətta həmin o səhnəyə çıxana və mükafatı alanadək onun nə qədər dəyərli, mötəbər bir şey olduğunu bilmirdim. Səhnədə olanda başa düşdüm ki, mən haralara gəlib çıxmışam. O an içimə fərəh, sevinc doldu”.
Azərbaycan qadınının ən çox pozulan hüququ hansıdır?
Şəhla Hümbətova bəzən ölkədə ən çox pozulan hüququn nə olduğunu düşünür, tapa bilmir. Ağlına "pozulmayan hüquq varmı ki?”, – sualı gəlir və deyir: "Bizim ölkədə sistem belə işləyir, pozulmayan hüquq yoxdur”.
Onun fikrincə, Azərbaycanda qadınların hüququ ikiqat pozulur: "Həm bütün vətəndaşlarda olduğu kimi pozulur, üstəlik də qadın olduqları üçün ayrıca diskriminasiya ilə üzləşirlər”.
Vəkil həm də məişət zorakılığı qurbanları ilə işləyir. Vurğulayır ki, son zamanda məişət zorakılığı ilə bağlı vəziyyət daha da pisləşib: "Bu yaxınlarda gənc bir oğlan mənə müraciət etmişdi. Söz düşdü, dedi ki, Azərbaycanda qadın doğulmaq nə böyük bədbəxtçilik imiş. Bacısının yaşadıqlarından bu qənaətə gəlmişdi. "Nə doğulursan doğul, amma Azərbaycanda qadın doğulma”, – deyirdi. Bir gün ərzində qadın hüquqlarının pozulması, zorakılıqla bağlı ən azı 3 keys eşidirik. Belə hallar sanki qadınlarımızın gündəlik həyatına çevrilib”.
"Əzilmiş, özünə inamını itirən, özünü sevməyən qadınlar var”
Şəhla Hümbətova həm yaşadıqlarından, həm də müşahidə etdiklərindən sonra Azərbaycanda qadınların özgüvəninin olmadığı qənaətinə gəlib. Deyir, "bunun səbəbi isə qadının həyatı boyu ailəsindəki kişilərdən asılı vəziyyətdə olmasıdır”.
Vəkil təəssüflə bildirir ki, Azərbaycan qadını müstəqil olmağa öyrəşməyib, kişidən asılı olmaq onun üçün təbii hala çevrilib:
"Mənə müraciət edən qadınların halını görürəm. Əzilmiş, özünə inamını itirmiş, özünü sevməyən, özünü ayrıca fərd kimi hiss etməyən qadınlar var. Müraciət edən qadınların əksəriyyəti həyata 0-dan başlamağa qorxur. O zaman mən onlara özümdən misal çəkirəm. 10 il ərzində onlardan biri olduğumu, məişət zorakılığının qurbanı olduğumu, illərlə işləməmə izin verilmədiyini deyirəm. Amma mən bir yerdə bütün bunlara dur deməyi bacardım və həyatıma 0-dan yön verdim. Bəli, onlara özümdən danışıram, sənin kimiydim, mən bacardımsa, sən də bacara bilərsən deyirəm”.
Gülər Mehdizadə
Mənbə: Femmekan.com