Hüquq müdafiəçisi: "Polis məni məhkəmə ilə hədələdi"
22-02-2022 17:29 / Bu xəbər 1191 dəfə oxundu
"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi"nin sədri Fikrət Cəfərli hədələndiyini deyir.
Bu barədə o sosial media hesabında yazıb.
""İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" olaraq 20.02.2022-ci il tarixində Şəmkir rayon Kür qəsəbə sakini Səlminaz Əliyevanın müraciəti əsasında həmin qəsəbədə olduq. Müraciət edən şəxs Səlminaz Əliyeva bildirdi ki, oğlu törətmədiyi cinayət əməlinə görə həbs olunub, onu döyüb və ağır işgəncələr verərək cinayəti boynuna qoyublar. Biz də Mərkəz olaraq bu məsələ ilə bağlı şikayətçinin yaşadığı ünvana getdik. Hadisə ilə bağlı araşdırma apardıq, şikayətçini və şahidləri dinləyib bunu ictimailəşdirdik. Məqsədimiz iş üzrə Daxili İşlər Nazirliyi və digər aidiyyatı orqanların bu işə diqqətini cəlb etmək, qanunsuz hərəkət edənlərin cəzalandırılmasına nail olmaqdır", - deyə hüquq müdafiəçisi bildirib.
Onun sözlərinə görə, polis rəisi onu hədələyib: "Bu gün 22.02.2022-ci il tarixində Şəmkir rayon Kür qəsəbəsi polis bölməsinin rəisi Ədalət Sadıqov mənə zəng edərək Səlminaz Əliyeva ilə araşdırma apardığıma görə məni məhkəməyə verib cəzalandıracağı ilə hədələdi".
Cəfərli hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edəcəyini deyib: "Mən burdan daxili işlər nazirinə müraciət edirəm. Bildirirəm ki, bizim qanuni fəaliyyətimizə mane olmaqdansa, qanunsuz həbs edib və törətmədiyi cinayəti işgəncə verməklə insanların boyunlarına qoyan polis əməkdaşlarını cəzalandırsalar daha yaxşı olar".
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin sözçüsü Elşad Hacıyev Arqument.az-a bildirib ki, hadisə araşdırılır: "Bu məsələdən məlumatlıyıq. Hazırda araşdırma aparılır".