Akif Qurbanov: "Ayrılmış yerlər ATƏT-in standartlarına uyğun deyil"

Akif Qurbanov:

11-01-2020 16:31 / Bu xəbər 1748 dəfə oxundu

Demokratik Təşəbbüslər İnstututunun (İDİ) rəhbəri, seçki məsələləri üzrə ekspet Akif Qurbanov Mərkəzi Seçki Komissiyasının (MSK) namizədlərin təbliğat və təşviqatı üçün ayırdığı yerlərlə bağlı açıqlama yayıb.

O bildirib ki, MSK-nın bu qərarı "Sərbəst toplaşmaq azadlığı haqqında” Qanununa və ATƏT-in standartlarına uyğun deyil: "MSK "Sərbəst toplaşmaq azadlığı haqqında” Qanununa uyğun olaraq şəhər və rayonlarda 118 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı yer açıqlayıb. Ayrıca, Naxçıvan MR üzrə 7 seçki dairəsi ərazisində 8 açıq və 8 qapalı yer ayrılıb. Ölkə üzrə cəmi 272 yer... Bu həm ATƏT standartlarının tələbi baxımdan cox ciddi məhdudiyyətdir, həm də təkcə seçilmək istəyənin deyil, seçənin də hüququnun reallaşdırmasına, namizədlər və onların platformaları haqqında ətraflı məlumat almağa ciddi maneə yaradır. Çox aydın məsələdir ki, hakimiyyət real seçki kampaniyasının keçirilməsinə, seçici fəallığının yüksəlməsinə heç bir formada maraqlı deyil, əksinə, belə üsullarla mane olmağa çalışır. Ayrılmış yerlər təkcə say baxımdan deyil, yerlərin əlverişliliyi də problematikdir. Şəhər dairələri üçün say azlığı və əlverişli yerləşməməsilə yanaşı, regionlar üzrə problem daha qabarıq görünür".

"Gəlin, sadəcə, rəqəmlər üzrə mənzərəyə nəzər salaq:

1. İslahatları gücləndirdiyini deyən, infrastrukturun təkmilləşdirilməsini və regionların inkişaf etdiyini iddia edən hakimiyyət seçicilərlə görüş üşün cəmi 272 yer tapıb. Halbuki 2010-cu il parlament seçkilərində 2676 yer açıq və 2254 yer qapalı olmaqla cəmi 4930 yer ayrılmışdı.

2. Məcburi köçkünlərin yaşadığı seçki dairələri üzrə vəziyyət daha acınacaqlıdır. Ölkənin müxtəlif bölgələrində olan məcburi köçkün seçicilər namizədlərlə görüşmək üçün 100 kilometrlərlə yol getməlidirlər. Məsələn:

* 118 saylı Ağdam şəhər seçki dairəsindən olan seçicilər görüş üçün ancaq Bərdəyə getməlidirlər. 46 seçki məntəqəsindən isə cəmi 21-i Bərdə ərazisindədir. 25-i Bakı və Abşeronda yerləşir.
* 120 saylı Cəbrayıl - Qubadlı seçki dairəsi üzrə 73 seçki məntəqəsinin cəmi 11-i görüş yeri kimi nəzərdə tutulan Biləsuvardadır. 62 seçki məntəqəsinin seçiciləri ölkənin müxtəlif yerindən ora getməlidir.
* 121 saylı Laçın seçki dairəsi üzrə 102 seçki məntəqəsindən 18-i görüş yeri olan Ağcabədidədir. 84 seçki məntəqəsinin seçiciləri ölkənin müxtəlif yerindən ora getməlidir.
* 123 saylı Kəlbəcər seçki dairəsi üzrə 63 seçki məntəqəsindən cəmi 8-i Gəncədə yerləşir. 55 seçki məntəqəsinin seçiciləri ölkənin müxtəlif yerindən ora getməlidir.
* 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi üzrə olan 85 seçki məntəqəsindən cəmi 8-i Sabunçuda, 5-i Goranboyda, 7-si də Beyləqanda yerləşir. 65 seçki məntəqəsinin seçiciləri ölkənin müxtəlif yerindən görüş üçün ancaq o rayonlara getməlidir.
*125 Zəngilan-Qubadlı üzrə 54 seçki məntəqəsindən 18-i Sumqayıt, 4-ü Abşeronda yerləşir. 32 seçki məntəqəsinin seçiciləri ölkənin müxtəlif yerindən ya Sumqayıta, ya da Masazıra getməlidir.

3. Azsaylı istisnalar olmaqla qarışıq seçki dairələri üzrə də vəziyyət bərbaddır. Məsələn, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi üzrə Qazax və Ağstafadan olan seçicilər görüş üçün Tovuza getməlidirlər. Təsəvvür edin, ucqar və dağlıq rayonların kəndlərində yaşayan seçicilər öz namizədlərilə görüş üçün saatlarla vaxt itirib rayona getməlidirlər", - Akif Qurbanov deyib. 


Yanvarın 10-da Mərkəzi Seçki Komissiyası bu ilin fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısını açıqlayıb.

Bu barədə MSK-dan bildiriblər.

Məlumata görə, «Sərbəst toplaşmaq azadlığı haqqında» Qanuna uyğun olaraq şəhər və rayonlarda 118 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı yer müəyyən edilib.

Hazırda növbədənkənar parlament seçkilərində qeydiyyat mərhələsidir. Bu gün, yanvarın 10-u saat 18-də namizədlərin imza vərəqələrini dairə seçki komissiyalarına təqdim etmə müddəti başa çatacaq. Daha bir həftə qeydiyyat mərhələsi davam edəcək.

Təşviqat mərhələsi yanvarın 17-də başlanır.

Dekabrın 5-də Azərbaycan prezidenti növbədənkənar parlament seçkilərinin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam imzalayıb.

Müxalifət qüvvələrindən Demokratik Qüvvələrin Milli Şurası, Xalq Cəbhəsi və Haqq Ədalət Partiyaları seçkiləri boykot edir. Bu qurumlar seçkiləri boykot etmələrini ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün şəraitin olmaması ilə əsaslandırır.

Dövlət rəsmiləri və Mərkəzi Seçki Komissiyası isə azad və demokratik seçkilərin keçirilməsi üçün lazım olan bütün şəraitin yaradıldığını bəyan edir.