“Ukrayna müharibənin bitməsi üçün ərazilərini Rusiyaya verməlidir”

“Ukrayna müharibənin bitməsi üçün ərazilərini Rusiyaya verməlidir”

25-05-2022 17:32 / Bu xəbər 1203 dəfə oxundu

Kissincer: "Ukrayna Rusiyanın şərtlərini qəbul etməlidir”

ABŞ-ın keçmiş dövlət katibi Henry A. Kissincer mayın 23-də Ukraynaya çağırış edib.

Bildirib ki, Ukrayna işğala son qoymaq üçün ərazilərini Rusiyaya verməlidir.

Keçmiş dövlət katibi bunu müharibənin dördüncü aya girdiyi bir vaxtda elan edib. Ancaq onun bu mövqeyi ukraynalıların böyük əksəriyyətinin fikirlərinin əksinədir.

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda keçirilən konfransda çıxış edən Kissincer ABŞ və Avropaya da səslənib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynada utancverici məğlubiyyəti sabitliyin daha geniş arealda pozulmasına səbəb olacaq.

Keçmiş dövlət katibi bildirib ki, uzunmüddətli sabitliyin pozulmaması üçün Ukrayna Rusiyanın təklif etdiyi şərtlərlə razılaşmalıdır.

Kissincer qeyd edib ki, Qərb ölkələri Rusiyanın Avropa üçün əhəmiyyətini yadda saxlamalı və "ani hisslərə” qapılmamalıdır.

O, Avropaya xəbərdarlıq edərək Ukraynanı əvvəlki "status-kvo”nu (müharibədən əvvəlki vəziyyət) qəbul etməyə və danışıqlara razı salmağa çağırıb.

"Asanlıqla aradan qaldırılmayacaq təlatümlər və gərginliklər yaratmazdan əvvəl yaxın iki ay ərzində danışıqlara başlamaq lazımdır. İdeal olaraq, bölücü xətt əvvəlki "status-kvo”ya qayıdış olmalıdır”, – deyə "Daily Telegraph”a görə 98 yaşlı Kissincer bildirib.

"Müharibənin bu nöqtədən kənara çıxması Ukraynanın azadlığı ilə bağlı deyil, Rusiyanın özünə qarşı yeni müharibə sayılacaq”, – deyə o vurğulayıb.

Prezidentlər Riçard M.Nikson və Cerald Fordun dövlət katibi olmuş Kissincerin qeyd etdiyi "status-kvo” Rusiyanın Krımı rəsmi olaraq nəzarətdə saxladığı və Ukraynanın şərqindəki iki region olan Luqansk və Donetskə qeyri-rəsmi olaraq nəzarət etdiyi vəziyyətin bərpasına işarə edir.

Ukrayna Prezidenti Volodimir Zelenski isə deyib ki, ölkəsi Rusiya ilə sülh danışıqlarına başlamaq üçün şərtlərin bir hissəsi kimi işğaldan əvvəlki sərhədlərin bərpasını təklif edib.

Kissincerin şərhləri dünya liderlərinin Rusiyanın Ukraynadakı müharibəsinin "bütün beynəlxalq nizamı sual altına saldığını” dediyi vaxta təsadüf edir.

Avropa Komissiyasının sədri Ursula von der Leyen Davosda dünya liderlərinə deyib ki, müharibənin bitməsi təkcə "Ukraynanın sağ qalması məsələsi” və ya "Avropa təhlükəsizliyi məsələsi” deyil, həm də bütün dünya ictimaiyyəti üçün vacibdir.

O, Rusiya Prezidenti Vladimir Putinin "dağıdıcı qəzəbindən” təəssüfləndiyini bildirib:

"Əgər demokratiyaya, qanunun aliliyinə və beynəlxalq qaydalara əsaslanan nizama qayıdıb, geri dönərsə, Rusiya bir gün Avropadakı yerini bərpa edə bilər. Çünki Rusiya bizim qonşumuzdur”.

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.(Meydan TV)