Azərbaycanda yeni hüquq müdafiə təşkilatı yaradıldı

Azərbaycanda yeni hüquq müdafiə təşkilatı yaradıldı

21-07-2020 15:36 / Bu xəbər 2219 dəfə oxundu

Bir qrup hüquqçu və ictimai fəal "Müdafiə xətti” adlı yeni hüquq müdafiə təşkilatının yaradıldığını elan edib.

"Müdafiə xətti”nin təsisçiləri -  Rüfət Səfərov, Rəşid Hacılı, Əlayif Həsənov, Zəfər Əhmədov, Sayğın Rüstəmli, Zaur Əkbər və Təzəxan Mirələmli 20 iyul 2020- ci ildə təşkilatın yaradıldığı barədə qərar veriblər. 

Təsisçilərin yığıncağında Rüfət Səfərov "Müdafiə Xətti”nin icraçı direktoru seçilib. 

Təşkilat cəmiyyətə xüsusi manifestlə müraciət edib. Sənəddə deyilir: 

""Müdafiə xətti” Azərbaycanda insan haqlarının qorunması və dəstəklənməsi, hüququn aliliyinin təmin edilməsinə yardım məqsədi ilə yaradılıb. 

"Müdafiə Xətti"nin hədəfi habelə, Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi, hakimiyyətlər bölgüsünün təmin edilməsi, hökumətin hesabatlılığı və şəffaflığın təmin olunması, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, vətəndaş fəallığının yüksəldilməsi yolu ilə bütünlükdə demokratiyanın inkişaf etdirilməsidir.

"Müdafiə xətti” qeyri-siyasi və qeyri-dini birlikdir.

"Müdafiə Xətti”nin insan haqları sahəsində əsas fəaliyyət istiqamətləri:
 
- Azərbaycanda insan haqları pozuntularının Monitorinqi və Sənədləşdirilməsi;
- Azərbaycanda İnsan haqları pozuntularıyla bağlı məhkəmə çəkişmələrində hüquqi yardım və sair dəstək;
- Azərbaycanda ciddi hüquq pozuntularına məruz qalmış şəxslərə psixoloji yardım göstərilməsi və onların ən zəruri ehtiyacları ilə bağlı maddi dəstəklənməsi üçün ianə toplanışı və yardımları təşkil etmək;
- Azərbaycanda insan haqlarının durumu barədə müntəzəm olaraq Hesabatlar hazırlanması, həm ölkəiçi hökumət və sivil toplum qurumlarının, vətəndaşların, həm də Azərbaycanda insan haqlarının təmin edilməsində maraqlı olan beynəlxalq qurumların diqqətinə çatdırılması;
- Həm milli, həm də beynəlxalq institutular qarşısında insan haqları sahəsində qanunvericilik və siyasət islahatlarını dəstəkləmə, lobbi işi;
- Azərbaycanda insan haqlarının durumu barədə gündəlik xəbər, açıqlama və rəylər yaymaqla ictimai məlumatlılığın yüksəldilməsi;
- İnsan haqları müdafiəçiləri, fəallar, jurnalist və bloqqerlər arasında insan haqlarının müdafiəsi sahəsində səylərin əlaqələndirilməsi və birgə layihələrin həyata keçirilməsi məqsədilə şəbəkələşmə".