Akif Çovdarov kimi hədəf göstərir: “Çox yüksək vəzifəli şəxs zəng edib…”

Akif Çovdarov kimi hədəf göstərir: “Çox yüksək vəzifəli şəxs zəng edib…”

26-04-2020 15:18 / Bu xəbər 1214 dəfə oxundu

Azadlığa çıxandan sonra əlində badə tutaraq şəkil çəkdirib onu tirajlayan və "Mən Akif Çovdarovam!” deyən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş idarə rəisi Akif Çovdarov bir neçə gündür ki, medianın diqqətindədir. Mətbuat yenidən keçmiş idarə rəisinin "hekayəti”nə baş vuraraq onun qanunsuz əməllərini yada salır. 

Bu sırada xüsusilə, "Bakı Metropoliteni”nin keçmiş rəisi Tağı Əhmədovla Akif Çovdarov arasında baş verənlər önə çəkilir. Məlumat üçün deyək ki, Tağı Əhmədov "Çovdarov işi”ndə zərərçəkənlərdən biri olub. 

Tağı Əhmədov istintaqa nə demişdi?

O, ibtidai və məhkəmə istintaqında Akif Çovdarovun ondan 3 milyon manat pul aldığını demişdi. Onun ifadəsinə bir də nəzər salaq:

"Mən işdən çıxandan sonra məlum oldu ki, mənimlə işləyən adamlar MTN-ə çağırılır. Nəyə görə, deyə bilmərəm. Ay yarım – iki ay olardı ki, işdən çıxmışdım. Sonra gəlib, həmişə ünsiyyətdə olduğum adam kimi Eldar Mahmudovun telefonuna zəng elədim. Dəfələrlə Vüqarla danışdım. Vüqar sonradan mənə dedi ki, Eldar Mahmudov bildirib ki, mən onu Akif Çovdarova tapşırmışam. Akif Çovdarov da sifariş göndərdi ki, bu məsələnin həll olunması üçün vəsait lazımdır. Vəsaiti də həmin gün çatdırmasan, Nizami rayonunda hakim işləyən oğlunun başına kisə keçirib gətirəcəyik MTN-ə. Açığını desəm, bir az stress vəziyyətində idim.

İşlədiyim 15 il 7 ay ərzində mənim Akif Çovdarovla qətiyyən münasibətim olmayıb. Görüşməmişik, heç bu gün də tanımıram. Stress vəziyyətində olduğumdan, oğlumdan və qardaşımın oğlundan xahiş etdim, vəsaiti aparıb Akif müəllimə verdilər. Məsələ budur. Onu da əlavə edim ki, yaxın adam kimi Rəsul Rəsulova zəng etdim, dedim Akif müəllimə de ki, əmanəti qaytarsın, qaytarmasa, şikayət edəcəyəm. O da cavab verdi ki, Akif müəllimə dedim, Akif müəllim deyir ki, mən ondan pul almamışam. Əslində, düz deyir – məndən almamışdı, uşaqlardan almışdı. Mənə sonra bildirdilər ki, Rəsulu sənin ərizənə görə tutublar. Dedim ki, mənim Rəsuldan heç bir şikayətim yoxdur. İşlədiyim dövrdə MTN-də nə qədər işçi olubsa, hamısı ilə yüksək səviyyədə işləmişik, işimiz gedib, dövlətin işini görmüşük. Amma işdən çıxandan sonra belə bir vəziyyətin olması, doğrusu, mənə çox pis təsir etdi. Mən işləyirdim və dövlətə canla-başla xidmət edirdim. Bunu da qiymətləndirdilər, çox sağ olsunlar”.

Akif Çovdarovun cavabı 

Akif Çovdarov isə məhkəmədə Tağı Əhmədovun dediklərini təkzib edərək onu korrupsiyada suçlamışdı: 

