Zakir Həsənov Stoltenberqlə Azərbaycan-NATO əməkdaşlığını müzakirə ediblər
18-03-2024 15:05 / Bu xəbər 1178 dəfə oxundu
Bu gün Azərbaycanın müdafiə naziri Zakir Həsənov və NATO-nun Baş katibi Yens Stoltenberqin görüşündə Azərbaycanla NATO arasında tərəfdaşlıq müzakirə olunub.
Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, Həsənov 30 illik işğal dövründə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə NATO-ya təşəkkür edib.
NATO baş katibinə Azərbaycan ordusunda aparılan islahatlar, azad edilən ərazilərdə görülən minatəmizləmə, bərpa-quruculuq işləri və Azərbaycan-Ermənistan şərti sərhəddindəki cari vəziyyət barədə ətraflı məlumat verilib.
Müdafiə naziri NATO ilə əməkdaşlıqda əldə edilən uğurlardan danışıb, qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Stoltenberq Azərbaycan ordusunun hərbi qulluqçularının sülhməramlı missiyalarda nümayiş etdirdiyi peşəkarlığı və NATO ilə tərəfdaşlıq çərçivəsində digər sahələrdə fəaliyyətlərini yüksək qiymətləndirib.
O, Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə Silahlı Qüvvələrilə sıx əməkdaşlığının Azərbaycan-NATO münasibətlərinə də əhəmiyyətli töhfə verəcəyini vurğulayıb.
Tərəflər kibertəhlükəsizlik, minatəmizləmə, eləcə də ikitərəfli hərbi əlaqələrin digər sahələrində inkişaf perspektivləri müzakirə ediblər.
Regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.