"Tağı Əhmədov işdən çıxarılandan sonra yeni rəis Zaur Hüseynov mənə zəng elədi ki, stansiyaların çıxışındakı obyektlərin icarədarları metroya girişi bağlayıblar, askiya keçirirlər. Mən də dedim bu barədə polisə məlumat vermək lazımdı. Zaur Hüseynov dedi polisə demişik, onlar bacarmır. Mən hadisə barədə nazirliyin rəhbərliyinə müraciət etdim, onlar da ölkə rəhbərliyinə məruzə etdilər. Göstəriş verildi ki, araşdırılsın. Biz də araşdırdıq, bəlli oldu ki, metrostansiyaların çıxışlarında 1200 obyekt var. Bunlar da 2007-ci ilə qədər Bakı Şəhər İcra Hakimiyyətinin, sonra isə Bakı Metropolitenin balansında olub. Həmin obyektlərin aylıq icarə haqqı 200 dollardan 3 min dollara kimi idi. Bunlar da 3 aylıq icarə pulunu öncədən alırdılar. Tağı Əhmədov işdən çıxandan sonra da yeni rəhbərlik köşkləri ləğv etmişdi. Aksiya edənlər verdikləri icarə haqlarını tələb ediridlər. Bu ticarət nöqtələri də Tağı Əhmədovun hakim oğlu Rauf Əhmədovun yaxın dostları arasında bölüşdürülmüşdü. Tağı Əhmədov ötən iclasda dedi ki, ildə 120 min manat icarə pulu verib. Ona sual verilməlidi ki, 1200 köçkün icarəsi 120 min edirsə, belə çıxır ki, biri 8 manat 50 qəpik olub. Həmin vaxt icarədarlardan alınan 3 aylıq ödəniş 5 milyon dollardan artıq idi. Biz bunu da rəhbərliyə məruzə etdik. Dövlət rəhbərliyi bizi çağırıb detallı araşdırma aparıb metropolitenin fəaliyyətinin yoxlanılmasını tapşırdı. Göstəriş verildi ki, Metropoliten hər il dövlətdən subsidiya alsa da, bu qədər gəlir əldə edirmiş. 

Detallı araşdırma zamanı bəlli oldu ki, metrostansiyalarda aparatlar elə qurulub ki, hər 4 jetondan biri qeydiyyatdan keçməyib və onun pulu Tağı Əhmədovun cibinə gedirmiş. Bütün bunları bizə Tağının qardaşı oğlu Şövqi Əhmədov açıb dedi. Buna görə də Tağı ondan imtina edib.

Bundan başqa biz özümüzün agentura xəttimiz vasitəsilə müəyyən etdik ki, təzə vaqon adı ilə Moskvadan işlənmiş vaqon alıb "kraskalayıb” 11 milyondan çox dövlət vəsaiti mənimsənilib. Bir vaqonunun təmirinə 120-140 min manat "silirdilər”, indiki rəhbərlik bunu 40 minə edir. Hər 4 jetondan birini əldə etməklə aya 300 min manat pul qazanılırdı. İşıq puluna görə "Azərenerji”yə 4 milyon manat borcu var idi, onu da mənimsəmişdi. Bunlar üzə çıxandan sonra biz Tağı Əhmədovun əmlaklarını da müəyyən etməyə başladıq. İndi yadımda qalanları açıqlayım:

"Sahil” metrosunun üstündəki binada 4 mənzil, "Yeni Həyat” yaşayış kompleksində 4 mənzil, Neft Akademiyasının əsas korpusu ilə üzbəüz 7-8 dükan, Bakıda 6-7 bağ evi, Yasamal rayon məhkəməsinin yeni binasının arxasındakı "Kolizey” və "Şəhrizad” restoranları, Dubayda elit yaşayış kompleksində yerləşən otelin bütövlükdə 3 mərtəbəsi, Dubayda bir böyük ticarət mərkəzi. Bundan başqa, Tağı Əhmədov Xarici İşlər Nazirliyində işləyən oğlu Ruslan Əhmədov vasitəsilə 17 milyon dollar pulu ofşor hesablarla ölkədən çıxarıb. Dubaydakı oteli və ticarət mərkəzini də bu pulla alıb. Moskvada metro çıxışında 5 milyona 120 kvadratmetrlik dükan alıb, arendaya verib. 

Tağı Əhmədovun bank hesablarında da külli miqdarda vəsait aşkarlandı. Təkcə "TexnikaBank”da 13 milyon dollar pulu olub, digər pulları isə "Bank of Baku” və "Unibank”dakı hesablarında idi. "Texnikabank” müflis olanda öz hesabından 9 milyon çıxarıb ofşora yatırmışdı. Qalan 4 milyonu da Ruslan Əhmədov müxtəlif qohumlarının adına 30-50 min miqdarında köçürmüşdü. Qohumları hesablardan pulu çıxarıb əlbəəl Ruslana vermişdilər, bunun kamera görüntüləri də var idi. Ümumilikdə Tağı Əhmədov və yaxınlarının hesablarında 21 milyon pul müəyyən edildi.

Biz məlumatları toplayıb rəhbərliyə təqdim etdik, bizə cavab verdilər ki, hələ gözləyin, məlumatları özününüzdə saxlayın, prokurorluq istəyəndə verərsiniz. Sonra mən prokurorluqdan yüksək vəzifəli şəxslə əlaqə saxladım və telefonda hansı məlumatlar olduğunu ona dedim. Həmin şəxs dedi ki, "bu, bombadı, partlaya bilər, qoy özündə qalsın”. Dedi sən onu bizə göndərsən biz gərək qeydiyyata salaq, onda da ortaya çıxacaq”.

Tağı Əhmədov mövqeyini niyə dəyişdi?

"Çovdarov işi” bitəndən və Akif Çovdarov 12 il müddətinə həbsxanaya göndəriləndən bir müddət sonra Tağı Əhmədov mövqeyində dəyişiklik etmişdi. Daha doğrusu, ümumiyyətlə bu mövzuda danışmaq istəmədiyini demişdi. Bəzi ehtimallara görə buna onun 3 milyon manatı hansı yollarla əldə etməsi barədə müzakirələr səbəb olmuşdu. Lakin başqa cür düşünənlər var idi. Onların qənaətincə, Tağı Əhmədov dərin uzantıları olan MTN rəhbrəliyinin hədəfinə gəlməkdən ehtiyat etmişdi. Düşünmüşdü ki, Akif Çovdarovun məhkəmədə səsləndirdiyi iddialar daha da dərinləşə bilər. 

Akif Çovdarovun vəkili Kamandar Nəsibov isə bu məsələ ilə bağlı daha maraqlı fikirlər səsləndirib. Vəkilin sözlərinə görə, Tağı Əhmədov məcburi şəkildə Akif Çovdarovun əleyhinə ifadə veribmiş. "O vaxt rəhbərlikdə müəyyən şəxslər var, hansılar ki, indi hakimiyyətdə deyillər, onlar Tağı Əhmədovu məcbur etmişdilər. Tağı Əhmədovun metrodakı fəaliyyəti ilə bağlı MTN-də araşdırma aparılmışdı. Bundan xəbər tutmuşdular və Moskvada olan Tağı Əhmədova demişdilər ki, istirahətini dayandır, təcili Moskvadan Bakıya qayıt. 

Biz özümüz bilirik ki, Tağı Əhmədova bunu kimlər deyib. O vaxt Tağı Əhmədovu Moskvadan hay-küylə gətizdirən kimlər olub. Tağı Əhmədovun metrodakı işi ilə bağlı araşdırma aparılanda ona çox yüksək vəzifəli şəxs zəng edib demişdi ki, gəzməyi qurtar, burada səninlə bağlı iş gedir, bütün zibillərin çıxıb ortaya. Elə həmin şəxslər də MTN məsələsi olanda Tağı Əhmədovu Akif Çovdarovun üzünə qoydular. Tağı Əhmədovun məhkəmə iclasında nə formada danışırdı, nə deyirdi, görsəydiz, absurd idi dedikləri”, - deyə Kamandar Nəsibov musavat.com-a bildirib.

Tağı Əhmədovu kim məcbur etmişdi?

Kamandar Nəsibovun bu iddiası müxtəlif mülahizələrə səbəb olub. Ehtimal olunur ki, Kamandar Nəsibov 2019-cu ildən başlayaraq vəzifədən çıxarılan məmurlardan birini nəzərdə tutur. Bu halda bütün diqqət Prezident Admnistrasiyasının keçmiş rəhbəri, hazırda Milli Elmlər Akademiyasının prezidenti postunu tutan, akademik Ramiz Mehdiyevə yönəlir. İstefaya göndərilən məmurlar arasında siyasi çəkisi ən yüksək olan məmur odur. O eyni zamanda hakimiyyətin siyasi strategiyasını müəyyənləşdirən və idarəetməyə ciddi təsir imkanları olan məmur kimi tanınırdı. Tağı Əhmədovu da Kamandar Nəsibovun təbirincə desək "üzə durmağa” o məcbur edə bilərdi. 

Digər tərəfdən, Ramiz Mehdiyevlə MTN rəhbərliyi arasında münasibətlərin o qədər də ürəkaçan olmadığı barədə mətbuat dəfələrlə yazıb. Hələ məşhur "mandat qalmaqalı”nda Ramiz Mehdiyevin adının önə çəkilməsi onunla MTN rəhbərliyi arasındakı soyuq münasibətin təzahürü kimi qiymətləndirilirdi. Sonralar bu qalmaqalın əsas fiqurantlarından olan keçmiş deputat Gülər Əhmədova MTN rəhbrəliyinin ona Ramiz Mehdiyevin əleyhinə danışmaq üçün təzyiqlər etdiyini açıqladı. Keçmiş müstəntiq Rüfət Səfərovun həbsxana qeydlərində MTN-nin Antiterror Mərkəzinin keçmiş rəisi Elçin Quliyevin tez-tez Ramiz Mehdiyev barəsində aşağılacı ifadələr işlətməsi də akademiklə keçmiş baş çekist arasında konfrantasiyanın olması barədə iddiaları əsassız olmadığını göstərir.

Bütün bunlar Tağı Əhmədovun "MTN işi”nə cəlb edilməsində Ramiz Mehdiyevin rolunun olduğu barədə ehtimalları gücləndirir. Lakin o da mümkündür ki, Akif Çovdarov siyasi konyukturaya uyğun olaraq Ramiz Mehdiyevi hədəfə gətirmək istəyir. 

"Yeni Sabah”